Logo
news content
User
Kateqoriyalar

Xəbər

Səttar Bəhlulzadənin "eBay"da satılan rəsmləri: Onlar orijinaldırmı və xaricə çıxarılmasında günahkar kimdir?

Böyük Azərbaycan rəssamı Səttar Bəhlulzadənin 650 rəsm əsəri eBay internet- mağazasında satışa çıxarılıb. Əsərlər satıcı tərəfindən Türkiyədə təqdim olunur, ümumi dəyəri 18 milyon dollar yarım bəyan edilib. Əlavə olunan mətndə qeyd edilir ki, bütün rəsm əsərlərinin Azərbaycan Dövlət İncəsənət Muzeyindən orijinallıq sertifikatı var.

Necə olub ki, Azərbaycan xalqının milli sərvəti olan bu qədər əsər xaricə aparılıb və naməlum alıcının əlində yoxa çıxa bilər?

Azərbaycan Dövlət İncəsənət Muzeyində bədii əsərlərə müəlliflik şəhadətnaməsi verən komissiya fəaliyyət göstərir. Bu şəhadətnamə  eyni zamanda əsərin xaricə aparılmasını qadağan edir. Bu komissiya rəsmlərin Azərbaycan sərhədindən daşınmasına icazə verə bilər, - oxuculara adının açıqlanmasını istəməyən tanınmış rəssam Turan-a bildirib.

İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev və onun müavini Xədicə Əsədova Turan ilə söhbət etməkdən imtina etdilər.

Həmin rəssamın sözlərinə görə, sərgilənən rəsm əsərlərinin həqiqiliyinə şübhə ilə yanaşır, çünki Azərbaycanda Səttar Bəhlulzadəyə aid edilən bir çox əsərlər şəxsi əllərdə saxlanılır və ofislərin salonlarında nümayiş etdirilir. Rəssamın məlum sayda əsəri dövlət anbarlarında saxlanılır. İndi 650 başqa rəsm ortaya çıxdı ki, bu da tanınmış rəssamların saxta əsərlərinin istehsalı ilə məşğul olan saxtakarların əməyini göstərir.

Mənbə deyib ki, tanınmış azərbaycanlı ustalar Kamal Əhməd, Mirnadir Zeynalov, Gennadi Brijatyuk və vəfat etmiş  rəssamlara aid edilən saxta rəsmlərin olduğunu bilir.

“S.Bəhlulzadənin bu qədər rəsm əsəri ola bilməz. Haradasa nəhəng dəzgah işləyir, tanınmış rəssamların adına çıxılan saxta əsərləri satışa çıxarır. İnternetdə satışa çıxarılan “S.Bəhlulzadənin rəsmləri”nin fotoşəkillərinə baxdım. Bəzilərini ətraflı görmək üçün ekranda böyütmək olmur. Baxmaq imkanı olmadan əsəri necə satmaq olar?” –  rəssam təəccüblənib.

O, Bəhlulzadənin əsərlərinin satışında adı hallanan keçmiş mədəniyyət naziri Polad Bülbüloğlunun bu işdə iştirakını inkar edir. Mənbə deyir ki, 1993-cü ildə mədəniyyət naziri P.Bülbüloğlunun dövründə Dövlət İncəsənət Muzeyindən 274 rəsm əsərinin oğurlanması Bəhlulzadənin 650 əsərinin Türkiyədə ortaya çıxması ilə əlaqəli olmaya bilər, çünki P.Bülbüloğlu 2006-cı ildən mədəniyyət naziri deyil.

Rəssam-sənətşünas, Səttar Bəhlulzadə yaradıcılığının tədqiqatçısı Ziyadxan Əliyev Turan ilə söhbətində saxta və ya real rəsmlərin surətlərinin satışa çıxarıldığını istisna etməyib.

“1974-cü ildə Səttar Bəhlulzadənin vəfatından sonra çoxlu sayda çizgi, yarımçıq rəsm, eskiz şəxsi əllərdə, rəssamın qohumlarının evlərində qalıb. Satılan əsərlərin 95%-ə qədərinin onun məşhur əsərlərinə aidiyyatı yoxdur. Bu əsərləri bizim soydaşlarımız və əcnəbilər alıb ölkədən çıxara bilərdi. Mənə məlumdur ki, rəsmlərin çoxunu türk diplomat Turqut Ər aparıb, sonra o, rəsmləri Türkiyədən azərbaycanlılara satmağa çalışıb, amma alıcı olmayıb (Bakıda çalışan digər dövlətlərin diplomatları da azərbaycanlı rəssamların əsərlərini xaricə daşıyıblar - Turan). 650 rəsm əsərinin bir satıcının əlində cəmləşməsi narahatlıq doğurur. Onu da deyə bilərəm ki, onun satdığı əsərlərin bəziləri Bəhlulzadənin orijinal əsərlərinə bənzəmir”, - Z.Əliyev deyib və eBay-da satışa çıxarılan “Füzuli” tablosunun və adı açıqlanmayan natürmortu qeyd edib.

Rəsmlərin qanunsuz daşınmasında günahkar olanlara gəlincə, o hesab edir ki,  adları istintaq orqanları açıqlaya bilər, şəhadətnamələrin olması isə rəsmlərin gizli daşınmasının mümkünsüzlüyünə zəmanət vermir, belə ki, qrafik eskizlər və çizgiləri diplomat- çamadana qoyub onlarla birlikdə təyyarəyə minmək olar. Z.Əliyevin sözlərinə görə, rəsmlərin sərhəddən keçirilməsinin təşkil edə bilən peşəkar maklerlər var.

“Azərbaycanda hər şeyi alıb aparmaq olar, bu, hamının gözü qarşısında baş verir, ona görə də cinayətkarların baqajını yoxlamayan sərhədçilərin günahını inkar etmək olmaz”, – adının çəkilməsini istəməyən rəssam deyib.

Z.Əliyev deyir ki, azərbaycanlı rəssamların çoxlsaylı əsərinin saxlanması və xaricdə satılması problemi var. İran və Türkiyədə mədəniyyət əsərlərinin xilası üçün ictimai fondlar fəaliyyət göstərir. Onlar müxtəlif ölkələrdə sənət əsərlərini əldə edib öz dövlətlərinə qaytarırlar.  Bakıda analoji dövlət qurumu var, lakin oğurlanmış əsərlərin hamısının əldə edilməsi üçün vəsaitləri yoxdur. Bununla fərdi-mesenantlar məşğul olmalıdır, - sənətşünas Ziyadxan Əliyev təklif edib.