Serbiya Prezidenti: "Azərbaycanlı qardaşlarımızdan pis xəbər almışam"
12 Yanvar 2025
Azərbaycan Şahdəniz yatağında yaranmış problemlər səbəbindən Serbiyaya gündəlik 1,7 milyon kubmetr qaz tədarükünü dayandırmağa məcbur olduğunu bildirib. Bu barədə Balkan respublikasının prezidenti Aleksandar Vuçiç məlumat verib.
“Pis xəbər heç vaxt tək gəlmir, ikinci peyda olur, sonra üçüncü gəlir. Azərbaycanlı qardaşlarımız və dostlarımız tərəfindən bizə bildiriş göndərilib ki, Şahdəniz yatağında qarşısıalınmaz çətinliklər və problemlər səbəbindən bu gündən etibarən gündəlik 1,7 milyon kubmetr qaz ala bilməyəcəyik.
Qaz tədarükünün bərpası üçün nə qədər vaxt lazım olacağına dair heç əminlik və aydınlıq yoxdur. Hörmətli xalqım, mən bunu sizin üçün serb dilinə tərcümə edim. Bu o deməkdir ki, biz bu gündən etibarən öz ehtiyatlarımızdan daha çox və daha intensiv şəkildə istifadə etməyə başlayırıq," - deyə Vuçiç mətbuat konfransında qeyd edib.
Dövlət başçısı ölkədə cari qış mövsümü üçün kifayət qədər enerji resurslarının olduğunu vurğulayıb, lakin Azərbaycandan tədarükün tezliklə bərpa olunacağına ümid etdiyini bildirib. "Bizim, üçüncü bir bəla baş verməyənə qədər, kifayət qədər qazımız var. Amma nə baş verə biləcəyini bilmirəm.
Ümid edirəm ki, azərbaycanlılar bunu bir-iki ay ərzində həll edəcəklər. Əgər bu mümkün olmasa, qarşıdakı dörd ay ərzində gündə 2-2,5-3 milyon kubmetr əlavə etməli olacağıq. Qışda qaz istehlakımız daha çoxdur, bu isə bütün ehtiyatlarımızı xərcləmək deməkdir. Lakin qaz və neft çatışmazlığı olmayacaq," - deyə prezident əmin edib.
Vuçiç 2024-cü ilin dekabr ayının sonunda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla keçirdiyi danışıqların nəticələrinə əsaslanaraq, Niş yaxınlığında qaz elektrik stansiyasının birgə tikintisi planının əhəmiyyətini vurğulayıb. Bu stansiya əlavə elektrik enerjisi mənbəyi olacaq. Xarici işlər naziri Marko Curiçin qiymətləndirməsinə görə, Bakı sayəsində Serbiyanın enerji təhlükəsizliyi "bu çətin dövrlərdə" əhəmiyyətli dərəcədə möhkəmlənib.