Logo
news content
User
Kateqoriyalar

Xəbər

Səfərbərlik Xidmətindən 93 nəfərin işi prokurorluğa göndərilib

2025-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) 172 əməkdaşı barəsində intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb.

Bu barədə Dövlət Xidmətinin yanvarın 6-da ötən ilin yekunlarına dair yayılan məlumatında bildirilir.

Onlardan 65-i rəhbər heyətə daxil olub.

ŞHXÇDX vurğulayır ki, o cümlədən doqquz əməkdaş mənfi əsaslarla ehtiyata buraxılıb və ya əmək müqaviləsinə xitam verilib.

"Ümumilikdə ötən il 44 fakt üzrə 93 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib", - məlumatda əlavə edilir.

Qanunvericilikdə dəyişiklik

2023-cü ilin sonundan Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yararlı olması barədə qərar verilməsi qaydası dəyişib. Bununla bağlı "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanuna dəyişiklik edilib.

Prezident "Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" üç il əvvəl oktyabrın 6-da fərman imzalamışdı. Qanunvericilik fərmana uyğunlaşdırıldı. Fərmana əsasən, 2024-cü il iyulun 1-dən həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı yekun tibbi müayinəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Əvvəlki qanunvericilikdə xidmətə yararlı olub-olmamaq məsələsində əsas söz sahibi SHXÇX nəzdində tibbi komissiyalar sayılırdı. Hələlik Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə bu məsələlərlə bağlı hər hansı hesabat vermir.

Şikayətlər qalır

Üstəlik, həqiqi hərbi xidmətə çağırışla bağlı vətəndaşlardan eşidilən şikayətlər heç də tam aradan qalxmayıb. Şikayətlərdə xidmətə yararsız gənclərin süründürməçiliklə üzləşdikləri, bəzi hallarda isə xidmət yerinin seçilməsində "tapşırma"ların rol oynaması və başqa iddialar yer alır. Konkret şikayətlərə cavabdeh rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.