Logo
news content
User
Kateqoriyalar

Xəbər

Saxta diplomlu həkimlərlə bağlı xüsusi işçi qrup yaradılıb

Son zamanlar Azərbaycanda plastik əməliyyatları həyata keçirən bəzi həkimlərin buna səlahiyyətlərinin olmaması ilə bağlı məsələlər geniş müzakirə olunur. Ayrı-ayrı məlumatlara görə, bu sahədə bir sıra həkimlərin heç müvafiq diplomu belə yoxdur. Həmin məlumatlarda iddia edilir ki, saxta həkim diplomları ilə fəaliyyət göstərən bəzi şəxslər müxtəlif klinikalarda çalışır.

Əvvəlki illərdə də ölkədə saxta həkim diplomlarının aşkar olunması ilə bağlı açıqlamalar olub. Səhiyyə Nazirliyinin məlumatına görə, 2015-cı ildə Azərbaycanda 38, 2018-ci ildə 19, 2021-ci ildə isə 32 saxta diplom aşkarlanıb.

Nazirlikdən "Turan"a bildirilib ki, bu məsələ ilə bağlı məlumatlar onlara da daxil olur və müraciətləri araşdırmaq məqsədilə səhiyyə nazirinin əmri əsasında xüsusi işçi qrup yaradılıb: "Araşdırmalarla heç bir tibbi təhsili olmayan insanların sosial media vasitəsilə vətəndaşlara yanlış məlumat verərək müalicəyə cəlb etdikləri müəyyən olunub".

Vurğulanıb ki, aşkarlanan cinayət tərkibli əməllərlə bağlı toplanmış ilkin materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) isə deyilib ki, qurumun tabeliyində olan müalicə müəssisələrinə işə qəbul daxili qaydalar və qanunvericiliyin tələbi əsasında həyata keçirilir: "Həkimlərin ixtisas seçimi, sertifikasiya nəticələri mütləq şəkildə nəzərə alınır".

Həkim Aydın Əliyev də mövzu ilə bağlı AzadlıqRadiosuna bildirib ki, belə hallar var: "Təəssüf ki, biz bu adamların həyata keçirdiyi plastik əməliyyatların nəticəsində pasiyentlərdə ağırlaşmaları, dəri defektləri müşahidə edirik".

Ekspertin sözlərinə görə, plastik-estetik cərrahiyyə maddi məsrəfləri çox olan bir prosedurdur: "Onu həyata keçirən həkimlərin gəlirləri digər ixtisas həkimlərindən daha çoxdur. Tamahı çox olan "həkimlər" müxtəlif yollarla, kurs keçməklə özlərini estetik cərrah elan edirlər. Təbii ki, onlar qeyri-peşəkar olduqlarına görə onların gördüyü iş də çox fəsadlı olur".

O xatırladır ki, 2011-ci ildən bütün həkimlər mütləq rezidenturadan keçməlidir: "Əgər adam estetik cərrah olmaq istəyirsə, onun bununla bağlı rezidentura diplomu olmalıdır. O diplomu saxta yollarla almaq mümkün deyil, çünki orada qəbul tarixi, keçdiyi imtahanlar və digər məlumatlar əks olunur. Adam xaricdə təhsil alıbsa, ora sorğu göndərilir. Yəni, qanunla bu məsələ həll olunur və qanun icra olunursa, problem olmamalıdır. Ancaq bu qanun nə dərəcədə icra olunur, bu, artıq sual altındadır".

Bu məsələdə zərər çəkdikləri bildirilən bəzi şəxslərə də üz tutduq. Lakin onlar açıq danışmaq istəmədilər.