Logo
news content
User
Kateqoriyalar

Xəbər

Şarl Mişel Əliyev və Paşinyanla müzakirə olunan mövzuları açıqlayır

"Kişinyovda Azərbaycan prezidenti və Ermənistan baş naziri ilə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması haqqında müzakirələrin davam etdirilməsini səbrsizliklə gözləyirəm". Bu barədə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel bu görüş ərəfəsində öz Tvitter hesabında yazıb.

"Suverenliyə və ərazi bütövlüyünə hörmət qarşılıqlı olaraq təsdiq edilməlidir, həmçinin sərhəd rayonlarında riskləri azaltmaq üçün sərhədlərin delimitasiyası işində irəliləyiş əldə olunmalıdır.

Bakı və keçmiş DQMV-də yaşayan ermənilər arasında onların hüquqları və təhlükəsizliyi haqqında dialoq hazırda həlledici əhəmiyyətə malikdir. Maksimalist mövqelərdən uzaq durmaq və dialoq qurmağa çalışmaq vacibdir. 30 ildən çoxdur davam edən münaqişədən sonra yaralar dərhal sağalmır. Cəsarətli qərarlara ehtiyac var", deyə Mişel yazıb.

Beləliklə, o, faktiki olaraq danışıqların mövzusunu açıqlayıb - Qarabağ ermənilərinin hüquqları və Bakının güc yolu ilə həldən imtina etməsi.

Öz növbəsində, Avropa Xarici İşlər Xidmətinin bəyanatı da yayıılıb. "Son bir ay ərzində Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi fəallaşıb, Avropa İttifaqı bunu alqışlayır. Bu tarixi dinamikanı qoruyub saxlamaq və sülh prosesini təhlükə altına qoya biləcək addımlardan, o cümlədən düşmənçilik ritorikasından uzaq durmaq lazımdır".

Mayın əvvəllərində ABŞ-da sülh müqaviləsi ilə bağlı danışıqlardan sonra mayın 14-də Brüsseldə Əliyevin Paşinyanla görüşü keçirilib, iyunun 1-nə isə Kişinyovda onların daha bir görüşü planlaşdırılıb.

"Onlar Brüsseldə diqqəti bir neçə əsas mövzu üzərində cəmləşdiriblər: sərhəd məsələləri, kommunikasiyalar, humanitar məsələlər, habelə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisində yaşayan ermənilərin hüquq və təhlükəsizlikləri.

Həmin vaxtdan etibarən liderlər 1991-ci il Almatı Bəyannaməsinə və Ermənistanın (29.800 km2) və Azərbaycanın (86.600 km2) müvafiq ərazi bütövlüyünə qeyd-şərtsiz sədaqətlərini təsdiq ediblər.

Ermənistan baş naziri Nikol Paşinyanın bu məsələ ilə bağlı 22 may tarixli cürətli bəyanatını və Ermənistanın ikitərəfli sərhədin delimitasiyası üzərində işləməyə açıq-aşkar hazır olmasını alqışlayırıq. Biz həmçinin Azərbaycan prezidenti İlham Əliyevin 25 may tarixli bəyanatını alqışlayırıq.

Bu həssas məsələlər üzərində iş davam etdiyinə görə etimadın möhkəmləndirilməsi üçün addımlar atmaq, vicdanla hərəkət etmək və hərtərəfli normallaşmaya aid bütün məsələlərdə həllə nail olmaq üçün liderlik nümayiş etdirmək lazımdır. Münaqişənin mürəkkəb tarixinə və keçmiş narazılıqlara baxmayaraq, bütün məsələləri müstəsna olaraq sülh yolu ilə, dialoq yolu ilə həll etmək lazımdır", deyə bəyanatda bildirilir.