Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyanın təcavüzü niyə soyqırımı kimi araşdırılmalıdır?

CNN kanalının internet səhifəsində “ABŞ niyə Rusiyanın Ukraynaya təcavüzünü məhz soyqırımı kimi araşdırmalıdır?” başlıqlı məqalə dərc olunub. Məqalənin müəllifi ABŞ-ın Arizona Dövlət Universitetinin professoru Daniel Rotenberqdir.

Məqalədə öncə xatırladılır ki, Ukrayna prezidenti Vladimir Zelenski Buça şəhərində Rusiyanın törətdiyi kütləvi qırğını soyqırımı adlandırıb: “Aprelin 12-də ABŞ prezidenti Cozef Bayden ukraynalı həmkarının sözünə qüvvət verərək Rusiyanın Ukraynadakı əməllərini soyqırımı kimi qiymətləndirib. Baydenin fikrincə, Rusiya prezidenti Vladimir Putin ümimiyyətlə ukraynalı məfhumunu yer üzündən silmək istəyir.

Ayova ştatındakı çıxışı zamanı bunları deyəndən sonra Bayden mediaya açıqlamasında bir daha Ukraynadan söz açıb, Rusiyanın bu ölkədə soyqırımı törətdiyinə dair faktların getdikcə artdığını vurğulayıb.

Bayden administrasiyası əvvəllər Ukraynada soyqırımı törədilməsi fikirlərinə ehtiyatla yanaşırdı. Bu, doğru siyasətdir. Çünki soyqırımı mürəkkəb hüquqi anlayışdır, ekspertlər bu termini hər hadisəyə aid etməyə çətinlik çəkirlər”.

Professor Daniel Rotenberq qeyd edir ki, soyqırımı çox vaxt “cinayətlər cinayəti” adlandırılır: “BMT-nin xüsusi məruzəçisi bu əməli insan hüquqları sahəsində mümkün pozuntuların ən ağırı kimi qiymətləndirib. Beynəlxalq hüquqda soyqırımı çox ağır cinayət, barbarlıq sayılır.

BMT-nin 1948-ci il müqaviləsində soyqırımı – milli, etnik, irqi və ya dini qrupu tamamilə və ya qismən məhv etmək niyyəti ilə törədilmiş cinayət kimi xarakterizə olunur.

Bir hadisənin soyqırımı sayılması üçün çoxlu qurbanın olması mütləq deyil. Soyqırımı təkcə cinayətin amansızlıq dərəcəsi ilə yox, həm də bütöv bir qrupu məhv etmək niyyəti ilə müəyyən edilir.

Ukraynadakı müharibəyə soyqırımı prizmasından baxılması Rusiyanın törətdiyi amansız əməllərin məqsədini, əsas qanunauyğunluqlarını daha yaxşı başa düşməyə kömək edə bilər. Eyni zamanda bu, günahkarların məsuliyyətə cəlb olunması işində Ukraynaya yardımçı ola bilər.

Rusiya prezidenti Vladimir Putinin Ukraynaya təcavüzə bəraət qazandırmaq üçün gətirdiyi bəhanələrdən biri belədir ki, Ukrayna dövləti xalqın öz müqəddəratını təyinetmə hüququ əsasında formalaşmış legitim bir dövlət deyil.

Fevralın 21-dəki çıxışı zamanı Putin iddia edib ki, Ukraynanın cənub-qərb torpaqları tarixən Rusiyaya məxsus olub və həmin ərazilərdə yaşayan insanlar həmişə özlərini rus və pravoslav xristian sayıblar. Putin daha sonra Ukraynanın suverenliyini dəstəkləyənləri terrorçu, neonasist kimi qələmə verib, müasir Ukraynanı qurama dövlət adlandırıb.

Bu ritorikanı və Rusiya ordusunun Ukraynada mülki şəxslərə hücum çəkməsini nəzərə alsaq, Kremlin həyata keçirdiyi hərbi əməliyyatları soyqırımı aktı saymaq olar. Rusiyanın törətdiyi vəhşiliklər Ukrayna xalqının mövcudluğunun bilərəkdən inkar olunmasının təzahürüdürsə, bunu sübuta yetirən kifayət qədər dəlil varsa, onda Ukraynada baş verənlərin soyqırımı adlandırılmasına tam əsas yaranır”.

Professor Daniel Rotenberqin fikrincə, Vaşinqton məsələni dərindən araşdırmalıdır: “ABŞ və onun müttəfiqlərinin Ukraynaya edə biləcəyi ən mühüm yardımlardan biri Rusiyanın hərbi əməliyyatları barədə toplanan kəşfiyyat məlumatlarını bölüşməkdir. Çünki həmin məlumatlar Rusiyanın gizli niyyətlərini üzə çıxara bilər. Məsələn, bu yaxınlarda Almaniya kəşfiyyatı elan edib ki, Rusiya hərbçilərinin Ukraynanın mülki vətəndaşlarına məqsədli şəkildə hücum etdiyini, mülki əhalini bilərəkdən qətlə yetirdiyini sübuta yetirən telefon danışıqlarını ələ keçirib”.

2014-cü ildə Ukraynanın Krım yarımadasını tam, Donbas bölgəsini qismən işğal edən Rusiya 2022-ci il fevralın 21-də bu ölkəyə qarşı yeni təcavüzə başlayıb, fevralın 24-dən isə orada total hərbi əməliyyatlar aparır. Ölkənin hərbi və mülki obyektlərinə, o cümlədən yaşayış evlərinə, xəstəxanalara, qadınların, uşaqların sığındığı binalara zərbələr endirilir, təxliyə olunmaq istəyən dinc sakinlər atəşə tutulur, şəhərlər bombalanır.

Mart ayında rus qoşunları Ukrayna xalqının və ordusunun müqaviməti qarşısında bəzi məntəqələrdən, o cümlədən paytaxt Kiyev ətrafından geri çəkiləndən sonra azad edilmiş yaşayış yerlərində, xüsusilə Buça şəhərində dinc ukraynalıların kütləvi surətdə qətlə yetirildiyi bəlli olub, kütləvi məzarlıqlar aşkar edilib. (Novator)