Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyanın embarqosuna Avropadan cavab: Aİ Ermənistan üçün bazarlarını açır

Avropa İttifaqı (Aİ) iyunun 2-də Ermənistan hökumətinə Rusiyanın artan iqtisadi təzyiqi ilə bağlı daha çox yardım vəd edib. Yerevanın Aİ-yə üzvlük istəyinə cavab olaraq, xüsusilə iyunun 7-də keçiriləcək parlament seçkiləri ərəfəsində Moskva təzyiqləri gücləndirib və Ermənistandan idxalı əsasən qadağan edib.

Bu vəziyyətdə Aİ-nin genişlənmə üzrə komissarı Marta Kos Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla danışıb. Ermənistan Xarici İşlər Nazirliyinin məlumatına görə, tərəflər Aİ-Ermənistan ticarətini artırmaq üçün xüsusi mexanizmləri də müzakirə ediblər. Kos Rusiyanın artan iqtisadi təzyiqi qarşısında Aİ-nin Ermənistanla həmrəyliyini bir daha vurğulayıb.

Komissar sosial şəbəkə X-də yazıb: "Biz qısa müddətdə Aİ-nin Ermənistana dəstəyini artırmağın yollarını axtarırıq. Həmçinin Cənubi Qafqazla və region daxilində ticarət, eləcə də enerji əlaqələrini gücləndirmək, Ermənistanın yaxın qonşuluğu ilə iqtisadi əlaqələrini dəstəkləmək üçün işimizi sürətləndirəcəyik".

Azadlıq Radiosunun erməni xidmətinin xatırlatdığına görə, Aİ-nin iki yüksək vəzifəli rəsmisi – Antoniu Koşta və Ursula fon der Lyayen mayın 5-də Yerevanda keçirilən Avropa Siyasi Birliyi sammitindən bir gün sonra baş nazir Nikol Paşinyanla görüşdə Ermənistana əlavə iqtisadi yardım vəd etməmişdilər. Moskva bu toplantılara qəzəblə reaksiya verərək Paşinyan hökumətini Rusiya əleyhinə Aİ-nin tərəfini tutmaqda ittiham etmişdi.

Rusiyanın qadağaları

Rusiya prezidenti Vladimir Putin mayın 9-da bildirib ki, Yerevan mümkün qədər tez seçim etməlidir: ya Aİ üzvlüyünə doğru irəliləməli, ya da Moskvanın rəhbərlik etdiyi Avrasiya İqtisadi İttifaqında (Aİİ) qalmalıdır. Sonuncu blok Ermənistan ixracatçılarının Rusiya bazarına gömrük rüsumları olmadan çıxışını təmin edir. Bu bəyanatdan təxminən iki həftə sonra Rusiya hakimiyyəti Ermənistandan kənd təsərrüfatı məhsullarının, mineral suların və spirtli içkilərin idxalını qadağan etməyə başlayıb.

Ötən il Ermənistanın xarici ticarət dövriyyəsində Rusiyanın payı 35.8 faiz, Aİ-nin payı isə 11.7 faiz təşkil edib. Rusiyanın embarqosu bir çox erməni fermerlərinə, aqrobiznes firmalarına və spirtli içki istehsalçılarına xüsusilə ağır zərbə vura bilər.

Baş nazir N.Paşinyan iyunun 2-də keçirilən seçki mitinqində istehsalçıları sakitləşdirməyə çalışıb. O, hökumətin artıq Avropada onlar üçün yeni ixrac bazarları tapdığını bildirsə də, detallar barədə danışmayıb.

Seçkilərdə iştirak edən üç əsas müxalifət qrupundan birinin lideri, keçmiş prezident Robert Koçaryan Paşinyanın vədlərini rədd edib: "Avropalı fermerlər heç kimi öz bazarlarına buraxmırlar. Rusiya isə Ermənistanın Avropa İttifaqına gedən yolunu maliyyələşdirməyə hazır olmadığını nümayiş etdirir".

Aİ-dən Yerevana güzəştli ticarət şərtləri gözlənilir

AzadlıqRadiosu Brüsseldəki mənbələrinə istinadən xəbər verir ki, Avropa Komissiyasının prezidenti fon der Lyayen Paşinyan bu gün – iyunun 3-də Aİ-nin Ermənistana dəstəyini müzakirə etmək üçün telefonla danışacaqlar. Məlumata görə, Aİ Yerevana maliyyə yardımı göstərməyə hazırlaşır, lakin onun dəqiq məbləği hələ müəyyən edilməyib.

Eyni mənbələrin bildirdiyinə görə, maliyyə yardımından əlavə, Brüssel Ermənistan üçün ticarət sektorunda güzəştli şərtlər yaratmaq niyyətindədir. Söhbət Muxtar Ticarət Tədbirlərindən (MTT) gedir. Bu rejim Ermənistandan bəzi məhsulların Avropa bazarına gömrük rüsumları və kvotalar olmadan daxil olmasını nəzərdə tutur.

Belə bir rejim Rusiyanın genişmiqyaslı işğalından aylar sonra, 2022-ci ilin iyununda Ukraynaya münasibətdə tətbiq edilib. Moldova isə 2008-ci ildən Muxtar Ticarət Tədbirlərindən istifadə edir. 2014-cü ildə Rusiya Moldova şərablarının, meyvələrinin və ət məhsullarının idxalını qadağan edəndə Aİ bu imtiyazları daha da genişləndirmişdi.

Ermənistan hökuməti illər əvvəl Brüssel ilə bu güzəştli rejimlə bağlı danışıqlara başlayıb. Ölkənin iqtisadiyyat naziri Gevorq Papoyan 2024-cü ildə bildirmişdi ki, "müzakirələr asan getmir". İndi isə Avropa Komissiyasının bu istiqamətdə konkret addım atmağı planlaşdırdığı bildirilir.

“Azatutyun” qeyd edir ki, Muxtar Ticarət Tədbirlərinin tətbiqi təsdiqlənərsə, Avropa standartlarına cavab verən erməni məhsulları 450 milyon istehlakçısı olan Aİ bazarına birbaşa daxil ola biləcək.