Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyanı bir ildə azı 1000 jurnalist tərk edib

Son bir ildə, yəni Ukrayna ilə müharibəyə başlayandan bəri Rusiyanı ən azı 1000 nəfər jurnalist tərk edib.

Rusiyalı ekspertlərdən ibarət “Şəbəkə azadlıqları” hüquqi yardım qrupunun yaydığı hesabatda belə deyilir.

Bildirilir ki, bəzi dövlətlər, əsasən də Avropa ölkələri Rusiyanı tərk etmiş media nümayəndələrinə sığınacaq verib, onlara jurnalist fəaliyyətini davam etdirmələri üçün müəyyən qədər yardım göstərib. Hesabatda Qərb ölkələrinin bu addımı Rusiyanın xüsusilə 2022-ci ilin fevralında Ukraynaya hücuma keçəndən sonra müstəqil medianın fəaliyyətini məhdudlaşdırmasına cavab kimi qiymətləndirilir.

Qeyd olunur ki, son bir ildə 30-dan çox jurnalist kollektivi və neçə-neçə peşəkar bloqçu Rusiyanı tərk edərək Çexiya, Niderland, Litva, Latviya və Gürcüstana üz tutub.

Ukrayna müharibəsi dövründə vətənindən didərgin düşən rusiyalı jurnalistlər xaricdə ən azı 12 media layihəsi yaradıb. Həmin layihələr əsasən “Yotube” və ”Teleqram” kanalları vasitəsilə icra olunur.

“Şəbəkə azadlıqları” qrupunun hüquqşünasları Dəmir Qaynutdinov və Stanislav Seleznyov sürgündə olan jurnalistlərin maliyyə çətinlikləri ilə üzləşdiyini də vurğulayıblar. Onların sözlərinə görə, Rusiyadan mühacirət etmiş jurnalistlərin internet vasitəsilə pul qazanmaq imkanları məhdudlaşıb, tanınmış bloqçuların gəliri 90 faizədək azalıb.

Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını tutaraq Krım Respublikası və Sevastopol şəhəri adları ilə özünə birləşdirib, Donetsk və Luqansk vilayətlərinin bir hissəsində işğalçı rejimlər qurub.

2022-ci il fevralın 21-də Rusiya Donetsk və Luqansk rejimlərini “müstəqil dövlətlər” kimi tanıyıb, fevralın 24-dən Ukraynada total hərbi əməliyyatlar apararaq ölkənin cənub-şərq bölgəsini ələ keçirib.

Sentyabrın 29-da Rusiya Zaporojye və Xerson vilayətlərini “suveren və müstəqil” subyektlər kimi tanıyıb, oktyabrın 5-də həmin bölgələri, eləcə də Donetsk və Luqansk vilayətlərini özünə birləşdirdiyini açıqlayıb. (Novator)