Rusiyanın Ukraynaya tammiqyaslı hərbi müdaxiləsi başlanandan bəri bir çox rusiyalı biznesmen və başqa məşhurlar Qırğızıstan pasportu alıblar.
Bu barədə məlumatı Qırğızıstan prezidenti Sadır Japarovun ötən il imzaladığı fərmana istinadla The Moscow Times qəzeti yazıb.
Transparency International beynəlxalq antikorrupsiya təşkilatının Rusiyadakı nümayəndələri hesab edirlər ki, rusiyalıların Qırğızıstan pasportu alması prosesində korrupsiya tərkibi var.
The Moscow Times yazır:
"Moskva sakinləri Qırğızıstan pasportları almağa cumublar. Qırğızıstan prezidentinin vətəndaşlığa qəbulla bağlı son fərmanında onlarca rusiyalının adları yer alır. Bunların yarısı Moskva sakinləridir, digər yarısı isə Rusiyanın başqa regionlarını təmsil edir”.
Sözü gedən fərmandakı bəzi adlar və doğum məlumatları məsələn, Tverin keçmiş qubernatoru Dmitri Zeleninin, Rusiya hökumətinin ali məktəblərdəki səlahiyyətli nümayəndəsi Mixail Barşevskinin qızı Nataliya Barşevskayanın, habelə Bitzlato kriptobirjasının sahibi Anton Şkurenkonun, “Aromatnı mir” firmasının sahibəsi Valeriya Zadorina və oğulları Aleksandr və Mixailin pasport göstəriciləri ilə uyğun gəlir.
“Başqa yolu yoxdur”
AzadlıqRadiosunun Qırğız xidməti – Azattık redaksiyasının əməkdaşları Moskvadan olan maliyyəçi Mixail Juxovitskinin yazdığı posta diqqət yetiriblər.
O 22 noyabr 2022-ci il tarixində özünün Facebook səhifəsində yazırdı ki, dostlarına köməklik göstərib və “indi onların ikinci pasportları olacaq”.
O bir neçə gün bundan əvvəl Qırğızıstan pasportu almağın üstünlükləri barədə yazmışdı:
“Ssenari eynidir. Mərkəzi Asiyanın keçid pasportu. Daha sonra bunun üstünə ada pasportu və Aİ-yə vizasız gediş. Ya da Türkiyəyə. Sizin bu proqram bağlanana qədər bir neçə ayınız var. Vəssalam. Başqa yolu yoxdur”.
FTB maraqlanıb
Martın 27-da Baza teleqram kanalı diqqət yetirib ki, ötən il Qırğızıstan pasportu alanların arasında – “Naşi” gənclər hərəkatının keçmiş komissarı Mariya Drokovanın (Buşer) da adı var.
Sözü gedən prezident fərmanında onun da adı qeyd olunub.
O hazırda ABŞ-da yaşayır və hətta özü üçün investisiya fondu açıb.
2022-ci ilin dekabrında The Washington Post yazırdı ki, Drokovanın işi ilə FTB maraqlanır.
İddia olunurdu ki, onun fondu sanksiya altında olan Rusiya milyarderləri ilə bağlı ola bilər.
Drokova bu iddiaları inkar edirdi.