Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyada Şahin Şıxlinski və Səfərovlara hökm oxunub - FOTO

Yekaterinburqun Kirovski Rayon Məhkəməsində sifarişli qətl və sui-qəsddə təqsirləndirilən Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski və Səfərov qardaşlarıma hökm oxunub.

Proses iştirakçılarının sayının çox olması səbəbindən hökmün oxunması Sverdlovsk vilayət məhkəmənin binasında keçirilib.

Təqsirləndirilən şəxslərin xahişi ilə cinayət işinə məhkəmənin andlılar kollegiyası tərəfindən baxılıb. Andlılar kollegiyası təqsirləndirilən şəxsləri 2001-ci ildə Yekaterinburqun Kirovski rayonundakı Metallon kafesinin yaxınlığında baş verən Yunis Paşayevin qətlində, eləcə də Fehruz Şirinova sui-qəsd cəhdində günahkar bilib.
Məhkəmə andlılar kollegiyasının çıxardığı verdiktə əsasən təqsirləndirilən şəxsləri ittiham olunan cinayətlərdə təqsirli bilib və onlara hökm çıxarıb. Hökmə əsasən, Şahin Şıxlinski 22, Akif Səfərov 21, Ayaz Səfərov 20, Kamal Səfərov 14, Məzahir Səfərov 13, Bakir Səfərov 10, Şucayəddin Rəcəbov isə 14 müddətinə cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə azadlıqdan məhrum ediliblər.

Hökm qanuni qüvvəyə minməyib, təqsirləndirilən şəxslər hökmün surətini aldıqları andan etibarən apelyasiya şikayəti verə bilərlər.

Qeyd edək ki, ötən ilin iyun ayında Rusiya hüquq-mühafizə orqanları Yekaterinburqdakı azərbaycanlılara qarşı əməliyyat keçirib. Əməliyyat zamanı güc tətbiq olunub və nəticədə iki azərbaycanlı Ziyəddin və Hüseyn Səfərov qardaşları aldıqları xəsarətlərdən həyatını itiriblər. Digər Səfərovlar və bir neçə həmyerlimiz məhkəmənin qərarı ilə həbs olunublar. Onlara qarşı 2001, 2010 və 2011-ci illərdə törədilmiş cinayət ittihamları irəli sürülüb.

Daha sonra Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski və oğlu Mutvalı Şıxlinski saxlanılıb. Mutvalı Şıxslinskiyə qarşı dövlət nümayəndəsinə qarşı zor tətbiq etmə maddəsi ilə cinayət işi açılıb. Şahin Şıxlinski isə sifarişli qətlə cəhd və dövlət nümayəndəsinə qarşı zor tətbiq etmə maddələri ilə ittiham olunur. (APA)