Rusiyada influenserlər kosmetikadan siyasətə keçir, amma müharibədən danışmırlar
18 Aprel 2026
Rusiyada influenser (rəy lideri) Viktoriya Bonyanın bu həftə dodaq balzamı ilə bağlı videosu Instagram-da 45 min "like" yığıb. 13 milyon izləyicisi olan bloqerin aprelin 14-də Rusiya prezidenti Vladimir Putinə şəxsi müraciəti isə daha böyük rezonans doğurub.
"Vladimir Vladimiroviç, Sizdən qorxurlar. Xalq Sizdən qorxur; bloqerlər, sənətçilər qorxur; qubernatorlar Sizdən qorxur. Amma Siz ölkəmizin prezidentisiniz. Məncə, biz Sizdən qorxmamalıyıq", – Bonya videoda deyib və az vaxt ərzində 20 milyon baxış və 1 milyondan çox bəyənmə qazanıb.
Rusiyada siyasi debata, hakimiyyətin tənqidinə ciddi nəzarət olunur. Belə bir ölkədə 20-dəqiqəlik video internetdə geniş müzakirələrə səbəb olub, tezliklə başqa bir video yayılıb.
"Zarafata görə ağır cəza kəsirlər"
Ayza adlı influenser 4 milyon izləyicisinə deyib ki, "Rusiyada jurnalistika, hüquq sistemi və yumor ölüb, çünki ölkəmizdə zarafata görə ağır cəza kəsilir".
Bununla müqayisədə Bonyanın videosu daha yumşaq idi. O, Dağıstandakı daşqınlar, Qara dəniz sahillərində çirklənmə, heyvanların kütləvi məhvi, zəif, yaxud bloklanan internet mövzularına toxunmuşdu. Hər iki videoda Putin birbaşa tənqid olunmur, məmurların problemlər haqda ona düzgün məlumat vermədiyini vurğulanır. İnfluenserlər Ukraynadakı müharibədən də söz açmayıb.
AzadlıqRadiosunun beynəlxalq məsələlər üzrə müxbiri Rey Förlonq yazır ki, bu videolar Putinin reytinqinin aşağı düşdüyü bir vaxta təsadüf edir. Keçən həftə dövlətə məxsus Ümumrusiya İctimai Rəy Araşdırma Mərkəzi onun reytinqinin 67.8 faizə düşdüyünü açıqlayıb. Bu isə 2022-ci ildə Ukraynaya genişmiqyaslı müdaxilə başlayandan bəri ən aşağı səviyyədir.
Bundan əvvəlki sorğular da Putinə dəstəyin azaldığını göstərib. Səbəblərə gəlincə, bu, davam edən müharibə, artan itkilər və iqtisadi çətinliklərlə əlaqəli ola bilər.
Mühacirətdə yaşayan rusiyalı sosioloq İqor Eydman AzadlıqRadiosunun rus xidmətinə deyib ki, bu nəticələr həm də hakimiyyətin internetə qoyduğu məhdudiyyətlərlə bağlı ola bilər. "Rusiyanı və rusiyalı internet istifadəçilərini qlobal internetdən təcrid etmək üçün siyasi qərar verilib. Bu, Çin və hətta İran modelinə uyğundur", – o deyib.
Aprelin 14-də Kremlin sözçüsü Dmitri Peskov milyonlarla insana təsir edən mobil internet kəsintilərinin müvəqqəti olduğunu bildirib.
"İnternetə çıxışın məhdudlaşdırılması bir çox vətəndaşa narahatlıq yaradır, amma… bu tədbirlərə ehtiyac aradan qalxdıqdan sonra internet tam bərpa olunacaq", – Peskov deyib.
Eydmanın fikrincə, bu cür "geri addımlar" müvəqqəti PR gedişləri ola bilər.
Hərbi bloqerlərə təzyiq
Bu arada, Rusiyada hərbi bloqerlərə təzyiqlər davam edir. Söhbət hərbi kampaniyanın idarə olunmasını tənqid edənlərdən gedir.
Aprelin 13-də Aleksandr Vaskovskinin Telegram-kanalı onun "ordunu nüfuzdan salma" ittihamı ilə saxlanıldığını açıqlayıb. O, Ukraynanın Donetsk regionunda Rusiyanın idarə etdiyi strukturlarda korrupsiyadan yazmışdı. Bloqer ertəsi gün azad olunduğunu, lakin məhkəmə qarşısına çıxarılacağını yazıb.
Keçən ay Kremlin tərəfdarı kimi tanınan İlya Remeslo müharibəni, ölkədəki durumu sərt tənqid edən məqalə yazıb. O, Putini də hədəf alıb, onu "hərbi cinayətkar" adlandırıb, Rusiyanı məhv etdiyini bildirib. Məqalənin dərcindən iki gün keçməmiş Remeslo psixiatriya xəstəxanasına yerləşdirilib.
Bonya Monakoda, Ayza isə Balidə yaşayır və özlərini həbs, digər repressiv tədbirlər qarşısında daha təhlükəsiz hiss edə bilərlər.
Hər ehtimala, Bonya aprelin 15-də yeni videosunda bütün müsahibə təkliflərini rədd etdiyini bildirib: "Əlavə deyəcək sözüm yoxdur. Mən hansısa müxalifət fiquru deyiləm. Heç vaxt olmamışam və olmağı da planlaşdırmıram".
Aprelin 16-da isə o, gözyaşı içində izləyicilərinə söyləyib ki, Peskov onun müraciətinə Kremldə baxıldığını, qaldırdığı problemlərlə bağlı iş aparıldığını deyib.