Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyada gizli səfərbərlik - Hamıdan gizlətsələr də, hamı görür

Rusiyanın Amur vilayətinin Blaqoveşensk şəhərində şəhər sakinlərinin poçt qutularına müqavilə xidmətinin reklamı ilə bağlı vərəqələr atılır, eləcə də küçələrdə elanlar yerləşdirməyə başlanılıb. Bu barədə Sota teleqram kanalı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, müqavilə ilə hərbi xidmət üçün qeydiyyatdan keçənlərə "40.000 rubl və ya daha çox məbləğdə pul müavinəti" (rəsmi məzənnə ilə təxminən 600 ABŞ dolları), "pulsuz səyahət", "mənzil " və "ali təhsil almaq" imkanları təklif olunur.

Rusiya hakimiyyəti dəfələrlə bəyan edib ki, Ukraynaya müdaxilədə iştirak üçün səfərbərlik elan etməyəcəklər. Bundan əvvəl isə Vladimir Putin müqavilə ilə xidmət üçün yuxarı yaş həddini ləğv edən qanunu imzalayıb.



Ukrayna müharibə başlayandan bəri Rusiya ordusunun itkilərinin 30 minə yaxınlaşdığını bildirir. Britaniyanın Müdafiə naziri Ben Vallas aprelin 25-də deyib ki, işğala başlayandan bəri Rusiya 15 min hərbçisini itirib. Rusiya Müdafiə nazirliyi yalnız bir dəfə, martda 1300-dən çox əsgərinin həlak olduğu bildirib və daha sonra bu məlumat açıqlamayıb.

Rusiya ordusu fevralın 24-də Ukrayna ərazisinə soxulub. Rəsmi Moskva qonşu ölkəyə qarşı müharibəni "xüsusi əməliyyat" adlandırır. Rusiyada bunun əksini deyənlər və rəsmi məlumatlardan fərqli xəbər verənlər qanunla cəzalandırılır.