"Rusiya üzr istəməlidir" – Rasim Musabəyov
27 Dekabr 2024
"Təyyarə Rusiya ərazisində, Qroznı səmasında vurulub. Bunu inkar etmək qeyri-mümkündür", - bunu yerli və beynəlxalq medialarda mənbələrə istinadən Bakı-Qroznı marşrutu üzrə hərəkət edən "Azərbaycan Hava Yolları"nın təyyarəsinin Rusiya havadan hücum müdafiə sistemləri tərəfindən vurulması ilə bağlı xəbərini Turana şərh edərkən deputat Rasim Musabəyov deyib.
Deputat qeyd edib ki, Rusiyada kimlərsə bununla bağlı izləri irirmək üçün mediada müəyyən hərəkətlər edirlər: "Nahaq edirlər. Azərbaycan höküməti isə mövqeni ortaya qoymaqla deyir ki, indi zəhmət çəkin, bildirin. Durub hansısa izləri itirmək üçün mediada kampaniya aparmaq lazım deyil. Hər şey olur, bu hadisələr, çox təəssüf ki, olur. Ancaq buna adekvat reaksiya lazımdır". R.Musabəyov vurğulayıb ki, bu hadisə ilə bağlı üzrxahlıq olmalıdır: "Bunu törədən şəxslər cinayət məsuliyyətinə cəlb edilməlidir, kompensasiya ödənilməlidir. Bu olmadığı halda, təbii ki, münasibətlər ayrı müstəviyə keçir".
Deputat 2020-ci ildə 44 günlük müharibəsi zamanı vurulan Rusiya helikopter məsələsini xatırladaraq qeyd edib ki, Azərbaycan üzr istədi və günahkarları məsuliyyətə cəlb ediləcəyini bəyan etdi və kompensasiya ödədi: "Sivil münasibət budur. HHM işləyirsə aeroport bağlanmalıdır, xəbər verilməlidir ki, bura heç kim uçmasın. Bunu da etmədilər. Ona görə də məsuliyyət daşınmalıdır".