Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya “Taxıl dəhlizi sazişi”ni blokladı

Rusiya “Taxıl dəhlizi sazişi” çərçivəsində daxil olan gəmi donanmasının qeydiyyatını və təftişini bloklayıb.

Bu barədə Ukrayna İcmaların, Ərazilərin və İnfrastrukturun İnkişafı Nazirliyi məlumat verib.

“Rusiya Federasiyası bir daha faktiki olaraq “Taxıl dəhlizi sazişi”ni dayandırdı, daxil olan gəmilərin qeydiyyata alınmasından və təftişindən imtina etdi. Bu yanaşma mövcud sazişin şərtlərinə tamamilə ziddir”, - deyə məlumatda qeyd olunub.

Rusiya tərəfinin bu hərəkətləri komissiyanın prosedurlarına uyğun olaraq təftiş planının tərtib edilməsini qeyri-mümkün edir. Komissiya prosedurları isə bütün iştirakçılar tərəfindən təftiş planının həm çıxışda, həm də girişdə gündəlik razılaşdırılmasını nəzərdə tutur.

Beləliklə, mayın 8-dən etibarən Türkiyənin ərazi sularında 90 gəminin yoxlanılması nəzərdə tutulur ki, onlardan 62-si yüklənən gəmilərdir. Həm daxil olan, həm də çıxan gəmi donanmalarının təftişi bloklanıb. Ümumilikdə aprel ayında taxıl dəhlizi ilə Ukraynanın kənd təsərrüfatı məhsullarının ixracı 3 milyon tona belə çatmayıb.

“Biz tərəfdaşların, BMT və Türkiyənin mövqeyini gözləyirik”, - deyə nazirlik vurğulayıb.

Xatırladaq ki, mayın 18-də Ukrayna taxılının Ukraynanın Qara dəniz limanlarının bir hissəsindən dəniz yolu ilə ixracına icazə verən “Taxıl sazişi” başa çatır. Rusiya sazişin davam etdirilməsi niyyətində deyil və BMT-dən öz gübrələrinin tədarükünə tətbiq edilən sanksiyaların aradan qaldırılması üçün üstünlüklər tələb edir.

Qeyd edək ki, mayın 5-də BMT, Ukrayna, Türkiyə və Rusiya nümayəndələrinin görüşündə tərəflər Qara Dəniz “Taxıl sazişi”ndə iştirak etmək üçün yeni gəmilərə icazələrin verilməsi ilə bağlı razılığa gələ bilməyiblər. Müzakirələrin bu həftə davam etdirilməsi nəzərdə tutulub.