Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya kimlərin gözündən düşüb? - SORĞU

Ukraynaya hücum beynəlxalq ictimai rəydə Rusiyanın nüfuzunu sarsıtmaqdadır.

Mərkəzi ofisi ABŞ-da yerləşən, sonuncu Rusiya-Ukrayna müharibəsi başlanandan bəri dünyada bu ölkələrə münasibətdə ictimai rəyi öyrənən “Morning Consult” analitik şirkəti son hesabatını açıqlayıb.

Hesabatda deyilir ki, hazırda Böyük Britaniya əhalisinin 79 faizi Rusiyaya mənfi münasibət bəsləyir. Yaponiyada bu göstərici 75 faizdir.

İtaliya və İspaniyada keçirilən sorğular zamanı respondentlərin 69 faizi, Almaniya və Fransada isə 68 faizi Rusiya haqda mənfi fikirdə olduğunu bildirib.

ABŞ-da əhalinin 62 faizinin Rusiyaya mənfi münasibət bəslədiyi aydınlaşıb.

“Morning Consult” şirkətinin hesabatını təhlil edən ABŞ-ın “Politico” qəzeti yazır ki, Rusiyanın nüfuzu ləkələnsə də, xalqların heç də hamısı Ukraynaya yekdilliklə dəstək vermir: “Çin, Malayziya və Səudiyyə Ərəbistanı kimi ölkələrdə keçirilən sorğular Ukraynaya mənfi münasibətin qüvvədə qaldığını göstərir.

Ukrayna prezidenti Vladimir Zelenskini xüsusilə narahat etməli olan başqa məqam da var. Avropa İttifaqının üzvü olan Fransa və Almaniya kimi ölkələrdə ictimai rəy heç də bütünlüklə Ukraynanın tərəfində deyil. Halbuki bu ölkələrin hökumətləri Rusiyaya qarşı sanksiyaların tətbiqində, Ukraynaya hərbi yardım göstərilməsində mühüm rol oynayır.

Düzdür, Fransa və Almaniyada keçirilən sorğular Rusiyaya münasibətin daha mənfi olduğundan xəbər verir. Ancaq hər halda Ukraynaya da mənfi münasibət var. Fransa və Almaniyada rəyi soruşulan yetkin yaşlı insanların 4 faizi Ukraynana mənfi münasibət bəslədiyini söyləyib”.

Rusiyaya simpatiyaya gəlincə, “Politico” yazır ki, bu hal böyük dövlətlərdən Braziliya və Meksikada qeydə alınıb. Bu ölkələrdə respondentlərin 5 faizi Rusiya haqda müsbət fikirdə olduğunu açıqlayıb.

Rusiya 2014-cü ilin fevralında Ukraynanın Krım yarımadasını zəbt edib, martda onu Krım Respublikası və Sevastopol şəhəri adları ilə özünə birləşdirib.

Həmin il Rusiya Ukraynanın Donetsk və Luqansk vilayətlərinin bir hissəsini də tutaraq işğalçı rejimlər qurub. 2022-ci il fevralın 21-də Rusiya həmin rejimləri müstəqil dövlətlər kimi tanıyıb, fevralın 24-dən isə Ukraynada total hərbi əməliyyatlar aparır. Bu əməliyyatlar nəticəsində Zaporojye və Xerson vilayətlərinin böyük hissəsi də ələ keçirilib.

Sentyabrın 23-dən 27-dək dörd işğalçı rejimdə Rusiyaya birləşmək “referendumları” təşkil edilib, müsbət cavab çıxarılan qanunsuz səsvermələrdən sonra rejim rəhbərləri Rusiyaya birləşmək barədə müraciət ediblər.

Rusiya prezidenti sentyabrın 29-da Zaporojye və Xerson vilayətlərini “suveren və müstəqil” subyektlər kimi tanıyan fərmanlar imzalayıb.

Sentyabrın 30-u Moskvada dörd bölgənin Rusiyanın tərkibinə keçməsini nəzərdə tutan müqavilələr imzalanıb. İlhaq sənədlərini Rusiya prezidenti ilə saxta rejimlərin rəhbərləri qollayıb. Müqavilələr oktyabrın 5-də tam qüvvəyə minib.

2022-ci ilin sonlarına yaxın Ukrayna hərbçiləri fəal əks-hücum əməliyyatlarına başlayıb. Əks-hücumun əsas istiqamətlərindən biri Xeson vilayəti olub. Noyabrın 11-də martın 3-dən işğal altında olan Xerson şəhəri azad edilib.

2014-2022-ci illərdə təcavüzə görə dünya birliyi Rusiyaya 13 mindən çox sanksiya tətbiq edib.

Rusiyanın Ukraynada apardığı işğalçı müharibə dinc əhali arasında kütləvi qırğınlar, zorakılıq, qarət, hərbi xarakter daşımayan infrastrukturun, yaşayış məntəqələrinin qəsdən dağıdılması və başqa cinayətlərlə müşayiət olunur.