Logo
news content
User
Kateqoriyalar

Xəbər

Referendum və daha 14 il kürsüdə: Mirziyoyev 2040-cı ilə qədər hakimiyyətdə qala bilər

Özbəkistanda ölkə Konstitusiyasına dəyişikliklərlə bağlı referendum keçirilib.

Əgər təklif olunan dəyişikliklər qəbul olunarsa, bu hazırkı prezident Şavkat Mirziyoyevin 2040-cı ilə qədər hakimiyyətdə qala bilməsinə yardım edəcək.

Beləki konstitusiyaya təklif olunan dəyişiklikdə prezidentlik müddəti 5 ildən 7 ilə qədər artırılır. Bu qəbul olunacağı halda hazırkı dövlət başçısı Mirziyoyevin prezidentlik müddəti “sıfırlanacaq” və bu, ona daha iki dəfə dövlət başçısı vəzifəsinə seçilmək imkanı verəcək.

Bundan başqa referenduma çıxarılan məsələlər arasında prezident səlahiyyətlərinin genişləndirilməsi ilə bağlı bəndlər də yer alıb.

Yeni Konstitusiyaya əsasən, Özbəkistan sosial, hüquqi və dünyəvi dövlət elan edilir. Əvvəllər bu anlayışlar ölkənin Əsas Qanununda yox idi.

Səsəverməyə çıxarılan məsələlər arasında senat üzvlərinin sayının 100 nəfərdən 65 nəfərə endirilməsi və ölüm cəzasının qadağan olunması da var .

Sənədin yeni redaksiyasında dövlətin vətəndaşları minimum əməkhaqqı, mənzil və tibbi xidmətlə, habelə internetə çıxışla təmin etmək öhdəliyi açıqlanacaq.

Özbəkistan hakimiyyəti ötən il konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendum keçirməyi planlaşdırırdı.

Lakin Qaraqalpaqıstan muxtar respublikasında başlayan etirazlar bu məsələni ləngitdi. Beləki o vaxt konstitusiyaya təklif edilən dəyişikliklərdə respublikanın muxtariyyətinin əhəmiyyətli dərəcədə məhdudlaşdırılması və onun Özbəkistandan ayrılmaq hüququndan məhrum edilməsi nəzərdə tutulurdu.

Rəsmi məlumatlara görə 2022-ci ilin iyulunda Qaraqalpaqıstanın paytaxtı Nukusda və onun ətrafındakı etirazlar aksiyaları zamanı 18 nəfər həlak olub, 240-dan çox insan yaralanıb, 500-dən çox adam saxlanılıb. Nəticədə prezident Mirziyoyev Qaraqalpaqıstan muxtariyyətinin suverenliyinin qorunub saxlanmasını təklif edib.