Logo
news content
User
Kateqoriyalar

Xəbər

Müsahibə

Qorxulu Tehran: terrorun doğurduğu suallar

 Qabil Abbasoğlu

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum, birmənalı olaraq, terrordur. Bu hadisənin bütün məsuliyyətini İran dövləti daşıyır və günahkarların tapılıb cəzalandırılması onun borcudur. Burası aydındır.

İranın Azərbaycana, onun varlığına və dirçəlişinə münasibəti də aydındır, ənənəvidir və bunu təkrarlamağa ehtiyac yoxdur. Xüsusilə 44 günlük müharibə zamanı və ondan sonrakı dövrdə Tehranın bütün kartları açması, dini və mədəni yaxınlığı olan Azərbaycana deyil, işğalçı Ermənistana dəstək verməsi, torpaqlarımızı işğaldan azad etməyimizə ən azı Ermənistan qədər pərişan olması münasibətlərin gerçək şəklini bir daha ortaya qoydu. Bəlli oldu ki, İran bunu heç gizlətmək fikrində də deyil. Azərbaycanın Türkiyə ilə yaxınlaşmasına öz aləmində cavab olaraq, Ermənistanı açıq himayə etməsi, Qafanda “gecəqondu konsulluq” açması, Ermənistanın maraqlarını özünün “qırmızı xətti” elan etməsi bölgədə diplomatik reallıqları gizlətməyin mümkün olmadığını göstərdi.

Azərbaycanın qərblə, xüsusilə ABŞ-Britaniya-İsrail xətti ilə əlaqələri gücləndirməsi, bu istiqamətdə hərbi-siyasi və diplomatik həmlələri artırması İranın addımlarına və ümumiyyətlə, tarixi-siyasi mövqeyinə tutarlı cavab idi. İranın bu prosesə hansı şəkildə cavab verəcəyini çox gözləmək lazım olmadı. Azərbaycanın Londondakı səfirliyinə edilən basqını bu cavabın bir görünütüsü sayanlar oldu, lakin rəsmi Tehran həmin hadisənin məsuliyyətini boynundan ata bildi. 

Bunun ardınca Azərbaycan və Türkiyə sərhədində hərbi təlimlər keçirməklə, ölkəmizə qarşı səngiməyən hədə və böhtan kampaniyasını davam etdirməklə, gərginliyi daha da artırdı. 

İran xüsusi xidmət orqanlarına mənsub 14 nəfərin qanunsuz olaraq Xankəndiyə keçməsi, bununla bağlı Azərbaycan tərəfinin sorğu və tələblərinə heç bir olumlu cavab verilməməsi gərginliyi pik həddinə çatdırdı. 

İranda rejimə qarşı xalq etirazları başlayanda Güney Azərbaycandakı soydaşlarımızın müstəqillik şüarları və Azərbaycan Prezidentinin portreti ilə küçələrə axışması Tehran rejiminə daha bir cavab idi. Öz xalqına silah qaldırmış bir rejimin qonşu və bir parçasını əsarətdə saxladığı Azərbaycan dövlətinə növbəti zərbəni vurmağa hazırlaşdığı aydın idi. 

İndi gələk səfirliyə terror hücumuna. Azərbaycan səfirliyi İranda Azərbaycan Respublikasının ərazisidir, dövlətimizi təmsil edir. Ərazimizə hücum İran dövlətinin ərazisindən baş verib, səfirliyin təhlükəsizliyini uyğun xidməti qurumlarımız təmin etsələr də, İran dövləti diplomatik təmsilçiliyimizə qarşı baş vermiş hücuma görə rəsmi məsuliyyət daşıyır. 

Ortada xeyli suallar var. 

Bu qədər aşkar şəraitdə İran xüsusi xidmət orqanları belə bir cinayət hadisəsinə niyə əl atsın? 

Azərbaycana pislik etmək istəyini ərazimizdə, sərhədimizdə, lap elə içərimizdəki agentləri vasitəsilə, altından çıxa biləcəyi şəkildə həyata keçirmək istəməzdimi? 

Dövlətlər arasında diplomatik münasibətlərin kəsilməsində maraqlıdırsa, bunu səfirini geri çağırmaqla, yaxud Azərbaycan səfirini ölkədən çıxarmaqla edə bilməzdimi? 

Baş vermiş terror hadisəsində İranla Azərbaycanın münasibətlərində gərginliyin olduğunu nəzərə alan, münasibətləri daha da gərginləşdirmək istəyən, buradan öz faydalarını götürmək fikrində olan üçüncü qüvvənin əli ola bilərmi? Bu sıraya hazırda müharibə şəraitində olduğumuz və olmadığımız qonşu və qeyri-qonşu dövlətləri aid etmək olar.

Bölgədə və dünyada dövlət kimi öz haqlarını təmin etmək istəyini ortaya qoymuş Azərbaycanı regional oyunlara çəkmək, qlobal planların hansısa epizodunda alət kimi istifadə etmək istəyən kimlər var (yaxud, kimlər yoxdur ki)?

Bütün bu və buna bənzər suallar nəticə çıxararkən tələsməməyi zəruri edir. Bəli, İran Azərbaycanla ən azı Ermənistan qədər gərgin münasibətdə olan dövlətdir. Uzaq və yaxın tarix də, bu günümüz də, lap elə sabaha olan planlarımız da bunu deyir. Amma bu düşmənçiliyi niyə öz paytaxtında aparır axı? Doğrudanmı maraqlı deyil?

Maraqlı deyilmi ki, bənzər acı təcrübələrdə, terror olaylarında terrorçu adətən sağ qalmır, burda niyə əksinə olub? Ən son belə acı təcrübə Türkiyədə Rusiya səfirinə qarşı törədilmiş terror aktı olub, orada da terrorçu hadisə yerində məhv edilmişdi. O da mümkündür ki, sağ ələ keçirilən cinayətkar Tehran zindanında “qəfil dünyasını dəyişsin”, bunu zaman göstərəcək... 

Azərbaycan bu qanlı terror hadisəsinin günahkarlarının tapılıb cəzalandırılması üçün Tehrana ciddi həmlələr etməli, tələblər qoymalı, məsuliyyəti sorğulamalıdır. Bunu Tehran rejimi etməyibsə, edəni tapıb, cəzalandırmalıdır. Edibsə, başqa yol tapmayıb öz paytaxtında öz məsuliyyətinə qarşı terror törədibsə, vay “min illik İran dövləti”nin halına. Bir də, yazıq onunla qonşu olanların halına...

P.S. Terror hadisəsi zamanı şəhid olmuş vətəndaşımıza görə ailəsinə, millətimizə başsağlığı veririk. Hücum zamanı terrorçunu zərərsizləşdirmək üçün qəhrəmanlıq göstərən səfirlik əməkdaşının hərəkəti isə qürurvericidir!