Qətərdə hərbi helikopter qəzaya uğrayıb: Altı nəfərin meyiti tapılıb, bir nəfər axtarılır
22 Mart 2026
Qətər Silahlı Qüvvələrinin hərbi helikopteri qəzaya uğrayaraq əmirliyin sahilləri yaxınlığında dənizə düşüb.
Daxili İşlər Nazirliyi məlumatına görə, axtarış-xilasetmə xidmətləri ərazi sularında qəzaya uğrayan hərbi helikopterdə olan yeddi nəfərdən altısının meyitini tapıb.
"Davam edən axtarış-xilasetmə əməliyyatının bir hissəsi olaraq, göyərtədə olan yeddi nəfərdən altısının meyiti tapılıb", - açıqlamada deyilir.
Qeyd olunur ki, xilasedicilər itkin düşmüş bir nəfərin axtarışını davam etdirirlər.
Daha əvvəl Qətərin Müdafiə Nazirliyi hərbi helikopterin ölkənin ərazi sularında texniki nasazlıq səbəbindən qəzaya uğradığını bildirib.
"Hərbi helikopter planlı tapşırığı yerinə yetirərkən qəzaya uğrayaraq Qətərin ərazi sularına düşüb. Hadisəyə texniki nasazlıq səbəb olub", - qurumun rəsmi bəyanatında qeyd olunub.