Logo
news content
User
Kateqoriyalar

Xəbər

Qazilərin əlillik dərəcəsi almasına nə mane olur?


İkinci Qarabağ müharibəsi qazilərinin bəzisi əlillik dərəcəsi almaq problemi ilə üzləşib. Ötən həftə bir neçə keçmiş müharibə iştirakçısının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin binası qarşısında etiraz etməsi, binanın şüşəsini sındıraraq içəri keçməyə məcbur qalması ictimayyətdə qəzəb doğurub və bu sualı aktuallaşdırıb: niyə onlar əllillik dərəcəsi ala bilmir?


“İnsanlar dərdini deməyə getmişdi”, - Gənc Qazilər İctimai Birliyinin sədri, həmin gün hadisə yerində olan Hacı Vəliyev BBC News Azərbaycancaya deyib.





Onun sözlərinə görə, təxminən 2 ay əvvəl 50 nəfərə yaxın əlillik dərəcəsi ala bilməyən qazi nazirliyin qarşısında aksiya eləyərkən onlara problemlərin həll olunacağı vədi verilib: “Sonradan o siyahıdan təxminən 5-6 nəfərin problemini həll etdilər, 2-3 nəfəri də yönləndirdilər. Qalanlarına isə cavab vermədilər”.





Hacı Vəliyev əlavə edib ki, cavab ala bilməyənlərin bəzisi də yenidən nazirliyin binası qarşısına toplaşıb: “Orada qapını sındıran qazilərdən birinin çox ciddi problemləri var. O adam Hövsanda təkərlərin içində yatırdı. Biz onu güc-bəla ilə müalicə etmişik”.









Qazilər








Müharibə veteranı iddia edir ki, yanvar ayından indiyə qədər yüzlərlə qaziyə “xəstəliyiniz əlillik dərəcəsi təyin etmir” rəyi verilib.





Hacı Vəliyev deyib ki, bəzi qazilərin əlində onlara əlillik dərəcəsi verilə biləcəyini göstərən sənədlər olsa da, aidiyyətli qurumun rəhbərliyi buna məhəl qoymur.





O bildirib ki, aksiyada iştirak etmiş qazilərə iyulun 1-dən əlillik dərəcəsi veriləcəyi deyilib: “Nəyə görə bu adamlar iyulun birinə kimi gözləməlidir? Nazirlər Kabineti yeni qərar çıxarıb ki,  əlil şəxslərin müavinəti yalnız əlillik dərəcəsi aldıqları gündən hesablanır. Bu o deməkdir ki, bu müddət ərzində onların almalı olduğu müavinətlər verilməyəcək”.





Nazirlik bu itithamları rədd edir. Qurumun sözçüsü Fazil Talıbov BBC News Azərbaycancanın sorğusuna cavabında bildirib ki, bəzi qazilərin diaqnozu əlillik əlaməti təyin etmədiyindən onlara əlillik dərəcəsi verilməsindən imtina edilib, bəziləri əyani müayinə üçün komissiyaya dəvət olunub, müalicəsinin davam etdirilməsi barədə qərar qəbul edilib. Əlillik dərəcəsi tələb edənlər arasında müalicəsi davam edənlər də var, Fazil Talıbov BBC-yə yazılı cavabında bildirib.





“Qazilərlə davranış qaydaları dəyişilməlidir”









Rey Kərimoğlu












Birinci Qarabağ Müharibəsi iştirakçısı Rey Kərimoğluya görə, qazilərin əlillik dərəcəsi ilə bağlı yaranmış problemlərinin əsas səbəbi indiyədək mövcud olmuş qanunvericilikdən doğub:





“2015-ci ildə Milli Məclis və ona uyğun, Nazirlər Kabineti “əlillik dərəcələrinin əlillik meyarları” haqda 413 saylı qərar qəbul edib. Həmin 413 saylı qərara əsasən isə, o dövrdə əlillik dərəcəsi təyin edilən xəstəliklərin və onların hədlərinin təxminən 90 faizi siyahıdan çıxarılıb”.





Keçmiş müharibə iştirakçısı ümid edir ki, hazırlanan yeni mexanizmdə siyahıdan çıxarılmış xəstəliklər yenidən əks olunacaq: “Amma bütün hallarda, qazilərin psixoloji vəziyyəti nəzərə alınmalıdır. Onlarla davranış qaydaları dəyişilməlidir”.





 “...600-dən çox yeni meyarlar əlavə ediləcək”









Musa Quliyev





 




Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev BBC Azərbaycancaya deyib ki, o da 2015-ci ildə əlilliklə bağlı qəbul edilmiş qanun layihəsinə etiraz edib:





 “Amma artıq bu nöqsan aradan qaldırılıb və yeni meyarlarla təyinatlar gedəcək. Əlillik dərəcəsinin verilməsi ilə bağlı təxminən 600-dən çox yeni meyarlar əlavə ediləcək. İstənilən halda, hər bir Qarabağ qazisinin şikayəti dinlənilməli və araşdırılmalıdır. Yaxşı olardı ki, narazılıq olmasın deyə, aparılacaq ekspertiza ictimayyət nümayəndələrinin iştirakı ilə və video çəkilişlə keçirilsin”.





Musa Quliyevin fikrincə, əlillik dərəcəsi verilən zaman qazi və ya mülki şəxs arasında hər hansı fərq qoyulmasını doğru saymır, çünki bu zaman səbəbindən asılı olmayaraq, sağlamlıq imkanının itirilməsi qiymətləndirilir:





“Bu, tək Azərbaycanda yox, dünya meyarlarında da belədir. Amma əlbəttə ki, vətənin müdafiəsində sağlamlığını itirən şəxslərin ümumi səbəblərdən sağlamlığını itirən şəxslərlə müqayisədə təminatlarında mütləq fərq olmalıdır. Bunlar da nəzərə alınır”.





Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, İkinci Qarabağ müharibəsində yaralanmış və müalicə müddəti bitmiş hərbi qulluqçulardan ötən dövrdə artıq 3 mininə əlillik dərəcəsi verilib.