Logo
news content
User
Kateqoriyalar

Xəbər

Qasım Süleymaninin ABŞ-da yaşayan qardaşı qızı və onun övladı həbs edilib, ölkədən çıxarılırlar

ABŞ öldürülən İran generalı Qasım Süleymaninin qardaşı qızı Həmidə Süleymani Əfşar və onun qızını həbs edib.

Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Məlumata görə, Qasım Süleymaninin qardaşı qızı və nəvəsi ötən gün ABŞ-da federal agentlər tərəfindən həbs edilib.

ABŞ dövlət katibi Marko Rubio Həmidə Süleymani Əfşarın və onun qızının ölkədəki qanuni statusunun ləğv edildiyini açıqlayıb.

M.Rubionun sözlərinə görə, Əfşar İranın mərhum general-mayoru Qasım Süleymaninin qardaşı qızıdır və İran hakimiyyətini dəstəkləyir.

"Yaxın vaxtlara qədər Həmidə Süleymani Əfşar və qızı "Green Card" sahibi idilər və Birləşmiş Ştatlarda lüks həyat sürürdülər. Əfşar mərhum İran general-mayoru Qasım Süleymaninin qardaşı qızıdır. O, həmçinin amerikalılara hücumları alqışlayan və ölkəmizi "Böyük Şeytan" adlandıran İran rejiminin qatı tərəfdarıdır", - Rubio qeyd edib.

M.Rubio bildirib ki, bu həftə onların statusu ləğv edilib və hazırda deportasiya üçün ABŞ İmmiqrasiya və Gömrük Xidmətinin (ICE) nəzarəti altındadırlar.

"Tramp administrasiyası ölkənin anti-ABŞ terrorçu rejimləri dəstəkləyən xarici vətəndaşlar üçün sığınacağa çevrilməsinə imkan verməyəcək", - dövlət katibi vurğulayıb.

Xatırladaq ki, SEPAH-ın Qüds Qüvvələrinin komandiri Qasım Süleymani 2020-ci ildə İraqda ABŞ-ın aviazərbələri nəticəsində öldürülüb.