Logo
news content
User
Kateqoriyalar

Xəbər

Qarşıdurmanın ayaq səsləri! - Rusiyadan Ermənistana miqrant axını, dirçələn iqtisadiyyat və süd qadağası


Çərşənbə axşamından etibarən, Rusiya Ermənistandan süd məhsullarının idxalını dayandırır. Bu barədə Rusiyanın qida təhlükəsizliyinə nəzarət edən qurumu - Rosselxoznadzor martin sonunda qərar verib.





Rusiya bu qərarını qida təhlükəsizliyi ilə əlaqələndirir, amma Ermənistan bunu təkzib edir.




Qurum 2023-cü il aprelin 5-dən etibarən “Ermənistandakı bütün müəssisələrdən Rusiyaya süd məhsullarının tədarükünü dayandırmağı xahiş edib”, - qurumun bəyanatında deyilir.





Rosselxoznadzor-un açıqlamasına görə, onların bu ilin martın 20-24-də Ermənistandakı müəssisələrdə apardığı yoxlama nəticəsində bəlli olub ki, istehsalda İran mənşəli xammaldan istifadə edilir, bu isə Rusiyanın qida təhlükəsizliyi standartlarına uyğun deyil.





Ermənistan Qida Təhlükəsizliyi Müfəttişliyinin sözçüsü çərşənbə günü AzadlıqRadiosunun erməni xidmətinə deyib ki, İran xammalı istehlak üçün təhlükəsizdir. O, həmçinin bildirib ki, Rosselxoznadzor-un keçən həftə bəzi erməni süd firmalarında apardığı yoxlama zamanı “insanların həyatı və sağlamlığı üçün təhlükə yaradan hər hansı problem” aşkar edilməyib.





Ermənistandan süd məhsullarının idxalının dayandırılması Ukrayna müharibəsindən sonra Rusiyadan bu ölkəyə gələn miqrantların ölkə iqtisadiyyatına töhfə verməsi fonunda baş verir.





Keçən ilin fevralında Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən və xüsusilə, sentyabrda Rusiyada qismən səfərbərlik elan olunmasından sonra Rusiyadan Ermənistana miqrasiya axını bu ölkənin iqtisadiyyatında çox keçməmiş özünü göstərib: ölkəyə xarici valyuta gəlməyə başlayıb, dram dollara nisbətdə bahalanıb, xüsusilə yüksək texnologiya sahəsində mütəxəssis sayı, işgüzar fəallıq artıb.





Hətta Ermənistan Mərkəzi Bankı ümumdaxil məhsul (ÜDM) artımına dair öz ilkin proqnozunu 1,6 faizdən 13 faizə dəyişməli olub. İqtisadiyyat Nazirliyi isə biznes miqrasiyasına şərait yaratmaq üçün işçi qrupu yaradıb.





Hakimiyyət Rusiya vətəndaşlarının miqrasiyasının ölkə iqtisadiyyatına verdiyi töhfəni müsbət qiymətləndirir.





BBC Azərbaycancaya danışan bəzi təhlilçilər onların iqtisadiyyatda rolunu təqdir etməklə yanaşı, milli valyutanın, ev kirayələrinin bahalanmasını mənfi amil kimi qiymətləndirir və yoxsulluğun artmasından narahatlıqlarını bildirirlər.








Yerevan






Ölkəyə nə qədər rusiyalı gəlib?




Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan ötən ilin fevralından etibarən, Ermənistana Rusiyadan 110 min nəfərin gəldiyini bildirib.





Nazirin sözlərinə görə, onların 60 mini milliyyətcə ermənidir, 50 mininin əksəriyyəti – ruslar, çox az sayda belarus və ukraynalılar olub.





“Alternativa” tədqiqat mərkəzinin rəhbəri, iqtisadçı professor Tatul Manaseryanın sözlərinə görə, qeyri-rəsmi araşdırmalara əsasən, Ermənistanda rusiyalı miqrantların sayı daha çoxdur.





“Bizim, necə deyərlər, ekspert hesablamalarımız Ermənistana gələn miqrantların sayının 300 min civarında olduğunu göstərir. Bəziləri Ermənistandan başqa ölkələrə, xüsusilə, ABŞ və Avropa istiqamətində tranzit ölkə kimi istifadə ediblər. Lakin onları da nəzərə alsaq, tamam başqa, daha böyük rəqəm alınar”, - professor Tatul Manaseryan BBC Azərbaycanca müxbiri ilə söhbətində deyib.









Yerevan






Ermənistanda qalmaq şərtləri




Rusiya vətəndaşları Ermənistanda bir il ərzində qeydiyyatsız 180 gün qala bilərlər.





Bu müddət bitəndən sonra ölkə sərhədindən kənara çıxıb (məsələn, Gürcüstana) yenidən qayıdıb daha 180 gün qalmaq olar.





Lakin Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkə vətəndaşları kimi rusiyalılar üçün Ermənistanda müvəqqəti yaşamaq icazəsi və ya vətəndaşlıq almaq da çətin deyil.





Miqrantlar arasında “mütəxəssis bumu”




Rusiyadan gələn miqrantlar arasında informasiya texnologiyaları üzrə rusiyalı mütəxəssislərin olması ekspertlərin də diqqətini cəlb edib.





Professor Tatul Manaseryan “təşrif buyuran” informasiya texnologiyaları üzrə rusiyalı mütəxəssisləri “öz işlərini distant davam etdirməyə və tez iş tapmağa qadir olan” kadrlar kimi xarakterizə edib.





Hakimiyyət rusiyalı miqrantların iqtisadiyyata töhfəsinə böyük ümidlə baxır.





Sentyabrda Yerevanda Şərq İqtisadi Forumunda çıxış edən Baş nazir Nikol Paşinyan Ermənistan iqtisadiyyatında müsbət dinamika müşahidə olunduğunu qeyd edib və bu il 7 faizədək iqtisadi artım proqnozlaşdırıldığını deyib.





Onların ölkə iqtisadiyyatına təsirini qiymətləndirən Ermənistan Mərkəzi Bankı ÜDM artımına dair öz ilkin proqnozunu 1,6 faizdən 13 faizə dəyişməli olub.





Oktyabrda Beynəlxalq Valyuta Fondunun illik konfransında çıxış edən Ermənistan Mərkəzi Bankın rəhbəri Martin Qalstyan isə “ölkədə İT sahəsində insan kapitalının 25 faizlik artımının” müşahidə olunduğunu vurğulayaraq deyib:





“Ermənistana istedadlı, yaxşı təhsilli insanların gəlməsinin uzunmüddətli effekti ola bilər”.









Yerevan






Biznes miqrasiyası üçün şərait




Miqrasiya sahəsində birdən-birə baş vermiş kütləvilik Ermənistan İqtisadiyyat Nazirliyində başqa ölkələrdən mövcud olan biznesin Ermənistan Respublikasına köçürülməsi və yeni biznes təşkil etmək üzrə işçi qrup yaratmağa vadar etdi.





Nazirliyin Facebook sosial şəbəkəsindəki məlumata görə, bu işi asanlaşdırmaq üçün xüsusi elektron ünvanı açılıb və sahibkarlar öz suallarını bura göndərə bilərlər.





Sahibkarların sualları onlara bizneslərinin inteqrasiyası və yeni bizneslərin açılması üzrə bütün proseslərdə yardım göstərmək üçü nazirliyin nəzdində fəaliyyət göstərən Milli İnnovasiya və Sahibkarlıq Mərkəzinə və “Enterprise Armenia” qrupuna ötürülür.





Bundan başqa, sosial şəbəkələrdə şirkət və dövlət idarələri nümayəndələrinin, biznesmenlərin xahişləri ilə, praktiki məsləhətlərin bölüşülməsi üçün bir sıra “çat” fəaliyyət göstərir.





“İqtisadi dopinq”




Professor Tatul Manaseryan miqrasiya sayəsində Ermənistanda işgüzar fəallığın 10 faizədək artması, İT sahəsinin inkişafından başqa, enerji istehsalı, ticarət dövriyyəsi, turizm, müxtəlif növ kiçik biznes sahələrinin inkişafına da müsbət təsir etdiyini bildirir.





Onun sözlərinə görə, ənənəvi olaraq transfertlərin 60 faizindən çoxu Rusiyadan daxil olur və miqrantların özləri ilə gətirdiyi və Ermənistanda bank hesablarına köçürdükləri də daxil olmaqla, 2022-ci ildə bu transfertlərin ümumi məbləği 4 milyard dollardan artıq olub.





“Qismən bu transfertləri investisiya hesab etmək olar, ancaq onun böyük hissəsi bank sektorunun payına düşür. Və işgüzar fəaliyyətə çox müsbət təsiri olan kreditlər məhz bu yatırımlar hesabına ayrılır”, - Manaseryan deyib.





Manaseryan ölkəyə külli miqdarda pulun daxil olmasını “iqtisadi dopinq” adlandırır.





Rəqəmlər nə deyir?




Milli Statistika Komitəsinin məlumatına görə, 2022-ci il yanvar-dekabr aylarında Ermənistanda iqtisadi fəallıq göstəricisi 2021-ci ilin eyni müddəti ilə müqayisədə 14,2 faiz artıb.





Bu müddət ərzində xüsusilə ticarət dövriyyəsi və xidmət sahəsində artım 2021-ci illə müqayisədə, 17 faiz və 28,2 faiz artıb.





Statistik məlumatlara görə, ötən 12 ay ərzində inşaat sahəsində tikinti həcmi 12,5 faiz artıb, 8907,9 milyon kilovat-saat elektrik enerjisi hasil olunub. Bu, 2021-ci ilə nisbətən 16,1 faiz artıqdır.





Statistika komitəsinin 2022-ci il dekabr ayına dair məlumatına görə, nominal orta aylıq əmək haqqı 235 min 576 dram (cari məzənnəyə əsasən, təxminən 590 dollar) təşkil edərək, ötən illə müqayisədə 15,5 faiz artıb.





Müvafiq iş təcrübəsinə malik olan rusiyalı miqrantlar Yerevanda kafe, bar, hətta kiçik konsert meydançaları açırlar.





İqtisadiyyat Nazirliyinin məlumatına görə, 2022-ci il fevral-avqust ayları ərzində rusiyalı miqrantlar Ermənistanda 2700-dən çox şirkət açıblar.





Hərçənd onların təxminən 95 faizi fərdi sahibkarlıq obyekti kimi qeydiyyatdan keçib.





Bank sektoru “canlanıb”




İqtisadçı ekspert Tatul Manaseryan hesab edir ki, Ermənistana daxil olan külli miqdarda xarici valyuta ələlxüsus bank sahəsini “canlandırıb”.





Təkcə birinci yarımillikdə Ermənistan bankları bundan əvvəlki ildən az qala 2,8 dəfə artıq - 111 milyard dram (cari məzənnə üzrə təxminən 280 milyon dollar) – təmiz gəlir əldə ediblər, Ermənistan Banklar İttifaqının direktoru Seyran Sarkisyana istinadən “armbanks.am” nəşri bildirir.





Onun sözlərinə görə, bankların gəliri, əsasən, qeyri-rezident və turistlərlə əməliyyatlar nəticəsində təmin edilib.





Lakin onu da qeyd etmək lazımdır ki, getdikcə qeyri-rezidentlər üçün Ermənistan banklarında hesab açmaq və kart almaq prosedurası daha da çətinləşib, Manaseryan deyir.





Bu, iqtisadçı ekspertin sözlərinə görə, Rusiyaya qarşı Qərb sanksiyalarının nəticəsidir.





İndi hesab açmaq üçün daha çox məlumat təqdim etmək lazım olur və bunun üçün bəzən daimi yaşayış məntəqələrindən sənədlər tələb edilir.





Banklar bəzi xidmətləri üçün tariflərini qaldırıb ki, bundan yerli vətəndaşlar – rezidentlər də əziyyət çəkir və pul köçürmələri üzərinə müəyyən limit qoyub, - ekspert deyib.





Bəzi Ermənistan banklarında “Mir” Rusiya ödəniş sistemi işləmir.





Ermənistan Mərkəzi Bankının sentyabrın 21-də yaydığı məlumata görə, həmin “Mir” kartlarına xidmət göstərib-göstərməmək ixtiyarı yerli bankların özlərinə verilib.





MB-nin bu tövsiyəsi ABŞ-ın xarici ölkələrdə Rusiya ödəniş sisteminin dəstəyinə görə sanksiya tətbiq etmək təhdidlərindən sonra səsləndirilib.









Yerevan






Kirayə qiymətləri “hər yerdə” qalxıb




Digər tərəfdən, Ermənistanda əhalinin az qala 10 faiz artması və ölkəyə külli miqdarda pulun daxil olması qiymətlərin qalxmasına gətirib və Ermənistan Milli Bankı da dərhal inflyasiyanın 4 faizdən 10 faizə qədər artmasına proqnoz verib, professor Manaseryan BBC Azərbaycancanın Yerevan müxbirinə deyib.





Tələbatın kəskin şəkildə artması nəticəsində daşınmaz əmlak bazarında problemlər yaranıb.





İnformasiya texnologiyaları sahəsində çalışan Yerevan sakini Aşot ailəsi ilə birgə keçən ilin mart ayınadək ayda 100 min dram (o zaman üçün təxminən 200 dollar) kirayə mənzildə yaşayıb.





BBC Azərbaycancaya müsahibəsində o deyir ki, fevralın 24-dən sonra Ermənistana rusiyalıların axını başlayanda ev sahibi kirayə qiymətini 200 min drama (cari məzənnə üzrə təxminən 450 dollar) qaldırdı.





“Daha münasib yer tapana kimi bir ay da qalmaq qərarına gəldik. Maaşımdan ipoteka almaq üçün də pul ayırırdıq. Bu qiymətə yaşaya bilməzdik”, - Aşot söyləyir.





İndi o, ayda 120 min drama (təxminən 300 dollar) şəhərin mərkəzindən xeyli aralı və əvvəlkindən daha sadə ev kirayə edib.





Fevral ayının 24-dən sonra aylıq kirayəsi 500 dollara qalxan mənzillərin qiyməti Rusiyada qismən səfərbərlik elan olunduqdan sonra 800 dollara qalxıb, Aşot deyir.





Bu bahalaşmadan ən çox əvvəllər 70-100 dollara Yerevanda kirayə ilə yaşaya bilən əyalət tələbələri də zərər çəkib. İndi bu qiymətə Yerevanda kirayə mənzil tapmaq mümkün deyil.





“Alternativa” tədqiqat mərkəzinin araşdırmasına görə, sentyabrdan bəri daşınmaz əmlak icarəsi bazarında qiymətlər 100 faiz bahalaşıb, Yerevanda, demək olar, boş mənzil qalmayıb. Rusiyalıların əksəriyyəti, gələcəkdə kirayəni uzatmaq imkanı şərtilə, bəri başdan 6 ay müddətinə müqavilə bağlayır.





Mənzil bazarında “qismən bahalaşma” var




Lakin rusiyalıların Ermənistana miqrasiyası mənzil satışına az təsir edib, anonim qalmaq istəyən Yerevan daşınmaz əmlak agentliyi əməkdaşı müxbirimizlə söhbətində deyib. Onun sözlərinə görə, miqrantların, demək olar, 5-6 faizi Yerevanda mənzil alır.





Ermənistan Daşınmaz Əmlak Dövlət Kadastrının ilin sonuna olan statistikasına əsasən, Yerevanda evlərin qiymətləri, 2020-2021-ci illərdəki enişdən sonra, indi artmaqda davam edir. Yerevanın əksər rayonlarda mənzillərin bahalaşma tempi 9-10 faizə bərabərdir.





Təhlillərə görə, qiymətlər tək paytaxtın bahalı mərkəzi rayonlarında deyil, həm də qismən bahalı və ucqar şəhər mərkəzindən ucqar ərazilərdə də artır. Bahalaşma tempi xüsusilə yeni tikintilərdə müşahidə olunur.





Paytaxtın mərkəzində mənzilin 1 kvadrat metrin qiyməti 1719 dollardan (2021-ci il dekabr) 1970 dollara (2022-ci il dekabr) çatıb.





Paytaxt Yerevanın ən ucuz sayılan Nubaraşen rayonunda 1 kvadrat metrin qiyməti il ərzində 480 dollardan 518 dollara çatıb.





Paytaxtdan kənar bölgələrə gəldikdə, burada qiymət artımı ikirəqəmli olub və əksər rayonlarda 20 faizə çatıb. Hətta işsizlik ucbatından “depressiv” sayılan Şirak vilayətində mənzillər 21 faiz, Sisyanda – 18 faiz bahalaşıb.





Lakin, əlbəttə, bu bölgələrdə evlərin qiyməti paytaxtla müqayisəedilməzdir. Məsələn, Maralik qəsəbəsində mənzil sahəsinin 1 kvadrat metrinin qiyməti təxminən 160 dollara bərabərdir.





Yoxsulluq “arta bilər”




2021-ci illə müqayisədə son bir il ərzində Ermənistanda istehlak qiymətləri 8,6 faiz artıb, Ermənistan Milli Statistika Komitəsinin illik hesabatında göstərilir.





Hesabata əsasən, 2022-ci il yanvar-dekabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə, sənaye mallarının qiymət indeksi 2,6 faiz artıb.





Professor Manaseryanın sözlərinə görə, Ermənistana böyük sayda yüksək alıcılıq qabiliyyətli xaricilərin gəlişi istehlak tələbatının artmasına gətirərək, bahalaşmaya səbəb olur və nəticədə yoxsulluq səviyyəsi artır.





Dünya bankının 2022-ci ilin sonuna proqnozuna görə, yoxsulluq səviyyəsi 42 faizə, bəzi bölgələrdə isə (Məsələn Şirak vilayətində) bu göstərici 55-60 faiz təşkil edəcək, iqtisadçı ekspert deyir.





Milli valyuta, dramın bahalaşması




Ermənistana külli miqdarda xarici valyuta axını nəticəsində Ermənistan milli valyutası, dramın dəyərinin artmasının mənfi təsirinə gəldikdə, bu hal xüsusən xaricdən maliyyələşdirilən şirkət və fərdlərin gəlirlərini kəskin şəkildə ixtisar edib.





2022-ci ilin əvvəlində 1 ABŞ dollarının məzənnəsi təxminən 500 dram təşkil edirdisə, mart ayının əvvəlində 377 dramadək enib, yəni dolar təxminən 24,6 faiz ucuzlaşıb. Eyni müddət ərzində avronun məzənnəsi ondan da çox düşüb – 40 faizədək. Bu proses davam etməkdədir və dayanacağına dair proqnoz yoxdur.





Nəticədə bu şirkətlər əməkdaşlarının maaşını 20 faizədək endirməyə məcbur olublar.





Onların əksəriyyəti informasiya texnologiyaları sahəsinə aiddir və xidmətlərinin 70 faizindən çoxu xarici ölkələrlə bağlıdır.





Ermənistan hökuməti ötən ilin dekabrında dolların və avronun Ermənistan dramına nisbətən ucuzlaşması nəticəsində gəlirlərinin bir hissəsindən məhrum olan informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərə yardım göstərmək haqqında qərar qəbul edib.





Bu qərar yalnız İT texnologiya sahəsinə şamil olunur, xarici valyuta ilə maaş alan fərdlərin real gəlirləri isə dramın möhkəmlənməsinə mütənasib olaraq enməkdə davam edir.