Logo
news content
User
Kateqoriyalar

Xəbər

Putinin qərarı Gürcüstanı parçaladı: Prezident təxribat sayır, hökumət alqışlayır

Gürcüstan Prezidenti Salome Zurabişvili Rusiya tərəfindən Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğv edilməsi və Gürcüstanla birbaşa aviasiya əlaqəsinin bərpa edilməsini təxribat adlandırıb. 

Zurabişvili bu barədə öz tviter hesabında paylaşım edib.

“Rusiyanın daha bir təxribatı. Nə qədər ki, Ukraynada münaqişə davam edir və Gürcüstanın ərazi bütövlüyü bərpa edilməyib, Rusiya tərəfindən viza rejiminin ləğv edilməsi və birbaşa hava əlaqəsinin bərpa edilməsi qəbuledilməzdir”, - deyə gürcü Prezident qeyd edib.

Amma hökumət fərqli mövqe tutub. Gürcüstan xarici işlər naziri İlya Darçiaşvili Rusiyanın bu ölkə ilə viza rejiminin ləğv etməsi qərarını alqışlayıb.

Onun sözlərinə görə, Rusiya Federasiyasında bir milyondan çox Gürcüstan vətəndaşı yaşayır. Nazir qeyd edib ki, onların Gürcüstanda yaşayan qohumları və yaxınları ilə çox sıx əlaqələri var: “Qərar vətəndaşlarımızın gündəlik həyatını asanlaşdıracaq”.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putinin imzaladığı fərmana əsasən, mayın 15-dən Gürcüstan vətəndaşları üçün vizasız rejim tətbiq ediləcək. Bununla yanaşı, Gürcüstana birbaşa uçuşlara və turların satışına qoyulan qadağa ləğv edilib.

Qeyd edək ki, Gürcüstan 1990-cı illərin əvvəlində Abxaziya və Cənubi Osetiya üzərində nəzarəti itirib. 2008-ci ilin avqustunda baş verən müharibədən sonra isə Rusiya həmin ərazilərin müstəqilliyini tanıyıb, Gürcüstan isə cavab olaraq Rusiya ilə diplomatik əlaqələrini kəsib.