Logo
news content
User
Kateqoriyalar

Xəbər

Putinin kürəkəni olduğu deyilən niderlandlının gizli həyatı

Martın ilk həftəsonu Amsterdamın Duvendrext məhəlləsində sakinlər bir torpaq sahəsinin hasarında Ukrayna bayrağı və "AveMariaPutin" yazılı stiker və ingilis dilində bir mətn görüb təəccübləndilər.

"Sizin dinc yerinizdən iki min kilometrədək uzaqlıqda atanızın dağıtmaqda olduğu azad ölkə var. Sözümüzü ona çatdırmaq mümkün deyil... Lütfən, qəlbinizi dinləyin ki, atanızın qəlbinə yol tapasınız və bu mənasız iztirabı dayandırasınız. Sizə yalvarırıq, Mariya Putina", –mətndə yazılmışdı.


Yorrit Faassen kimdir


Həmin torpaq sahəsinin sahibi 42-yaşlı Niderland vətəndaşı imiş. Yorrit Faassen adlı tikinti mühəndisi "Follow The Money" adlı holland araşdırma saytına müsahibəsində 16 ildir vətəninə gəlmədiyini və Moskvada xoşbəxt həyat sürdüyünü deyib. Onun Moskvada yaşamasının səbəbi isə evli olduğu (yaxud keçmişdə evli olduğu) qadındır. Söhbət Putinin böyük qızı Mariya Vorontsovadan gedir.

Kreml Mariya və kiçik bacısı Yekaterina Tixonovanı hər vəchlə ictimaiyyətdən gizlədib. Onlar Putinin 2013-cü ildə boşadığı keçmiş rəsmi həyat yoldaşı Lyudmiladan olan qızlarıdır.

Son illər ərzində mətbuatın bu qadınlara marağı böyükdür. Bu həftə ABŞ və Avropa İttifaqının sanksiyaları, nəhayət, onlara da gəlib çatıb və onların fotoları qəzetlərin ön səhifələrini bəzəyib.

Tixonovanın Putinin yaxın adamlarından birinin oğlu ilə evliliyi haqda çoxlu məlumat var. Ancaq Mariya haqda bunu demək mümkün deyil.

Faassen, yoxsa Vorontsova?


"Current Time" və "Meduza" Faassenin Moskvada Kreml yaxınlığındakı dəbdəbəli mənzil kompleksində yaşadığını öyrənib. Ancaq Faassen və Mariya jurnalistlərin "Telegram" vasitəsilə göndərdiyi sualları oxusalar da, onlara cavab verməyiblər.

Faassen bir holland qəzetinə müsahibəsində Putinin qızı ilə evli olduğunu danıb. Ancaq o, rus qadınla evli olduğunu və uşaqları olduğunu deyib.



Putinin daxili çevrəsinə yaxın bir rəsmi şəxs "Current Time" və "Meduza"ya Faassenin hazırda, bir növ, tələdə olduğunu və Niderlanda qayıda bilmədiyini deyib.

Moskva Dövlət Universitetindən tibb dərəcəsi alan Mariya "Maria Faassen" adı ilə elmi məqalələr dərc etdirib. İndi o, Vorontsova soyadından istifadə edir. ABŞ və Aİ-nin bir neçə sanksiyasına da bu ad daxil edilib.

Vorontsova soyadının haradan gəldiyi də dəqiq məlum deyil. Bacısının daşıdığı Tixonova soyadı isə Lyudmila Putinanın anasının soyadıdır.

Avtomobil yolunda dava


2010-cu ilin noyabrında Rusiyada yayılan bir xəbərdə deyilirdi ki, Yorrit Faassen adlı bir Niderland vətəndaşı Moskvada sürətli avtomobil yolunda düşən davada Matvey Urin adlı bankir tərəfindən möhkəm döyülüb. Hadisədən bir neçə saat sonra Urin və cangüdənləri Putin və yüksək hökumət rəsmilərinə xidmət edən elit mühafizə qurumu - Federal Mühafizə Xidməti tərəfindən saxlanılıb.

Urin səkkiz ildən çox həbsdə saxlanılıb. Ona aid banklar şəbəkəsi isə müflis edilib. Urinin sürücüsü və cangüdənlərinin də hərəsinə 2 – 4 il iş verilib.

"Onun FSB-də adamlarının olduğu deyilirdi"


O zaman Rusiya mətbuatı Faasseni sadəcə "Gazprom"un rəhbər şəxslərindən biri kimi təqdim etmişdi. 2016-cı ilədək heç bir xəbərdə onun adı Putinin qızı ilə bağlı çəkilmirdi. 2016-cı ildə ilk dəfə "Novoye vremya" jurnalı bu əlaqə haqqında yazıb.



Urinin sürücüsünün vəkili jurnalistlərə bəzi prosedurlardakı qəribəliklərdən danışıb.

"…Dərhal bilinirdi ki, [Faassen] adi adam deyil. Onun FSB-də adamlarının olduğu deyilirdi", – vəkil deyib.

2011-ci ildə Rusiyanın "Vedomosti" qəzeti onun "Gazprombank-Invest" şirkətində daşınmaz əmlak menecmenti üzrə mütəxəssis, daha sonra isə "Gazprom"a aid başqa bir şirkətin – "Stroytransgaz"ın vitse-prezidenti olduğunu yazmışdı. Qəzet Faassenə 60 kvadratmetrlik ofis və şəxsi "Lexus" verildiyini də yazırdı.

Ukrayna səmasında təyyarə vurulandan sonra...


Putinin yaxın çevrəsi ilə tanış olan bir şəxs Faassen və Mariyanın 2014-cü ilin iyulunadək hər ilin bir neçə ayını Niderlandda keçirdiyini deyir. Həmin ay Rusiyanın dəstəklədiyi separatçılar Şərqi Ukrayna üzərindən uçan, Niderlanda aid sərnişin təyyarəsini vuraraq yerə salmışdılar. Öldürülən 298 nəfərdən 198-i Niderland vətəndaşları idi.

Adının çəkilməsini istəməyən həmin şəxsin sözlərinə görə, bu hadisədən sonra Putin qızının və nəvəsinin həmişə Rusiyada yaşamasına israr edib.

"Faassen Avropaya qayıtsa, vəziyyəti dəqiq yaxşı olmayacaq. O, Putinin daxili çevrəsinə sürüklənib. Onun haqqında məqalələr yazılır, jurnalistlər ona və ailə üzvlərinə zəng vururlar. Buna görə onun Niderlanda qayıtması mümkün deyil", – həmin şəxs deyib.

"Faassen belə həyata hazır deyildi, ancaq onun başqa seçimi qalmamışdı", - Faassen və Mariyanın bir tanışı deyir.

Yorrit Faassen illərlə "Facebook" və "Telegram" kimi sosial media platformalarında "Peter Orno" ləqəbini işlədib. "VK" şəbəkəsində isə o, "Böyük Pyotr" kimi tərcümə olunan "Peter De Grote" ləqəbindən istifadə edir.


Yevgeni, yoxsa...


"Current Time" və "Meduza" Faassen və Mariyanın artıq bir yerdə olmadığını müəyyən edib. 2017-ci ildə Mariyanın Yevgeni Naqornıy adlı bir rus kişidən uşağı olduğu müəyyən edilib. Hüquq fakültəsində oxuduqdan sonra gömrük brokeri işləmiş həmin şəxs sonradan ən iri özəl təbii qaz şirkəti "Novatek"də işləməyə başlayıb. Rusiyada ictimaiyyətə açıq sənədlərdən görünür ki, o, 2020-ci ildə özünə üç yataq otağı, dörd hamamı, bir kitabxanası, odun sobası və s. olan dəbdəbəli bir mənzil alıb. "Current Time" evin dəyərinin 280 milyon rubl (3,3 milyon dollar) olduğunu yazır.

Hakerlərin "Yandex Food" kuryer xidmətinin bazasından əldə etdikləri məlumata görə, 2021-ci ilin oktyabrından 2022-ci ilin yanvarınadək həmin mənzilə doqquz dəfə "Yuri"nin adına yemək çatdırılıb. Bu isə Faassenin adı Yorritin rus versiyasıdır. Sifarişçiyə aid nömrələrin də Faassenə məxsus olduğu üzə çıxıb. (Azadlıq Radiosu)