Putin Qrenlandiyaya 1 milyard dollar qiymət qoyub
23 Yanvar 2026
Rusiya prezidenti Vladimir Putin yanvarın 21-də deyib ki, Qrenlandiyaya hansı ölkənin sahib olması Rusiyanı maraqlandırmır, ABŞ ilə Danimarka bu məsələnin öz aralarında həll etməlidir.
"Qrenlandiyada nə baş verməsinin bizə heç bir dəxili yoxdur", – o, Rusiya Təhlükəsizlik Şurasının iclasında bildirib.
Putin 1867-ci ildə Rusiyanın Alyaskanı ABŞ-yə 7.2 milyon dollara, 1917-ci ildə isə Danimarkanın Vircin adalarını Vaşinqtona satdığını xatırladıb, bunların belə torpaq satışına nümunə yaratdığını deyib. Onun sözlərinə görə, Qrenlandiyanı Danimarkadan almaq təxminən 1 milyard dollara başa gələ bilər və Vaşinqton bunu ödəyə bilər: "Danimarka daima Qrenlandiyanı koloniya kimi idarə edib, ona qarşı sərt, bəzən də zalım olub. Amma bu, tamamilə başqa bir məsələdir, indi artıq heç kim buna maraq göstərmir".
Rusiyanın Ukraynada təcavüzkar müharibəsində Kopenhagen Kiyevi dəstəkləyib. Onun maliyyə və hərbi dəstəyi isə Rusiyanın qəzəbinə səbəb olub.
Rutte: NATO müttəfiqləri Arktikada təhlükəsizliyi gücləndirməlidir
ABŞ prezidenti Donald Tramp ilə Qrenlandiya üzrə çərçivə razılaşması NATO müttəfiqlərindən Şimali Arktikada təhlükəsizlik məsələlərini gücləndirməyi tələb edəcək, bu yöndə ilk nəticələr bu il görünəcək. Bunu NATO-nun baş katibi Mark Rutte yanvarın 22-də "Reuters"ə deyib.
Rutte Davos Forumu çərçivəsində müsahibəsində vurğulayıb ki, indi NATO komandirləri əlavə təhlükəsizlik tələblərinin detallarını hazırlamalıdır və əmindir ki, NATO-nun qeyri-Arktik müttəfiqləri də bu işə qatılmaq istəyəcək.
"NATO-da rütbəli komandirlərimizlə bir araya gələrək lazım olanı hazırlayacağıq", – Rutte vurğulayıb. O, hətta bu ilin əvvəlində bu işin görüləcəyinə ümidini bildirib.
Danimarkanın baş naziri Mette Frederiksen yanvarın 22-də bildirib ki, NATO ilə Qrenlandiyanın suverenliyi barədə heç bir danışıqlar aparılmayıb.