Logo
news content
User
Kateqoriyalar

Xəbər

Putin “Qəssab”a üz tutdu – Çeçenistan, Suriya və... Ukrayna - FOTOLAR

Rusiya rəhbərliyi Ukraynaya təcavüz zamanı ciddi uğursuzluqlardan sonra komandan təyin edib. Bu, 60 yaşlı Aleksandr Dvornikovdur. ABŞ rəsmilərinin dediyinə görə, Dvornikov Rusiyanın ən təcrübəli hərbi generallarından biridir, eləcə də Suriyada və digər müharibələrdə mülki əhaliyə qarşı qəddarlığı ilə ad çıxarıb. Hətta elələri var ki, onu “Suriya qəssabı” adlandırmağa cəsarət edirlər.

Ehtimal edilir ki, Kremlin Dvornikovu Ukrayna əməliyyatına rəhbər təyin etməsi hücumun koordinasiyasını yaxşılaşdırmaq niyyəti güdür. Eyni zamanda, bəzi məlumatlara görə, Rusiyanın Ukrayna əməliyyatına rəhbərlik edən vahid komandanlığı olmayıb. CNN-in ABŞ Müdafiə Nazirliyinin rəsmilərinə əsaslanaraq verdiyi məlumata görə, müxtəlif hərbi bölmələr koordinasiya olmadan və bəzən çarpaz istiqamətdə hərəkət edib.

61 yaşı olan Dvornikov 2015-2016-cı illərdə Suriyada radikal dindar qruplara qarşı döyüşlərdə Rusiya qoşunlarının komandanı olub. Sonra isə Bəşər Əsəd rejiminə müxalif üsyançı qüvvələrə qarşı hücuma rəhbərlik edib. Bu hücum zamanı Rusiya aviasiyası Hələb başda olmaqla, mülki əhalinin sıx məskunlaşdığı əraziləri amansızcasına bombalayıb.



Onun bu münaqişədəki rolu Rusiya Federasiyası Qəhrəmanı adına layiq görülməsinə gətirib çıxarıb. Rusiya prezidenti Vladimir Putin ona 2020-ci ildə general rütbəsi verib.

Dvornikovun hücuma rəhbərlik etdi dövrdə Rusiya aviasiyası xüsusilə Hələb, Hüms və digər kiçik şəhərlərdə təxminən 10 min bombardman həyata keçirib. O, xəstəxanalar və su mənbələri kimi əsas infrastrukturlara hücum etdikdən sonra mülki əhalinin iradəsini qırmağı müvəffəq olub.

Böyük Britaniyanın Rusiyadakı keçmiş səfiri ser Roderik Layn Sky News-a deyib ki, Dvornikovun Suriyada “vəhşi” reputasiyası var və o, Donetskdə Kremlin nailiyyəti sayıla biləcək azacıq da olsun irəliləyiş əldə etmək üçün eyni ssenarini təkrarlaya bilər.

ABŞ-ın Milli Maraqlar Mərkəzinin hərbi analitiki Harri Kazyanis xəbərdarlıq edib: “Dvornikovun təyinatı Putinin Ukraynada tezliklə təslim olmaq niyyətində olmadığına göstərir. O, Ukraynanın bütün şərq hissəsini olmasa da, böyük bir hissəsini ələ keçirməyə cəhd edə bilər".  O, “Teleqraf” agentliyi ilə söhbətində generalı mühasirə müharibəsi taktikasına üstünlük verəcək ağıllı strateq adlandırıb: “Mənim qorxum odur ki, Dvornikov Ukraynanın şərqini ala bilməsə, onu yeni və nəhəng Hələbə çevirmək əmri alıb”.

“Dvornikov amansız komandir kimi tanınır və Suriyada tətbiq edilən taktikanı indi Ukraynada tətbiq edəcək. O, 20 il əvvəl Çeçenistanda olub. Söhbət şəhərlərin “azad edilməsi” zamanı onların xarabalığa çevrilməsindən gedir”, - deyə Moskvadakı adının açıqlanmasını istəməyən başqa bir hərbi analitik “Teleqraf”a bildirib.



Rusiya son həftələr qüvvələrini Kiyev və onun ətrafından taktiki olaraq geri çəkildiyini elan edib. Ukrayna rəhbərliyi isə xəbərdarlıq edir ki, Moskvanın məqsədi qüvvələrini ölkənin şərqindəki Donbasda cəmləşdirməkdir.

Öz növbəsində Ağ Evin milli təhlükəsizlik məsəlləri üzrə müşaviri Ceyk Sallivan deyib ki, “heç bir general təyinatı Rusiyanın Ukraynada artıq strateji uğursuzluğa düçar olduğunu gizlədə bilməz”. O, CNN-ə müsahibəsində sözlərinə belə aydınlıq gətirib: “Bu general yalnız Ukraynada dinc əhaliyə qarşı törədilən cinayətlərə və vəhşiliyə görə məsuliyyət daşıyacaq”.

Bu arada adının açıqlanmasını istəməyən avropalı məmur generalın təyinatı ilə bağlı CNN-ə şərh verib: “Dvornikovun təyinatı Rusiyanın işlərin hədsiz dərəcədə pis getdiyini və başqa nəsə etməli olduğunu etiraf etdiyini göstərir”.

Ukraynanın heç bir böyük şəhərini ələ keçirə bilməyən Rusiya ordusu 1945-ci ildə faşist Almaniyası üzərində qələbənin ənənəvi paradla qeyd olunduğu 9 may tarixinə qədər təzyiq altında olacaq. Putin bu vaxta qədər nəzərəçarpacaq nəticələr əldə etməyi hədəfə alıb.

Moskva Ukraynada “nasistlərlə” döyüşdüyünü iddia etdiyi üçün 9 may tarixində 1945-ci il qələbəsinə paralel aparmaq imkanından yararlanmaq niyyətindədir. Analitiklər isə xəbərdarlıq edirlər ki, Donbasdakı sürətləndirilmiş hücum “siyasi imperativ”dən sonra “hərbi fəlakətə” səbəb ola bilər. Əgər mayın 9-na kimi Donbasın fəthi qeyri-mümkün olarsa, onun əvəzinə humanitar fəlakət bahasına mühasirəyə alınmış Mariupolun ələ keçirilməsi təklif oluna bilər.