Logo
news content
User
Kateqoriyalar

Xəbər

Psixiatriya Xəstəxanasına yerləşdirilən yeniyetmənin qardaşı: "Məhəmməd məni görəndə ağladı" - VİDEO

Bakının Xətai rayonunda yerləşən 3 saylı uşaq evində baş verən qanunsuzluqlar barədə video çəkərək ictimailəşdirən 16 yaşlı Məhəmməd Hacıyevin qardaşı Əli Hacıyev bəzi gizli qalan məqamlara aydınlıq gətirib.

Həmin müsahibəni təqdim edirik:



- Özünüz və Məhəmməd haqqında məlumat verərdiniz...

- Biz dörd qardaşıq. Mən özüm yeddi-səkkiz il uşaq evində böyümüşəm, həm də sözügedən 3 saylı uşaq evində. Ailəmiz kasıb olub. Anam xəstə olarkən mən uşaq evinə müraciət edərək orada yaşamışıq. Anam 2016-cı ildə vəfat edib. Qardaşlarımı övladlığa götürmək istəyiblər, mən onları övladlığa vermişəm. Məhəmmədi də mən bir ailənin himayəsinə vermişdim, amma qaytarmışdılar.

- Məhəmmədin psixi problemləri var?

- Məhəmməd 2014-cü ildən 2016-cı ilə qədər orada yaşayıb. Məhəmmədin elə də böyük bir problemi yox idi. Əvvəl sözlə sakitləşirdi, indi bir az böyüyüb problemi. Dəlixanalıq deyil, sadəcə, bir az müalicə almalıdır. Mən xəstəxanaya yerləşdirilməsinə sağalması üçün razı oldum.

- Müsahibələrinizin birində demisiniz ki, “qardaşım siqaret çəkir, içki içir, mən də onun xəstəxanaya yerləşdirilməsinə razıyam”, bu fikirlərə görə siz sosial şəbəkələrdə qınandınız.

- Bəli. Mən dünən gecədən bəri oyağam, yazılan mesajları görüb yata bilməmişəm. Tənqidlər mənə çox pis təsir edib. Mən cəmiyyətə fikrimi çatdıra bilmirəm ki, mən qardaşımı atmamışam. Mənim düşüncəm budur ki, onun müalicəsinə şəxsən özüm nəzarət edim, özüm də Maştağadakı o xəstəxanada yatmışam. Eyni problemdən məndə də olub. Mən xəstəxananın şəraitini bilirəm. Məhəmmədi əvvəl bir ailə himayəsinə götürmüşdü, onlar yenidən zəng edərək bildirdilər ki, yenidən Məhəmmədi götürmək istəyirlər. Biz də hüquq yolu ilə Məhəmmədi o ailəyə təhvil verəcəyik.

- Bəzi insanlar düşünürlər ki, siz qorxmusunuz və ya pul qarşılığında qardaşınızı xəstəxanaya yerləşdirmisiniz.

- Məni tanıyan tanıyır. Mənim heç kimdən qorxum yoxdur. Pulgir insan da deyiləm. Pul lazım olsaydı, aidiyyəti orqanlara müraciət edərdim ki, pula ehtiyacım var. Mən 16 saat işləyirəm ki, pul qazanım. Qardaşımı heç kimə satmaram. Uşaq evini dəstəkləmək məqsədilə bunu etməmişəm. Sadəcə olaraq, oradan şikayətçi deyiləm. Bu da çox adamın reaksiyasına səbəb olub ki, niyə qardaşımı xəstəxanaya yerləşdirmişəm. Mən demirəm ki, qardaşım dəlidir, sadəcə, problemləri var və mən onların həll olunmasını istəyirəm. Mən onun qardaşıyam, məndən çox onu heç kim istəyə bilməz.

- Məhəmmədin hazırda vəziyyəti necədir?

- Məhəmməd məni görəndə ağladı, dedi ki, mən buradan çıxmaq istəyirəm. Soruşdum, niyə? Dedi ki, “hər şey yaxşıdır, amma mən burada qala bilmirəm, ürəyim sıxılır”. Biz uşaq evinin müdiri Məhbubə xanıma zəng etdik. Mənim hazırda onu saxlamaq kimi şəraitim yoxdur, dedim, bir-iki gün siz baxın. Birinci, “hə, mənə möhlət verin, gözləyin” dedi, sonra dedi ki, “iki-üç gün vaxt verin, böyüklərlə danışmalıyam”. Qardaşım da bu fikri pis qarşıladı. Sonra Məhəmmədi sakitləşdirdik ki, narahat olma, çıxacaqsan.

- Belə bir iddia səslənib ki, Məhbubə xanım Məhəmmədin uşaq evindən razı olması ilə bağlı video çəkməsini istəyib.

- Məhəmməd mən onun yanına gedəndə dedi ki, “çıxırıq buradan? Mən də dedim ki, yox. Ondan sonra dedi ki, müdiriyyət məndən video çəkib paylaşmağımı istəyib. Həmin razılıq videosu qarşılığında da Məhəmmədin geri götürüləcəyini bildirib.

- Məhəmməddə hansı problemlər var?

- Bir gün yaxşı davranır, bir gün pis davranır. Bir az pis vərdişləri var. Müalicəyə ehtiyacı var. İnsanlar onu yaxından tanımırlar, ona görə başqa cür düşünürlər. Mən özüm də əsəblə bağlı müalicə almışam.

- İnsanlar düşünürlər ki, siz niyə məhz bu videodan sonra onu xəstəxanaya yerləşdirdiniz?

- O videolardan mənim xəbərim yox idi, xəstəxanada olduğunun üçüncü günü həmin videolar üzə çıxdı. Mən qardaşımı uzun müddət xəstəxanada saxlamaq istəmirəm.

- Yazılan tənqidlər sizə pis təsir edib…

- Mən gecədən səhərə qədər yata bilməmişəm. Baxıram ki, pis rəy yazanların əksəriyyəti “fake” səhifələrdir. Hamısı da pis söyüşlər söyür. Mənə bunlar çox pis təsir edir. Çoxu deyir, bunu miras üçün etmisən. Mən uşaq evində olanda anam rəhmətə gedib, ondan da mənə heç bir miras qalmayıb. Mənə dövlət ikiotaqlı ev verib, onu da yoldaşıma vermişəm, özüm kirayədə yaşayıram. Mənim qardaşımı atmaq kimi bir niyyətim yoxdur, ona sahib çıxacağam.

- Məhbubə xanım siz uşaq evində olarkən sizinlə necə davranırdı?

- Mənim ondan heç bir şikayətim yoxdur. Sadəcə, yeməklər pis idi, hər dəfə onu şikayət edirdik. İndiki vəziyyəti deyə bilmərəm, mən əvvəldən danışıram. Dəfələrlə deyirdik ki, işçilərinizi dəyişin, köhnə, dadsız yeməklər verilirdi.

- Məhbubə xanım deyib ki, Məhəmmədə heç kim sahib çıxan deyil.

- Məhəmmədi əvvəl bir ailə himayəyə götürmüşdü, bayaq da həmin ailə mənimlə əlaqə saxlayıb bildirdi ki, biz yenidən Məhəmmədə sahib çıxmaq istəyirik. Xahiş edərək bildirdilər ki, Məhəmmədi o ailəyə verim. Mənə dedilər ki, siz də gəlib qala bilərsiniz. O ailə çox gözəl ailədir. Məhəmmədin bir sıra problemlərinə görə onlar Məhəmmədi geri qaytarmışdılar. İttihamlar var idi ki, guya Məhəmməd məktəbi yandırmağa cəhd edib, guya valideynini vurub. Lakin sonradan bunların əsassız olduğu məlum oldu. Əsl səbəb isə Məhəmmədin çox küçəyə meyilli olması, çox gəzməsi idi.

- Sizin özünüzün problemləriniz nədən ibarətdir?

- Mən həyat yoldaşımdan yeddi aydır ayrılmışam, bir oğlum var. Mən oğluma da dəstək olmaq istəyərəm, evimi ona verməklə qalmayıb, başqa köməkliklər də etmək istəyirəm. Mən ölkədən çıxış istəyirəm, hərbi biletimi alıb getmək istəyirəm. Hansı ki, üç aydan bir mən xəstəxanaya gedirəm, müddətli yararsız kimi qeyd olunmuşam, bu da mənim xəstəliyimlə bağlıdır. Nevroloji problemlərim var. Heç kimdən bu vaxta kimi heç nə istəməmişəm, özüm-özümü idarə etmişəm. Hərbi biletimin olmaması mənə hər yerdə problem yaradır. Hansısa normal işə gedirəm, 500-600 manat maaşlı bir işə gedirəm, məndən hərbi bilet tələb edirlər. Ölkədən çıxış istəyirəm. İstəyirəm ki, bir il ərzində normal işləyim, pul yığım, gedim Kanadaya. Əsgərlikdən yayınmaq fikrim yoxdur, əksinə, özüm demişəm, aparsınlar, amma problemlərimi də demişəm, özləri də araşdırıblar.

- Bundan sonrakı planlarınız nədir?

- Bundan sonrakı həyatımda ilk olaraq Məhəmmədin məsələsini həll etmək istəyirəm. Şəfiqə xanıma müraciət edib, görüşəcəyəm. Məhkəmə prosesləri davam edəcək. Ondan sonra mən qardaşımı götürüb qanuni yolla əvvəl götürdüyü insanlara təhvil vermək istəyirəm. Yenə də gedib-gəlmək şərtilə hər bir şeydən danışacağam. Mən ölkədən çıxış etsəm də, internet dövrüdür, onunla normal danışa biləcəyəm. Mən ölkədən çıxış əldə etmək istəyirəm. İnsanların tənqidi və təhqiri altındayam. Mən bunu tənqid olunduğuma görə etmirdim. Qabaqcadan müsahibə də vermişdim ki, mən qardaşımın yanındayam. Onu xəstəxanadan çıxaracağam. Hansı ki, həkim deyib ki, heç bir problemi yoxdur”. (Azxeber.com)