Logo
news content
User
Kateqoriyalar

Xəbər

Prezident İlham Əliyev ABŞ Dövlət Departamentini ittiham edib, Ermənistanı hədələyib

Amerika Konqresinin 60 ermənipərəst konqresmeni Azərbaycana növbəti sanksiyalar tətbiq etmək üçün Amerika hökumətinə müraciət edib.

“Səhər mən o müraciəti vərəqlədim, çirkin bir müraciətdir, bizim iradəmizə təsir edə bilməz. Ancaq bu, nəyi göstərir, bizə qarşı olan düşmənçilik siyasəti dayanmır”. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev cümə günü Cəbrayıl sakinləri ilə görüşündə bildirib.

“O müraciətə baxdıqda mən təxmin etdim ki, bunun müəllifi də, ünvanı da birdir. Çünki bunun ünvanı Amerika Dövlət Departamentinin dövlət katibidir. Amma məndə bir zərrə qədər şübhə yoxdur ki, bu müraciət Amerika Dövlət Departamentində də yazılır. Yəni, özləri özlərinə məktub yazırlar, bizi hədələmək üçün, bizi ittiham etmək üçün”, - AZƏRTAC Dövlət Agentliyi Əliyevdən sitat gətirib.

Bunun səbəbləri barədə danışan dövlət başçısı deyib: “Çünki onların Əfqanıstandakı işğalçılıq fəaliyyəti başlamışdı, işğalçılıq müharibəsi başlamışdı və bizə ehtiyacları var idi. Nə qədər ki onlar Əfqanıstanda qalmışdılar, hər il bu sanksiya Amerika prezidenti tərəfindən qaldırılırdı. Onlar ki Əfqanıstandan qaçdılar, - özü də bütün dünyanın gözü qarşısında, - bu sanksiyalar yenidən bizə qarşı tətbiq edildi. Bu nankorluğun dərəcəsi var, yoxsa yox?!”.

O, Qərbin ünvanına tənqidlərini davam etdirərək deyib: “Yəni, necə ola bilər ki, bizim icazəmiz olmadan Azərbaycan öz hüququnu bərpa etdi, heç kimdən soruşmadan, heç kimdən qorxmadan, heç kimi saymadan. Öz gücü hesabına, öz övladlarının fədakarlığı hesabına. Bunu bizə bağışlaya bilmirlər".

“Bu gün Azərbaycana Amerikadan sanksiya tətbiq edilir. Ondan sonra da deyirlər ki, gəlin, dostluğumuzu möhkəmləndirək. Hansı dostluqdan söhbət gedə bilər?”, - dövlət başçısı vurğulayıb.

“Ermənistan təhlükəli oyunlara qoşulub, İkinci Qarabağ Müharibəsinin tarixçəsi onların yadından çıxmasın. Antiterror əməliyyatı onların yadından çıxmasın”, - prezident qeyd edib.