Logo
news content
User
Kateqoriyalar

Xəbər

Araşdırma

Paşinyanı müharibə barədə danışmağa nə vadar edir?

“Azərbaycanla Dağlıq Qarabağ arasında siyasi danışıqlar başlamalıdır və Dağlıq Qarabağ hakimiyyəti heç kimə onları bu konstruktiv danışığı pozmaqda və ya onu mümkünsüz etməkdə ittiham etməyə imkan verməməlidir”. Bunu yanvarın 12-də hökumətin iclasında Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, “Dağlıq Qarabağ hakimiyyətinin və xalqının mövcud vəziyyətin həllinə reaksiyası asimmetrik olmalıdır”. O əlavə edib ki, son illərin hadisələri, onların dərin mənası və səbəbləri vəziyyətə verdiyimiz qiymətlərin faktlara əsaslanması baxımdan nəzərə alınmalıdır. "Bu baxımdan, ilk növbədə, vəziyyəti daha da çıxılmaza salan siyasi bəyanatlardan çəkinmək lazımdır. Çünki son məqsədə nail olmaq barədə aydın ideyalarla müşayiət olunmayan bəyanatların heç bir faydası yoxdur", - Paşinyan vurğulayıb.

O, Laçın dəhlizinin “bağlanmasını” son məqsədi yeni hərbi eskalasiya olan “təxribat” adlandırıb və hərbi eskalasiya ssenarisini tərtib edənlərin arzu etdikləri addımları atmamağa çağırıb. “Təxribatların və eskalasiyanın məqsədlərindən biri də Bakı ilə Stepanakert arasında aşkar görünən siyasi və rəsmi dialoq ehtiyacını gizlətmək və onu gündəmdən çıxarmaqdır. Bu təxribatçı vəzifənin həllinə kömək edəcək addımlar atılmamalıdır”, - Ermənistan hökumətinin başçısı hesab edir.

O əlavə edib ki, “Ermənistanın diplomatik xidməti, xarici əlaqələrə malik olan bütün idarə və dairələr beynəlxalq ictimaiyyətin diqqətini Dağlıq Qarabağdakı humanitar böhrana cəlb etmək və müxtəlif instansiyalarda müzakirə obyektinə çevirmək üçün səylərini artırmalıdır”.

“Bu mənada çox iş görülüb, lakin daha çox iş görülməlidir. Humanitar böhranın idarə olunmasında Dağlıq Qarabağ xalqına dəstək məqsədilə Ermənistanda yaradılmış işçi qrup yaranan operativ məsələlərin həlli üçün mümkün tədbirləri davam etdirməlidir”, - Nikol Paşinyan yekunlaşdırıb.

Ermənistanın baş naziri hesab edir ki, Azərbaycan Qarabağın erməni azlığının rus “sülhməramlılarının” nəzarəti altında yaşadığı hissəsində hansısa hərbi əməliyyatlar hazırlayır. Bəs onu belə düşünməyə vadar edən nədir? Həqiqətən belə iddialar üçün əsaslar varmı?

Beynəlxalq məsələlər üzrə ekspert Elman Fəttah vəziyyətlə bağlı fikirlərini Press Klubla bölüşüb:



- Paşinyanın “Azərbaycan Qarabağın erməni azlığının rus “sülhməramlılarının” nəzarəti altında yaşadığı hissəsində hansısa hərbi əməliyyatlar hazırlayır” deməsinə səbəb İlham Əliyevin yanvarın 10-da yerli mətbuata müsahibəsində səsləndirdiyi fikirlər olub.

İlham Əliyev həmin müsahibədə deyib: “Bizim üçün hansısa ciddi təhlükənin olduğunu görsək, dərhal bu təhlükəni dəf edəcəyik. Bu təhlükənin harada, bizim ərazimizdə və ya sərhədlərimizdən kənarda yaranmasından asılı olmayaraq. Bu, bizim qanuni hüququmuzdur”.

Paşinyan bu bəyanatlara əsaslanaraq yeni əməliyyatların aparılacağını bildirib. Paşinyanın çıxışının əsas istiqaməti Laçın dəhlizindəki son vəziyyəti dünya ictimaiyyətinə Bakının Qarabağ ermənilərini rəsmi blokadaya alması kimi təqdim etməkdir. O qeyd edir ki, onlar bu istiqamətdə xeyli iş görüblər, lakin daha çox iş görməlidirlər. Əlavə işlərdən danışarkən, beynəlxalq ictimaiyyəti Azərbaycanın “blokladaya alınmış” yerli ermənilərə qarşı hərbi əməliyyata hazırlaşdığına inandırmağı nəzərdə tutur.

Məncə, Paşinyan İlham Əliyevlə geniş müsahibənin bir hissəsinə əsaslanaraq belə bir açıqlama verməklə yanılır. İlham Əliyev çıxışını davam etdirərkən deyib: “Bir daha təkrar etmək istəyirəm ki, biz üçüncü müharibəyə başlamaq fikrində deyilik. Bizi bunda ittiham edənlər sadəcə olaraq ya erməni təbliğatının qurbanıdır, ya da bizə qarşı iftira, qarayaxma kampaniyası aparmaq istəyirlər”. Və o, ümid etdiyini bildirib ki, 2022-ci il İkinci Qarabağ müharibəsinin əsl sonu olacaq və bu il belə hadisələr baş verməyəcək. Yəni, İlham Əliyev açıq şəkildə bəyan edir ki, yeni müharibəyə başlamaq niyyətində deyil.

Digər tərəfdən, Paşinyan Azərbaycanın Rusiya sülhməramlılarının məsuliyyət zonasında hərbi əməliyyat keçirəcəyini iddia edib. Amma bu, ağlabatan deyil. Birincisi, İlham Əliyev müttəfiqlik münasibətlərində olduğu Putinlə belə bir qarşıdurmaya getməyəcək. İkincisi, “ekoloji fəalların” Laçın dəhlizində aksiyası sübut edir ki, rəsmi Bakı nəinki Moskvanın məsuliyyət zonasında hərbi əməliyyat keçirmək niyyətində deyil, ümumiyyətlə, Qarabağın ermənilər yaşayan hissəsi ilə bağlı planlarını qeyri-müharibə üsulları ilə həyata keçirməyə üstünlük verir. 

Rauf Orucov