Logo
news content
User
Kateqoriyalar

Xəbər

Paşinyan: Müxalifətin seçiciləri ələ aldığına görə səs qazana bilib

Ermənistanda iyunun 7-də keçirilən parlament seçkilərində müxalifət partiyalarının göstərdiyi nəticə seçicilərin fəal şəkildə ələ alınması ilə şərtlənib.

Ermənistan mediası xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə bildirib.

"Müxalifət partiyalarına gəlincə, seçiciləri ələ almadan onların heç biri keçid həddini aşa və parlamentə düşə bilməzdi", - o qeyd edib.

Baş nazir bu addımların qarşısını ala bilmədiyi üçün məsuliyyəti məhkəmə sisteminin üzərinə qoyub:

"Baş verənlərə görə məhkəmə sistemi də cavabdehdir, çünki əvvəlki seçkilərdə rüşvət verənlər nəinki həbsdə deyillər, həm də bu prosesdə öz fəaliyyətlərini davam etdirirlər".

O, həmçinin bildirib ki, seçkilərdə seçicilərin ələ alınmasına qarşı qeyri-effektiv mübarizəyə görə məhkəmə sistemindən cavab tələb etmək niyyətindədir.

Xatırladaq ki, iyunun 7-də Ermənistanda parlament seçkiləri keçirilib. Bülletenlərin 100 %-nin hesablanmasının nəticələrinə görə, Baş nazir Nikol Paşinyanın "Mülki müqavilə" Partiyası seçici səslərinin 49,83 %-ni toplayıb.

İkinci yeri 23,28 % səs toplayan, iş adamı Samvel Karapetyanla əlaqəli olan "Güclü Ermənistan" partiyası tutub. Keçmiş Prezident Robert Koçaryanın rəhbərlik etdiyi "Ermənistan" bloku 9,93 % səs qazanıb. Seçkilərdə dördüncü yeri iş adamı Qaqik Tsarukyanın "Çiçəklənən Ermənistan" partiyası tutub, 3,996 % səs toplayıb.

N.Paşinyan bu üç müxalifət partiyasını "üçbaşlı müharibə partiyası" adlandırır.