Logo
news content
User
Kateqoriyalar

Xəbər

Reportaj

“Partladılmış” İrəvan və “minalanmış” Ermənistan kimə lazımdır?

İrəvandakı “Sürməlu” ticarət mərkəzində insan tələfatı ilə nəticələnən partlayış və yanğından sonra Ermənistanda mühüm obyektlərin minalanması ilə bağlı təxribat xarakterli xəbərlər dalğası başlayıb. Bu xəbərlər təsdiqini tapmasa da, ölkədə səs-küy yarada bilib. Bunun fonunda müxalifət də hakimiyyətin ünvanına ittihamlarla çıxış etməyə başlayıb. Çərşənbə axşamı bu ölkədə baş verənlərin xronologiyasına diqqət edək.

Əvvəlcə, Ermənistan Fövqəladə Hallar Nazirliyi İrəvan metrosunun, ən mühüm hərbi və mülki obyektlərin minalanması barədə məlumat alıb.

Ermənistan Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Yerevan metrosunda, bütün ticarət mərkəzlərində, zooloji parkda, parlamentdə, Müqəddəs Qriqori kilsəsində partlayıcı qurğuların qoyulması barədə siqnallar daxil olub.

Kinoloqlar, xilasedicilər və mühəndis-istehkamçı qrupları ərazilərə yola düşüb. Fövqəladə Hallar Nazirliyi təhlükəsizlik məqsədilə vətəndaşlar təxliyə edib.

Öz növbəsində, Yerevan metrosunun mətbuat katibi Tatev Xaçatryan sosial şəbəkədə Fövqəladə Hallar Nazirliyinə bütün metro stansiyalarında partlayıcı qurğuların qoyulması barədə məlumat daxil olduğunu bildirib.

"Hazırda sərnişindaşıma dayandırılıb", - Xaçatryan qeyd edib.

Bundan əlavə, Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Hayk Kostanyan bildirib ki, çərşənbə axşamı agentliyin elektron poçtuna Yerevanın “Zvartnots” beynəlxalq hava limanına bomba qoyulması barədə məlumat gəlib.

“Fövqəladə Hallar Nazirliyinin katibliyinə “Zvartnots” hava limanına bomba qoyulması barədə elektron poçtla məktub daxil olub. Hazırda Fövqəladə Hallar Nazirliyinin qrupları hava limanında yoxlama həyata keçirir, insanların təxliyyəsi planlaşdırılmır”, - deyə o bildirib.

Daha sonra Ermənistan Fövqəladə Hallar Nazirliyinin sözçüsü Hayk Kostanyan bildirib ki, metroya və digər ictimai yerlərə bomba qoyulması ilə bağlı siqnallar əsasən elektron poçt vasitəsilə alınır.

“Son vaxtlar bu məktublar əsasən İrəvan bələdiyyəsinin elektron ünvanına göndərilib. Bugünkü məktub Fövqəladə Hallar Nazirliyinin katibliyinə ünvanlanıb. Bu siqnalların hansı ölkədən gəldiyi, müəlliflərinin əcnəbi olub-olmaması barədə məlumat yoxdur”, - Kostanyan bildirib.

Yəni hakimiyyət bu siqnalların haradan gəldiyini anlaya bilmir. Eks-prezident Serj Sarqsyanın Respublika Partiyası bununla bağlı dərhal kəskin tənqidi fikirlər səsləndirib.

“Ermənistan-Azərbaycan sərhədindəki Tavuş bölgəsində görün nə baş verir. Deyirlər ki, anklavlarla bağlı orada Rusiya postları yaradılır”. Bunu Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan avqustun 16-da jurnalistlərlə görüşündə deyib.

O deyib ki, hazırda hər bir kəs bu haqda danışır. Aşotyan hazırkı “güzəştləri” gələcəkdə Tavuşda, Sünikdə “yeni güzəştlərə” hazırlıq adlandırıb. Onun sözlərinə görə, Rusiya-Ermənistan münasibətlərində dərin ziddiyyətlər var, əsir və itkin düşənlər məsələsi isə Ermənistanın ictimai müzakirəsindən tamamilə çıxıb. “Erməni xalqının dünya xəritəsindən çıxarılmasının qarşısını almaq üçün Nikol Paşinyanı hakimiyyətdən salmaq lazımdır. Bizim dövlətimiz yoxdur. Berdzor (Laçını nəzərdə tutur – red.) ətrafında baş verənlər və “Sürməlu” ticarət mərkəzində partlayış baş verəndən 27 saat sonra koordinasiya qərargahının yaradılması buna dəlalət edir. Hakimiyyət isə faciədən cəmi iki gün sonra matəm elan etmək niyyətini açıqlayıb”, - deyə sədr müavini vurğulayıb.

O, son bir həftə ərzində orduda qeyri-döyüş şəraitində 5 ölüm faktının qeydə alındığını xatırladaraq, hətta ilkin olaraq ölkənin təhlükəsizliyini gücləndirmək məqsədi daşıdığı açıqlanan hərbi təlimlərin belə, itkilərə səbəb olduğunu qeyd edib. 

Müxalifət nümayəndəsi Paşinyanı Ermənistan dövlətinin altına qoyulmuş bomba adlandırıb. “Hətta 2020-ci il noyabrın 9-dan sonra Ermənistanın mövqeləri indikindən daha güclü idi. Çünki Nikol hakimiyyətdə qaldı. Amma noyabrın 9-dan sonra getsəydi, o zaman məhbuslar qayıdacaq, Qarabağ münaqişəsi beynəlxalq leksikonda saxlanılacaq, Qarabağ xalqının öz müqəddəratını təyin etmək hüququ münaqişənin həllində ən mühüm prinsip olaraq qalacaqdı. Axı 9 noyabrdan sonra beynəlxalq ictimaiyyətin mövqeyi belə idi. Paşinyan getsəydi, ordu güclənərdi, müttəfiqlə münasibətlər güclənərdi. İndi isə biz dünya ictimaiyyətinin gözündə hörmətimizi itirmişik”, - deyə Aşotyan əlavə edib.

O, Ukraynadakı müharibənin tezliklə başa çatmasının Ermənistan üçün faydalı olduğuna əmin olduğunu bildirib. Çünki dünyadakı mövcud vəziyyət yaxşı heç nə vəd etmir. Partiya sədrinin müavini bunu onunla izah edib ki, fövqəldövlətlər arasında münasibətlər gərgin vəziyyətdə qaldığı zamanda Ermənistan dünya gündəmində arxa plana keçir, Azərbaycan və Türkiyə isə bundan yararlanır. “Rusiyanın Cənubi Qafqazda təsirinin zəifləməməsi bizim üçün faydalıdır. Əks halda, biz qurban verilə biləcək sövdələşmə obyektinə çevrilə bilərik”, - deyə o, yekunlaşdırıb.

Görünür, kimsə həqiqətən də Ermənistanda daxili vəziyyəti maksimum dərəcədə pozmaq istəyir. Bu qüvvələr hansılardır? Bu hadisələr kimin maraqlarına uyğun baş verir? Və son hədəf nədir?



Tanınmış rusiyalı beynəlxalq ekspert Qriqori Trofimçuk bu məsələ ilə bağlı fikirlərini Press Klubla bölüşüb:

- İstənilən ölkədə hər hansı əhəmiyyətli partlayış və ya terror aktından sonra dərhal “əcinnə” axtarmağa başlayırlar və hətta çox vaxt tapırlar. Ona görə də İrəvandakı partlayış da istisna deyildi: cəmiyyətə elə görünməyə başlayır ki, sözün əsl mənasında hər bir obyektdə təhlükə var, ölüm addım-addım izləyir.

Amma eyni zamanda, müxalifətçilərindən birinin düzgün qeyd etdiyi kimi Ermənistan üçün əsas təhlükə baş nazir Paşinyanın özüdür. Məhz bu səbəbdən 2018-ci ilin yazından başlayaraq burada sabitliyin pozulması müşahidə olunur. Bu “inqilabçı” təkcə Ermənistanın deyil, bütün Cənubi Qafqazın altına “canlı bomba” kimi qoyulmuşdu və mən o zamandan bu faktı vurğulayıram. Ticarət mərkəzindəki partlayışın Rusiyaya sərfəli olması ilə bağlı versiya ilə razı deyiləm. Ona görə yox ki, mən özüm rusiyalıyam. Ona görə ki, Moskvanın sadəcə olaraq Ermənistanda əlavə sarsıntıların olmamasına ehtiyacı var. Əlavə sarsıntılar müharibəyə bonusdur. Üstəlik, Rusiya tərəfi Paşinyanı belə desək, “cəzalandırmaq” niyyətində deyil. O, bütün əvvəlki hadisələrə görə maksimum cəzalandırılıb.

Lakin bu böyük partlayışın özü bir siqnaldır ki, bundan sonra Ermənistan hücum altındadır, təzyiq altındadır və indi onun daxilində hər şey ola bilər. Çünki uzun müddətdir ki, ölkədə belə partlayış olmayıb. Paşinyan həm Qərb, həm də Rusiya üçün qayışı olmayan əlavə bel çantasına çevrilib. Birləşmiş Ştatlar çox uzun müddət ona baxdı, potensialını ölçüb-biçdi, amma görünür, onunla "sıyıq bişirməyin mümkün olmadığını" anladı. Odur ki, Ermənistandan istifadənin ən optimal variantı kimi ölkədə sabitliyin pozulması ola bilər. Çünki ölkə əhalisi hərbi baxımdan o qədər tənbəldir, heç nəyə yaramayan və İrəvan kafelərində əriyən vətənpərvərlik o qədər süstdür ki, hətta qan düşməni olan Azərbaycanla döyüşməyə belə hazır deyil. Beləliklə, ticarət mərkəzini partladan qüvvələrin fikrincə, uduzulmuş müharibənin belə aktivləşdirə bilmədiyi cəmiyyəti ancaq belə şeylər birtəhər yerindən tərpədə bilər.

Beləliklə, bu, məhz xaricdən gələn siqnaldır və onun müəllifi artıq o qədər də önəmli deyil. Həmin şəxs hətta soydaşlarının laqeydliyindən narazı olan hansısa erməni radikalı ola bilər. Problem Ermənistan cəmiyyətinin özündədir, çünki o, çağırışlara cavab vermək iqtidarında deyil. Amma Azərbaycan kimi region ölkələri Ermənistanla bərabər “dərəyə” düşməmək üçün baş verənlərə çox diqqətlə reaksiya verməlidirlər. Çünki Ermənistanda sabitliyin pozulması bütün regionda sabitliyin pozulmasına bərabərdir. Bu isə sülhə istiqamətlənən Azərbaycana lazım deyil. Azərbaycan alov içində olan Ermənistanda sakitcə nəqliyyat dəhlizləri yarada bilməyəcək. Çünki irimiqyaslı terror aktları təhlükəsi yaranarsa, istənilən ticarət avtomatik olaraq dayandırılacaq.

Rauf Orucov