Logo
news content
User
Kateqoriyalar

Xəbər

Özbəkistanda prezident seçkiləri keçirilir

Bu gün Özbəkistanda keçirilən prezident seçkilərində səsvermə başlayıb.

Prezident seçkilərində Özbəkistanda fəaliyyət göstərən siyasi partiyaları təmsil edən 5 namizəd iştirak edir:

Özbəkistan Ekologiya Partiyasından Narzullo Naimoviç Oblomuradov;

Özbəkistan Xalq Demokratik Partiyasından Maksudə Azizovna Varisova;

Sahibkarlar və İş adamları Hərəkatından - Özbəkistan Liberal Demokrat Partiyasından Şavkat Miromonoviç Mirziyoyev;

Özbəkistanın “Milli tıklanış” Demokrat Partiyasından Əlişir Keldiyeviç Kodirov;

Özbəkistanın “Adolat” Sosial Demokrat Partiyasından Bəhram Abdurəhimoviç Abduhəlimov.

Seçkiləri MDB, MDB Parlament Assambleyası, Şanxay Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, UNESCO və digər ölkələrdən minə yaxın beynəlxalq müşahidəçi, həmçinin 41 ölkədən 268 nümayəndə izləyir. Seçkiləri işıqlandırmaq üçün 116 xarici və 1,5 minə yaxın yerli jurnalist akkreditə olunub. Seçki məntəqələri saat 19:00-da bağlanacaq.

Səsvermə üçün ölkə daxilində 10 761 seçki məntəqəsi açılıb. Son məlumatlara əsasən, vahid seçici siyahısında 19,8 milyon seçici qeydə alınıb. Onlardan təxminən 900 mini ilk dəfə səs verəcək.

Özbəkistanda ekzit -pol keçirilmir və prezident seçkilərinin ilk nəticələri oktyabrın 25-i MSK tərəfindən açıqlanacaq. Yeni prezident səsvermə günündən iki aydan gec olmayaraq səlahiyyətlərinin icrasına başlamalıdır.

Namizədlərdən heç biri 50%-lik həddi keçməsə, ikinci tur elan ediləcək və həmin turda daha çox səs toplamış 2 namizəd iştirak edəcək. Seçkilərdə seçicilərin 33%-dən çoxu iştirak edərsə, seçkilər keçirilmiş hesab olunur.

Seçkilərə Azərbaycan Milli Məclisi sədrinin müavini Fəzail İbrahimlinin başçılığı ilə parlament nümayəndə heyəti də müşahidəçi kimi qatılıb. Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimov, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, deputatlar Cavanşir Paşazadə və Aydın Mirzəzadə MDB PA-nın xətti ilə, deputat Ağalar Vəliyev isə TÜRKPA-nın xətti ilə seçkiləri müşahidəçi kimi izləyir.

Azərbaycandan gələn müşahidəçilər gün ərzində bir sıra seçki məntəqəsində olacaq, seçkilərin gedişini izləyəcəklər.