Logo
news content
User
Kateqoriyalar

Xəbər

Öz "qazdıqları" quyu - Çində koronavirusdan iki aya 1,5 milyon adam ölə bilər

Çinin Fudan Universitetinin alimləri COVID-19 virusunun daha yoluxucu ştamı olan “omikron”a dair araşdırmanın nəticələrinə əsaslanaraq hesab edirlər ki, əgər ölkədə “Sıfır COVID” siyasəti tətbiq olunmasaydı, may-iyul aylarında təxminən 1,55 milyon nəfər pandemiyanın qurbanı olacaqdı.

Çinli alimlərin ABŞ-dan olan həmkarları ilə birgə apardıqları araşdırmanın nəticələrinə əsasən, Çin hazırda tətbiq etdiyi “Sıfır COVID” siyasətindən imtina edib, bir çox ölkənin seçdiyi “Virusla birgə həyat” strategiyasına keçərsə, simptomlu xəstələrin sayı 112 milyon nəfərə, reanimasiya şöbələrində yerləşdirilməli olanların sayı isə 2,7 milyona çata bilər. Sonuncu rəqəm Çinin hazırkı potensialından 15,6 dəfə çoxdur.

Tədqiqatçılar Şanxay şəhərində, Şensi və Şandon vilayətlərində epidemik vəziyyəti əsas götürərək, virusun müxtəlif yaş qrupları üzrə mümkün yayılma ehtimalını, habelə peyvənd olunanların yoluxma risklərini riyazi olaraq hesablayıblar. Onlar belə qənaətə gəliblər ki, Çində COVID-19 virusuna qarşı 2022-ci ilin mart ayına qədər aparılmış vaksinasiya nəticəsində yaranmış kütləvi immunitetin səviyyəsi “omikron” dalğasının qarşısını almağa kifayət etməz.

Qeyd edək ki, martın əvvəlindən Çində “omikron” dalğası başlayıb. Hazırki dalğada sutkalıq yoluxma sayı Uhan böhranında qeydə alınan rəqəmləri üstələyib. “Omikron” dalğasında yoluxanların çoxunun simptomsuz pasiyent olmasına baxmayaraq, orta və ağır halların, habelə ölüm hallarının qeydə alınması narahatlıq doğurub. “Virusla birgə həyat” strategiyasını tətbiq edərək, karantin qaydalarını maksimum dərəcədə yumşaldan bir çox ölkədən fərqli olaraq, Çin daha az hospitalizasiyaya səbəb olan “omikron” dalğasında da “Sıfır COVID” və ya “Virussuz həyat” prinsipinə sadiq qalır. “Sıfır COVID” strategiyası yoluxmalar aşkarlanan yaşayış məntəqələrində lokal qapanmaların tətbiqi və kütləvi test prosesinin icrası ilə yoluxma zəncirini erkən dayandırmağı, bununla da virusun ölkəyə yayılmasının qarşısını ilkin mərhələdə almağı əhatə edir. Səlahiyyətli qurumlar “Virusla birgə yaşayış” prinsipinin 1,4 milyard əhalisi olan Çində tətbiqinin mümkün olmadığına inanır. Hökumət iqtisadiyyata mənfi təsirinə baxmayaraq “Sıfır COVID” strategiyasının ölkə üçün daha uyğun olduğunu düşünür.