Ötəri namizəd, yoxsa ikinci turun taleyini həll edəcək əsas fiqur - Sina Oğan kimdir?
16 May 2023
Türkiyədə 14 may seçki gecəsində haqqında ən çox danışılanlardan biri də Sinan Oğandır. Seçkilərə partiyasız prezidentliyə namizəd kimi daxil olan ATA İttifaqının namizədi Oğan hələ son nəticə olmayan hesablamalara görə beş faizdən çox səs toplayıb.
İkinci tura qalacağı açıqlanan prezident seçkilərində Sinan Oğan özlərinin açar rolu oynayacaqlarını müdafiə edib.
Cənab Oğan Türkiyənin Fox Tv-ə verdiyi açıqlamada, "Bu seçkilərdə HDP və HÜDAPAR əsas olmayacaq, bu seçkinin təyinedicisi türk millətçiləri olacaq" dediklərini xatırladıb.
Sinan Oğandan soruşulub ki, siz “Kemal Kılıçdaroğlu HDP-ni siyasi sistemindən kənarlaşdırılarsa, onu dəstəkləyərəm” kimi fikrin doğru olub-olmadığı sualına belə cavab verib?
"Xeyr, yanlışdır. Biz bir prinsip qoyduq. O prinsiplərdən yalnız biri terror təşkilatlarından uzaq durmayan siyasi partiyalarla məsafə saxlamaqdır. Mən əvvəldən HDP və Hüda Parın siyasətdə əsas olmasının əleyhinə idim. Yeganə şərtimiz bu olsaydı, "Hörmətli Kılıçdaroğlu, HDP-dən əl çəkin gələk" deyərdik. Amma bu, o qədər də sadə bir tənlik deyil".
Seçkidən əvvəl qatıldığı verilişdə ikinci tur üçün strategiyalarını izah edən Sinan Oğan tələblərinin olacağını açıqlayıb.
Mayın 11-də jurnalist Bahar Feyzanın YouTube kanalında açıqlama verən Oğan, "Masa arxasında oturduğumuz partiyalarla tələblərimizi müzakirə edəcəyik. Təbii ki, qarşılıqsız ortaq olmayacağıq. Nazirliklər kimi tələblərimiz olacaq" deyib.
Sinan Oğan da ikinci turun nəticəsini müəyyən edəcəklərini iddia edib və dəstəkləyəcəkləri adla bağlı ittifaq ortaqları ilə məsləhətləşəcəklərini açıqlayıb.
Oğan 2022-ci ilin sentyabrında sosial media hesabında “Türk millətçilərinin müstəqil prezidentliyə namizədi” ifadəsi ilə namizədliyini açıqlayıb.
MHP-dən qovulma prosesi zamanı nə baş verib?
Partiyasız prezidentliyə namizəd Sinan Oğan 2006-cı ildən Milliyətçi Hərəkat Partiyası (MHP) rəhbəri Devlet Bahçeli üçün xarici siyasət və təhlükəsizlik məsələləri ilə bağlı hesabatlar hazırlayıb.
2011-ci ildə MHP İğdırdan millət vəkili olaraq Türkiyə Böyük Millət Məclisinə (TBMM)-ə daxil olub.
O, MHP-nin 1 noyabr 2015-ci il seçkilərində böyük səs itkisinə məruz qalmasından sonra partiya rəhbərliyinə namizəd olacağını açıqlayıb.
Sinan Oğan həmin il iyunun 7-də keçirilən seçkilərdən sonra "MHP minimum həddən aşağı düşə bilər" yazaraq partiya rəhbəri Devlet Bahçelini qəzəbləndirib.
Bahçeli Oğanın partiyadan xaric edilməsini istəsə də, partiyanın İğdır Bölgə İntizam Komitəsi Bahçelinin tələbinə müqavimət göstərərək onun xaric edilməsinə qərar verməyib. MHP sədri daha sonra Mərkəzi İntizam Komitəsini aktivləşdirərək Oğanı partiyadan xaric edib.
Lakin Oğan məhkəmə qərarı ilə partiyaya qayıdıb.
İYİ Partiyanın yaradılması ilə nəticələnən 16 aprel 2017-ci il Konstitusiya Referendumunda MHP-dən “xeyr” siyasəti üçün kampaniya aparıb.
Bu referendumda prezident idarəetmə sistemi adlanan prezident üsul-idarəsi 51 faizdən çox səslə xalq tərəfindən dəstəklənib.
Sinan Oğan o vaxtkı seçki kampaniyası zamanı MHP daxilində Meral Akşener, Ümit Özdağ və Koray Aydın kimi rəhbərliyə müxalif siyasətçilərlə birlikdə hərəkət edib.
Bu siyasətçilər “Türk Millətçiləri “Yox” deyir” başlığı ilə kampaniya aparıblar.
O, 2016-cı ildə qalmaqallı qurultayda partiya sədrliyinə namizəd olmaq istəyirdi, lakin bəzi digər siyasətçilərlə birgə partiyadan xaric edilib.
Lakin Sinan Oğan İYİ Partiyanın yaranması prosesində iştirak etməyib.
Koray Aydın və Ümit Özdağ Meral Akşenerin partiyasına qatılacaqlarını açıqlasa da, Sinan Oğan kənarda durmağa üstünlük verib.
Bu dəfə də onun partiyadan qovulma iddiası barədə şikayətini məhkəmə qəbul edildikdən sonra o MHP-yə qayıdıb. O, öz tərcümeyi-halında bu prosesi belə ümumiləşdirib:
“2015-ci ildə Milliyətçi Hərəkat Partiyasının Sədrliyinə namizədliyini açıqlayıb. Məhkəmənin qərarı ilə ləğv edilən qurultay işindən sonra 2 dəfə partiyasından xaric edilsə də, təkliflərə baxmayaraq heç bir partiyaya keçməyib, yeni partiya yaratmayıb. O, partiyasına və onun mübarizəsinə sadiq qalacağını bəyan edib”.
ATA İttifaqı namizədliyi
İYİ Partiyadan ayrılan Ümit Özdağın qurduğu Zəfər Partiyasının Ədalət Partiyası ilə Ülkem Partiyası və Türkiyə İttifaq Partiyasından ibarət seçki ittifaqı Sinan Oğanın namizədliyini dəstəkləməyə qərar verib.
Alyansın əsas elementi olan Zəfər Partiyasının lideri Özdağ öz siyasətini “qaçqınları Türkiyədən göndərmək” əsasında qurur.
Sinan Oğan TRT-dəki çıxışında "14 May seçkiləri ölkəmiz üçün taleyüklü seçimdir. Mayın 14-də bu ölkədən 13 milyon qaçqının gedəcək, yoxsa qalacağına səs verəcəksiniz. ATA İttifaqına səs versəniz qaçqınlar gedəcək" şüarını səsləndirib.
Oğan AKP-ni də hədəf alan çıxışında seçicilərə deyib ki, “Biz sizə bunu vəd edirik. Qaçqınlar öz ölkələrinə gedəcəklər. Lazım olsa zorla gedəcəklər. Lakin bu məcburilik qanun çərçivəsində olacaq. AK Partiya hökuməti qaçqınlara bir çox imtiyazlar verib. Türk vətəndaşları, siz bu ölkədə əsgərlik edənlər xəstəxanaya gedəndə pul ödəyirsiniz. Amma suriyalı üçün pulsuzdur”.
Seçkilərə günlər qalmış Məhərrəm İncə kimi Sinan Oğanın da namizədlikdən geri çəkilə biləcəyi iddia edilib.
Oğan bu iddialara belə cavab verib:
“Sizin manipulyasiya oyunlarınız kifayət deyilmi? Kişi kimi cəhd edib millətin səsini qazanıb qalib gəlməkdənsə, manipulyasiya oyunları ilə qalib gələcəksiniz? İndi seçki qutusu üzərində təyin etdiyiniz manqurtlarla “Sinan Oğan geri çəkildi” yalanına əl atırsınız!
Biz belə təmiz siyasi dildən istifadə etdiyimiz halda sizin bu qədər alçalacağınızı gözləməzdim. Amma sizə və sizin alçaq oyunlarınıza baxmayaraq, biz geri çəkilmədik, geri çəkilməyəcəyik, qalib gələcəyik”.
Sinan Oğanın öz saytındakı tərcümeyi-halı
1967-ci ildə Iğdırda anadan olan Sinan Oğan 1989-cu ildə Marmara Universitetinin Biznesin idarə edilməsi fakültəsini bitirib.
Daha sonra 2009-cu ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetində MDBMİ-də beynəlxalq münasibətlər və siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnib.
1992-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Türk Dünyası Biznesin İdarəedilməsi fakültəsinin dekan müavini və müəllim vəzifələrində çalışıb. Həmin dövrdə o, eyni vaxtda TİKA-nın Azərbaycan nümayəndəsi vəzifəsini icra edib. (TİKA-Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi)
O, 2004-cü ildə strateji təhlil və beyin mərkəzlərindən biri olan TÜRKSAM-ı təsis edib. Oğan hələ də TÜRKSAM-ın prezidenti vəzifəsini davam etdirir.