Logo
news content
User
Kateqoriyalar

Xəbər

Onların nələri yox imiş... - Putinin oliqarxları, milyard dollarlıq əmlak və sanksiyanın ağır əli

Beynəlxalq sanksiyalara məruz qalan 10-a yaxın rusiyalı Britaniyada dəyəri 1 milyard dollara yaxın mülkə sahibdir. Əslində, son iki onillikdə Kremlə yaxın sayılan oliqarxlar Rusiyadan kənarda dəbdəbəli mülklərə külli miqdarda sərmayə qoyublar.

BBC-nin araşdırması nəticəsində məlum olub ki, bu insanların çoxu Britaniyanı öz evi hesab edir. Məsələn, İngiltərənin cənubundakı milyonlarla dollarlıq kənd malikanələri və Londonun ən bahalı ərazilərindəki dəbdəbəli mənzillər Rusiya prezidenti Vladimir Putinlə əlaqələri olan şəxslərin satın aldığı mülklər sırasında olub.

Ümumilikdə, ABŞ, Britaniya və Avropa İttifaqı mindən çox Rusiyalı fiziki və hüquqi şəxsə qarşı sanksiya tətbiq edib ki, onların da əksəriyyəti Rusiyanın Ukraynaya müdaxiləsindən sonra sanksiyaya məruz qalıb.

Bu tədbirlər Rusiya iqtisadiyyatına zərər vurmaq və prezident Putinin özünü, onun yüksək vəzifəli məmurlarını və Putin rejimindən bəhrələnən şəxsləri cəzalandırmaq məqsədi daşıyır.

Nəticədə bütün dünyada Putinin yaxın çevrəsi ilə əlaqəli şəxslərin aktivləri yoxlanılır.

Araşdırmanın nəticələrinə görə, Britaniya daşınmaz əmlakının real sahiblərinin identifikasiyası çox vaxt ona görə çətinləşir ki, bu insanlar məxfi offşorlarda qeydiyyatdan keçmiş saxta şirkətlər vasitəsilə əmlaka sahib olurlar.

Kimin nəyə sahib olduğunu öyrənmək üçün BBC artıq ictimaiyyətə açıqlanmış offşor, Böyük Britaniyanın torpaq kadastrı və məhkəmə sənədlərini, həmçinin mövzu ilə bağlı əvvəlki hesabatları diqqətlə öyrənib.

Bəzi insanlar malikanələrə sahib olduqlarını inkar edirlər, bu səbəbdən də mövcud sanksiyalarla bu mülklərə "əl qoymaq” mümkün olmur.

Sanksiya altında olan Rusiya vətəndaşlarına aid daşınmaz əmlaklar arasında:

* Roman Abramoviçin daşınmaz əmlak portfeli 230 milyon funt-sterlinq (302 milyon dollar)

* Londonun şimalında siqar otağı və şərab zirzəmisi tikmək icazəsi ilə 65 milyon funt-sterlinq dəyərində Viktoriya dövrünə aid malikanə

* Putinin keçmiş cüdo sparrinq tərəfdaşı ilə bağlı məhkəmə araşdırması predmeti olan Sarreydəki malikanə.

Roman Abramoviç

Böyük Britaniya və Aİ-nin sanksiyaları altındadır



Martın əvvəlində Britaniya hökuməti ondan bir həftə əvvəl "Çelsi”ni satışa çıxarmağa çalışan Roman Abramoviçə qarşı sanksiyalar tətbiq edib.

Milyarder, əsasən Londonun qərbindəki Fulhem Roudda (Fulham road) 50-dən çox dəbdəbəli iqamətgahdan ibarət böyük Britaniya daşınmaz əmlak portfelinə malikdir. Bundan əlavə, İngiltərənin "Fordstam Limited” şirkəti vasitəsilə Çelsi Villacdə (Chelsea Village) onlarla mənzilə sahibdir. Üstəlik, torpaq kadastrına görə, o, Çelsidə "Stamford Bric" stadionu yaxınlığında bir otel və yaşayış kompleksinə malikdir.

Lakin onun Londondakı ən bahalı mülkü Milyarderlər küçəsi adlanan küçədə yerləşən 15 yataq otağından ibarət evidir. Orada aristokratiya, səfirlər və oliqarxlar tərəfindən çox sevilən italyan üslubunda olan böyük malikanələr var.

Abramoviç Londonun qərbindəki mülkü 2011-ci ildə ofşor şirkəti vasitəsilə alıb, ehtimal ki, bunun üçün 90 milyon funt-sterlinq ödəyib. 2016-cı ildə ona 28 milyon funt-sterlinq dəyərində rekonstruksiya işləri aparmağa icazə verilib, lakin bu layihə həyata keçirilməyib.

2017-ci ildə Abramoviç həmin "Fordstam Limited” şirkəti vasitəsilə Kinqs Road yaxınlığında 8,7 milyon funta mənzil alıb. 2019-cu ildə o, Çelsidə keçmiş Lots Road elektrik stansiyasının arxasındakı üç mərtəbəli penthaus üçün 22,3 milyon funt-sterlinq ödəyib.

Abramoviç, BBC-nin mülklərlə bağlı suallarını cavabsız qoyub.

Əlişir Usmanov

Böyük Britaniya, Aİ və ABŞ-ın sanksiyaları altındadır



Martın 3-də Britaniya hökuməti, "milyarderin Kremllə sıx əlaqələri” səbəbindən onun aktivlərini tamamilə dondurub və ölkəyə girişinə qadağa qoyub. Bundan əvvəl də Avropa Birliyi rus oliqarxa qarşı eyni addımı atıb.

Özbəkistan əsilli iş adamı və "Arsenal” futbol klubunun keçmiş səhmdarı "Everton” futbol klubunun əsas səhmdarı Fərhad Moşirinin ortağıdır, o da öz növbəsində Usmanovun "USM Holdings”inin sədridir. "Everton" Usmanovun şirkətləri ilə bütün müqavilələri, o cümlədən USM-in klubun məşq meydançalarına sponsorluğunu dayandırıb.

Əlişir Usmanovun sərvəti 18,4 milyard dollar qiymətləndirilir ki, bura Britaniya hökumətinin məlumatına görə, Londonun şimalındakı Hayqeytdəki "Beachwood House” iqamətgahı və Surreydəki "Sutton Place”in 16-cı əsrə aid mülkü daxildir.

Bununla belə, Usmanovun sözçüsünə görə, milyarderin Britaniyadakı daşınmaz əmlakının böyük hissəsi, eləcə də 600 milyon dollar dəyərində yaxtası (456 milyon funt-sterlinq) daha əvvəl "geri qaytarıla bilməyəcək etimada təhvil verilib" və onları sanksiyalardan kənarlaşdırıb.

Britaniya hökumətinin diqqət çəkdiyi iki evin kimə məxsus olduğunu müəyyən etmək son dərəcə çətin olacaq. Onlar, yaxın vaxtlara qədər əsl sahibinin adının açıqlanmasını tələb etməyən Vircin adaları kimi yerlərdə qeydiyyatdan keçmiş mürəkkəb trastlar və şirkətlər şəbəkəsi vasitəsilə sahibdirlər.

Usmanov Şimali Londonda yerləşən "Beachwood House” malikanəsini 2008-ci ildə ofşor şirkətin vasitəsilə 48 milyon funta alıb.

Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu tərəfindən aparılan araşdırma çərçivəsində BBC 2005-ci ildə Usmanovun "Sutton Place”in satın alınmasını qismən maliyyələşdirmək üçün iki Kipr şirkəti vasitəsilə ipoteka aldığını göstərən sənədlə tanış olub.

Usmanovun bacısının iki oğlu da Londonun şimalında milyonlarla funt-sterlinq dəyərində daşınmaz əmlaklara sahibdirlər.

Oleq Deripaska

Böyük Britaniya, Aİ və ABŞ-ın sanksiyaları altındadır



Britaniya hökuməti Oleq Deripaskaya qarşı sanksiyalar tətbiq etməklə onu 2 milyard funt-sterlinq dəyərində sərvətin sahibi və Roman Abramoviçin "keçmiş biznes ortağı” adlandırıb.

Martın əvvəlində məhkəmə iclasında Deripaskanın Surrey qraflığındakı Veybric şəhərində yerləşən "Hamstone House” malikanəsi də daxil olmaqla Birləşmiş Krallıqda çoxmilyonluq əmlak portfelinə sahib olduğu bildirilib. 2001-ci ildə, Kipr şirkəti olan "Edenfield Investments Limited” 8 hektar ərazidə 7,1 milyon funta malikanə alıb.

Deripaska, həmçinin Ukraynadakı müharibəyə etiraz edənlərin zəbt etdiyi Belqrav meydanında yerləşən böyük bir binaya sahibdir. Lakin daha sonra milyarderin nümayəndəsi mülkün ailə üzvlərinə məxsus olduğunu bildirib.

Deripaskanın Bukingem Sarayından beş dəqiqəlik piyada məsafədəki binaya sahib olduğuna dair sübutlar var. 17-ci əsrə aid terraslı evi 2004-cü ildə Britaniyanın Vircin adalarında qeydiyyatdan keçmiş ofşor şirkəti "Atibe Limited” tərəfindən 4,7 milyon funt-sterlinqə alınıb.

Şirkət, "EN+” şirkətinin (Deripaskanın paya sahibi olduğu enerji və metallurgiya qrupu) illik hesabatında qeyd olunub. "Transparency International” təşkilatının araşdırmasına görə, bina şirkətin ünvanı kimi qeyd olunub.

Hakim, Deripaska ilə əlaqəsi olduğu iddiası ilə bir britaniyalı iş adamının Böyük Britaniyadakı bank hesablarına həbs qoyub. Milli Cinayətkarlıqla Mübarizə Agentliyinin müstəntiqləri hesab edirlər ki, bank hesabları oliqarxa sanksiyalardan yayınmağa kömək etmək üçün istifadə edilib.

Deripaskanın sözçüsü sanksiyaları "böyük səhv" adlandırıb və bunun "əsassız və boş iddialara" əsaslandığını bildirib.

"Cənab Deripaska heç vaxt siyasətlə məşğul olmayıb. Onun Rusiya hökumətinə və ya Vladimir Putinə yaxın olduğunu güman etmək düzgün deyil. Ona qarşı sanksiyaların tətbiqi, ona və ya ailəsinə məxsus aktivlərin dondurulması qərarının nə ədalətə, nə də qanuna aidiyyatı yoxdur”, bəyanatda deyilir.

Mixail Fridman

Böyük Britaniya və Aİ-nin sanksiyaları altındadır



Rusiyanın Ukraynaya qarşı hücumundan sonra Avropa İttifaqının ona qarşı sanksiyalar tətbiq etməsi ilə "Holland & Barrett” beynəlxalq sağlam qida mağazalar şəbəkəsinin sahibi olan "LetterOne” investisiya şirkətinin Böyük Britaniyada yaşayan milyarder Mixail Fridmana məxsus səhmləri dondurulub. Martın 15-də ona, həmçinin Britaniya hökuməti tərəfindən "prezident Vladimir Putinlə sıx bağlı olduğu” əsası ilə sanksiya tətbiq edilib.

Fridman BBC-yə deyib ki, Britaniya hökumətinin sanksiyalar tətbiq etməsindən şoka düşüb və onun Vladimir Putinlə yaxın əlaqələri barədə səsələnən bəyanatlar "tamamilə yanlışdır”.

"LetterOne” investisiya şirkətinin 50%-dən biraz az paya sahib olan Fridman və Pyotr Aven (onun barəsində aşağıda oxuyun), "şirkətdə iştiraklarını dayandırdıqlarını" söyləyiblər.

Sərvəti təxminən 12 milyard dollar olaraq qiymətləndirilən Fridman 2016-cı ildə 65 milyon funt-sterlinq ödədiyi Londonun şimalında yerləşən nəhəng "Athlone House”un sahibidir.

Fridman binanın əsaslı şəkildə bərpasına icazə alıb. Bərpa işlərindən sonra orada şərab zirzəmisi, kinoteatr, üzgüçülük hovuzu, yoqa otağı və siqar otağı yaradılıb.

Pyotr Aven

Böyük Britaniya və Aİ-nin sanksiyaları altındadır



Aİ-nin sanksiya sənədlərində Pyotr Aven - "prezident Vladimir Putinin tələblərindən kənar hərəkət etməyən ən yaxın oliqarxlarından biri” kimi qələmə verilir.

Fridman kimi onun da "LetterOne”dakı aktivləri dondurulub.

Torpaq kadastrı qeydləri göstərir ki, 2009-cu ildə bir Kipr şirkəti Surrey qraflığında yerləşən Virciniya Voterdə "Ingliston House” malikanəsi üçün üçün 8 milyon funt-sterlinq ödəyib.

Avenin Kandinski, Luiza Burjua və Henri Murun əsərləri də daxil olmaqla böyük şəxsi sənət kolleksiyası olduğu bildirilir. Bir vaxtlar "Financial Times”ın müxbirləri Avenin kolleksiyasındakı bəzi eksponatların fonunda onun evində onun bir sıra fotolarını çəkiblər.

Aİ-nin sanksiya siyahısına daxil edildikdən sonra o, Kral Akademiyasının müvəkkili vəzifəsindən istefa verib, daha sonra Aven tərəfindən edilən ianələr özünə geri qaytarılıb.

Aven BBC-yə bildirib ki, ailəsinin də Londonun mərkəzində iki otaqlı və bir otaqlı studiya mənzili var.

O bildirib ki, onu "Kremlpərəst oliqarx” adlandıran Britaniya hökumətinin qiymətləndirilməsi ilə "qəti razı deyil”.

Avenin sözlərinə görə, ona qarşı sanksiyalar "aydın, lakin ədalətsizdir”. Əlavə edib ki, o, sanksiyalar tətbiq etmək üçün heç bir əsaslı səbəb görmür və heç vaxt Vladimir Putinin tələbi ilə hərəkət etməyib.

"Mən və tərəfdaşlarım həmişə siyasətdən uzaq olmağa çalışmışıq”, Aven deyib.

German Xan

Böyük Britaniya və Aİ-nin sanksiyaları altındadır



Kiyevdə anadan olan German Xan, Britaniya hökumətinin fikrincə, "Ukraynada sabitliyin pozulmasında iştirak edən Vladimir Putinin yaxın müttəfiqidir”. Mart ayında o da sanksiyalara məruz qalıb.

Xan və həyat yoldaşı Anjelika İngiltərədə bir neçə mülkə sahibdirlər.

Panama dosyesinə görə, cütlük Seyşel adalarında qeydə alınan "Apilosa Corporation” şirkətinin səhmlərinə sahibdir. Torpaq kadastr sənədləri göstərir ki, 2008-ci ildə şirkət Bukingem Sarayı yaxınlığındakı iki mənzilə görə 62 milyon funt-sterlinq ödəyib.

German Xan 2005-ci ildə həmin ərazidə daha iki mənzil alıb. Sənədlərə görə, 2018-ci ildə mənzillər həyat yoldaşının adına keçirilib.

Cütlük 2014-cü ildə Surrey qraflığında Virciniya Uoterdə 26 milyon funta malikanə də alıb. 24 dekabr 2021-ci ildə malikanə "Ravenmorrow Limited” şirkətinə 31 milyon funta satılıb.

Hazırda mülkün kimə məxsus olduğu bəlli deyil. "Ravenmorrow Limited” ötən ilin dekabrında yaradılıb və şirkətin sənədlərində heç bir fiziki şəxs benefisiar kimi qeyd edilməyib.

Xan BBC-nin suallarına cavab verməyib.

İqor Şuvalov

Böyük Britaniya, Aİ və ABŞ-ın sanksiyaları altındadır



Mart ayında İqor Şuvalova qarşı sanksiyalar tətbiq edən Britaniya hökuməti onun "Putinin yaxın çevrəsinin əsas üzvü” olduğunu bildirib.

Rəsmilər təsdiqləyib ki, onun Böyük Britaniyadakı aktivlərinə təxminən 11 milyon funt-sterlinq dəyərində Uaytholdakı iki lüks mənzil daxildir. İlk olaraq bu barədə Aleksey Navalnının Korrupsiyaya Qarşı Mübarizə Fondu məlumat yayıb.

Torpaq kadastr sənədləri daşınmaz əmlakın Rusiyanın "Sova Nedvijimost” MMC-yə məxsus olduğunu göstərir. Korrupsiyaya Qarşı Mübarizə Fonduna daxil olan sənədlərə əsasən həmin şirkət Şuvalova və onun həyat yoldaşına məxsusdur.

BBC-nin sualına cavab olaraq Şuvalovun sözçüsü təsdiqləyib ki, 2014-cü ildə mənzillərin mülkiyyət hüququ "Şuvalovlar ailəsinin nəzarətində olan” Rusiya şirkətinə keçib.

Mənzillərin dəyəri, 2014-cü ildə Şuvalovun həyat yoldaşı ilə bəyan etdiyi əmlakın dəyərindən xeyli yüksəkdir - təxminən 634 min funt-sterlinq.

Şuvalovun sözçüsü BBC-yə bildirib ki, bu məsələlər səlahiyyətli dövlət yoxlamalarına məruz qalıb və heç bir şikayət daxil olmayıb.

Mixail Qutseriyev

Böyük Britaniya və Aİ-nin sanksiyaları altındadır



2021-ci ilin avqust ayında Mixail Qutseriyev Belarus prezidenti Aleksandr Lukaşenko ilə yaxın münasibətlərinə görə Britaniya sanksiyalarına məruz qalıb.

Qutseriyev - "Safmar” sənaye və maliyyə qrupunun təsisçisidir. Şirkət qismən Britaniya vətəndaşı olan oğlu Səidə məxsusdur və ata Qutseriyev artıq Safmarın işində iştirak etmir.

Pandoranın arxivləri göstərir ki, Səid Qutseriyevin gizli ofşor şirkəti vasitəsilə Londonda 40 milyon funt-sterlinqdən çox qiymətə alınmış ofis binası var.

Səid Qutseriyevin nümayəndələri BBC-yə bildiriblər ki, onun "atası ilə heç bir işgüzar əlaqələri yoxdur”. 2016-cı ildə Səidin dəbdəbəli toyunda Cennifer Lopez və Enrike İqlesias iştirak ediblər.

Yuri Solovyov

Böyük Britaniya və ABŞ-ın sanksiyaları altındadır



Yuri Solovyov, bu ilin mart ayının 15-də Britaniya hökumətinin sanksiyalarına məruz qalan Rusiya bankı olan VTB-nin yüksək vəzifəli idarəçilərindəndir. 51 yaşlı Solovyovun Rusiya və Britaniya vətəndaşlığı var.

ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, onun həyat yoldaşı Qalina Ulyutina "əvvəllər Bolqarıstanda qızıl pasportlar əldə etmək sxemində iştirak edib". "Qızıl pasportlar” bir ölkənin vətəndaşlarına investisiya yolu ilə digər ölkənin vətəndaşlığını əldə etməyə imkan verir.

Solovyovun Londonda öz adına iki mülkü var - Hemstetdə və Vestminsterdəki penthauslar. 2006-cı ildə Kensinqton Sarayının yanındakı üçüncü mənzil birbaşa qohumunun adına 2,2 milyon funt-sterlinqə alınıb. Bu mənzil 2016-cı ildə Panama dosyesində üzə çıxıb.

VTB sözçüsü BBC-yə bildirib ki, Solovyov "2022-ci il fevralın 24-də (Rusiyanın Ukrayna işğalına başladığı gün) VTB Qrupunu tərk edib. Solovyov VTB-də işləyərkən heç bir ölkənin sanksiyalarına məruz qalmayıb”.

Andrey Akimov

Böyük Britaniya və ABŞ-ın sanksiyaları altındadır



Dövlətə məxsus "Qazprombank”ın İdarə Heyətinin sədri Andrey Akimov 2018-ci ildə ABŞ-ın, bu ilin aprel ayında isə Britaniya sanksiyalarına məruz qalıb.

Ketrin Belton "Putinin adamları” kitabında qeyd edir ki, o, keçmiş kəşfiyyatçıdır və "Vladimir Putin rejiminin ən mühüm maliyyəçilərindən biridir”.

BBC, Beynəlxalq Jurnalistlər Konsorsiumu ilə əməkdaşlıq edərək Pandoranın arxivində Akimovu Londondakı daşınmaz əmlakla əlaqələndirən sənədlər tapıb.

Torpaq kadastrı sənədləri göstərir ki, Akimovun şəriki Marianna Çaykinanın Naytsbricdə 2012-ci ildə Virciniya adalarında qeydiyyatdan keçmiş "Inma Investments” şirkəti tərəfindən 10 milyon funt-sterlinqə satın aldığı mənzil var.

Sızdırılan korporativ məlumatlara görə, Çaykina həm də Akimovun bir sıra şirkətlərinin ortaq sahibidir və Rusiya mətbuatı onu Akimovun həyat yoldaşı adlandırır.

Akimov BBC-nin sorğusuna cavab verməyib.

Polina Kovalyova

Böyük Britaniyanın sanksiyaları altındadır



Britaniya hökumətinin məlumatına görə, Polina Kovalyova Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ögey qızıdır.

Lavrov, Vladimir Putinlə eyni vaxtda Britaniya hökumətinin sanksiyalarına məruz qalıb. Bir ay sonra, martın 24-də Britaniya hökuməti, Londonda 4 milyon funt-sterlinq dəyərində mülkü olduğunu iddia edərək Kovalyovaya qarşı da sanksiyalar tətbiq edib.

Torpaq kadastr sənədləri göstərir ki, Polina Kovalyova Kensinqtonda 2016-cı ildə, 21 yaşında dəyərini tam ödəyərək mənzil alıb.

Kovalyova BBC-nin suallarına cavab verməyib.

Arkadi Rotenberq

Böyük Britaniya, Aİ və ABŞ-ın sanksiyaları altındadır



Arkadi Rotenberq Vladimir Putinin ən yaxın dostlarından biridir və onlar Sankt-Peterburqda birlikdə cüdo ilə məşğul olublar.

ABŞ və Avropa İttifaqı 2014-cü ildə Krımın ilhaqından sonra ona qarşı sanksiyalar tətbiq edib. O, həmçinin Böyük Britaniyada sanksiyalar altındadır, Britaniya hökuməti onun "prezident Putinlə yaxın şəxsi əlaqələrinə” istinad edir. Onun qardaşı Boris və oğlu İqor mart ayında sanksiya siyahısına daxil edilib.

2020-ci ilin iyulunda ABŞ Senatının təhqiqatı Rotenberq qardaşlarını sanksiyalardan yayınmaq üçün bahalı sənət əsərlərinin gizli alışından istifadə etməkdə ittiham edib.

Vindşem kəndindəki "Upper Ribsden” malikanəsi 2012-ci ildə Britaniya Vircin adalarında qeydiyyatdan keçmiş "Ravendark Holdings Limited” tərəfindən 27,5 milyon funta alınıb. Bu şirkət həmçinin Britaniya Virciniya adalarında qeydiyyatdan keçən başqa bir şirkətdən 30 milyon funt-sterlinqdən çox kredit götürüb. Kerdit verən şirkətin də Rotenberqə aid olduğu iddia edilir.

2021-ci ilin noyabrında Ali Məhkəmənin hakimi evin Rotenberqin xeyrinə "Ravendarkın” etimadı altında olduğu qənaətinə gəlib. Lakin qərardan apellyasiya şikayəti verilib və məhkəmə araşdırması davam edir. Rotenberq BBC-nin suallarını cavablandırmayıb.

Hakim və hüquqşunasların Böyük Britaniyada mülkün kimə məxsus olduğunu öyrənməkdə qarşılaşdıqları çətinliklər sanksiyaya məruz qalmış oliqarxların aktivlərini izləməyin nə qədər çətin olduğunu göstərir.