Logo
news content
User
Kateqoriyalar

Xəbər

Olimpiadada ilk qalmaqal - Rusiya dopinq-testə görə medaldan məhrum ola bilər

Çinin paytaxtı Pekində keçirilən Qış Olimpiya Oyunlarında fiqurlu konkisürmə üzrə komanda yarışında qalib gəlmiş Rusiya millisinin mükafatlandırılma mərasimi təxirə salınıb.

"İnside the Games" saytı xəbər verir ki, buna yığmanın üzvü Kamilə Vəliyevanın dopinq-testə çağırılması səbəb olub.

İddiaya görə, 15 yaşlı idmançı yarışdan öncə analiz verib. Ümumdünya Antidopinq Məcəlləsinə əsasən, o, "mühafizə olunan şəxs" statusuna malik olduğundan və 16 yaşına çatmadığından antidopinq qaydalarının pozulması zamanı təqsirli bilinməməlidir.

Hazırda bir neçə hüquqi tərəf arasında məsləhətləşmələr aparılır. Danışıqların ən azı fevralın 10-dək davam edəcəyi gözlənilir. Vəliyevanın günahı sübuta yetirilərsə, yaşına görə cəzasının yüngülləşəcəyi ehtimal edilir. Eyni zamanda, bu məsələdə onun komandasının rolu diqqətlə öyrəniləcək.

Rusiya Fiqurlu Konkisürmə Federasiyasının Mətbuat katibi Olqa Yermolina bildirib ki, bu barədə quruma heç bir rəsmi məlumat daxil olmayıb.

"Match TV" telekanalının baş prodüserinin müavini Vasili Konov şəxsi teleqram kanalında Vəliyevanın trimetazidin qəbul etdiyini yazıb. Bu maddənin idmanda istifadəsinə 2014-cü ildən qadağa qoyulub. Trimetazidin stimullaşdırıcı hesab olunur və oksigen çatışmazlığı zamanı ürəyin fəaliyyətini yaxşılaşdırır.

Konovun sözlərinə görə isə trimetazidin idmançıya heç bir şəkildə kömək etmir: "Bu maddə dekabrdakı dopinq-testində tapılıb. Çox kiçikdir, idmançının çıxışına təsir etməyən ürək dərmanıdır. Artıq Kamiləni rahat buraxın". (Report)