Öləndə də əyilməyən sənətkar - Fuad Poladov xatirələrdə - FOTOLAR
24 May 2022
Bu gün səhnəmizin “Şah Qacar”ı, “Hamlet”i, filmlərdə əvəzsiz rollar yaradan Xalq artisti Fuad Poladovun doğulduğu gündür.
O Fuad Poladov ki, sənətdə böyük uğurlara imza ataraq, xarizması və səsi ilə rollarına bir başqa özəllik qatıb.
Artıq dörd ildir aramızda olmayan Xalq artisti yaşasaydı, 74-cü doğum gününü qeyd edərdi. Bu əlamətdar gündə onunla eyni səhnəni bölüşmüş sənət yoldaşları ilə həmsöhbət olub, sevilən aktyor haqda xoş xatirələrdən danışdıq. Fuad Poladov istər tamaşaçıların, istər onu yaxından tanıyan dostlarının, sənət adamlarının yaddaşında mərd, vicdanlı, yüksək insani keyfiyyətlərə malik olan biri kimi ədəbi olaraq yaşayır.
Bu yazıda Fuad Poladovu bir az da yaxından tanıyacaqsınız. (oxu.az)
Xalq artisti Həmidə Ömərova mərhum sənət yoldaşı Fuad Poladovun gənclər üçün yeni bir cığır açdığını bildirib:
“Fuad Poladov Azərbaycan mədəniyyətində, kinosunda, teatrında silinməz iz qoyan böyük sənətkardır. Hər birimizin qəlbində onun əziz xatirəsi yaşayır. Fuad Poladovun oynadığı rolları unutmaq mümkün deyil. Onun Azərbaycan kinosuna, teatrına verdiyi töhfələr hələ də öz bəhrəsini verir. Bizim gənc nəsil, aktyor olmaq istəyənlər də onun filmlərinə baxaraq, onun istedadından bəhrələnirlər”.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Əməkdar artist Azad Şükürov isə Fuad Poladovun “əsl sənətkar necə olmalıdır?” sualına cavab olduğunu qeyd edib:
“Mənim zənnimcə, Fuad Poladovun ən böyük xidməti ondan ibarətdir ki, Fuad Poladov bütün Azərbaycan tamaşaçılarına, bütün mədəniyyət xadimlərinə öz həyat tərzi ilə sübut etdi ki, əsl sənətkar və şəxsiyyət necə olmalıdır. Mən İncəsənət Universitetində dərs deyirəm, tələbələrimlə “sənətkar və sənətkarın şəxsiyyəti” mövzusunda söhbət aparmalı oluram və həmişə də əlimi ürəyimin üstünə qoyub Fuad Poladovu misal gətirirəm.
Mən onu müxtəlif tamaşalarda, müxtəlif obrazlarda görmüşəm, onun çəkildiyi filmlərin də hamısına baxmışam və hər dəfə baxdıqca təəssüf hissi keçirmişəm ki, niyə Azərbaycan kinosu bu aktyorun imkanlarından istənilən səviyyədə istifadə etmədi. Fuad Poladov Azərbaycan radiosunda çox böyük müvəffəqiyyətlə çalışan aktyorlardan idi, biz onunla uzun müddət radio teatrı deyilən fəaliyyət sahəsində bir yerdə, tərəf-müqabili kimi iştirak etmişik. Oturardıq, dərdləşərdik, söhbət edərdik. Mənim hələ cavan vaxtlarım idi, o isə tanınmış sənətkar idi, Xalq artisti idi. Gəlirdim radio teatrına, məni çox gözəl qəbul edirdi. Və həmişə rejissorlara deyirdi ki, “Azadı həmişə dəvət edin, mən onunla çox böyük məmnuniyyətlə işləyirəm”. Biz bir-birimizi bir işarədən başa düşürdük. Radio teatrında çalışarkən aktyorların bir-birini bu cür anlaması vacib şərtlərdən biridir.
O, öz həyatını Azərbaycan teatrına həsr etmiş sənətkarlardandır. Fuad müəllimin ruhu bizim bütün müvəffəqiyyətli işlərimizdə öz iştirakını göstərir. Nə qədər Azərbaycan teatrı var, nə qədər müvəffəqiyyətli aktyor oyunu varsa, bir o qədər də Fuad Poladov yaşayacaq. Hansı işi gördüsə, namusla, qeyrətlə, xalqını, Vətənini, teatrını, mədəniyyətini sevərək etdi. Ona görə də o, tamaşaçıların da, mədəniyyət xadimlərinin də yaddaşında işıqlı, mərd, sözünün sahibi kimi qalıb və uzun müddət də qalacaq”.
Tanınmış rejissor Rövşən İsax “Aktrisa” filminin çəkilişi zamanı Fuad Poladovla yaşanan xatirələrdən söz açıb:
“Mənim tanıdığım, münasibətdə olarkən gördüyüm Fuad Poladov çox təmkinli, bir kəlmə sözünü də səbəbsiz yerə deməyən, hər baxışında, hərəkətində bir məna olan insan idi. Bu dəqiqə fikirlərimi bölüşərkən elə bilirəm ki, məni eşidir. Ona görə pauzalarla danışıram ki, hər sözüm, kəlməm yerində olsun. Birbaşa müəllimim olmasa da, bizim kursumuza dərs deyib Fuad müəllim. “Aktrisa” filmində bir səhnə var: bankir həyat yoldaşını şillə ilə vurur. Mən aktrisadan xahiş edib, icazəsini almışdım. Fuad müəllimə demişdim ki, orta planda çəkəndə siz həqiqətən şillə vurun, aktrisanın xəbəri var, o bilir. Həmin epizodu çəkərkən şillə ilə vuranda aktrisanın dodağı qanadı. Fuad müəllim çox pis oldu. Həmin gün çəkilişi saxladıq, qərara gəldik ki, sabah çəkək. Səhəri gün Fuad müəllim çəkilişə gələndə böyük bir buket alıb gətirmişdi. Aktrisa şillə dəyəndə yox, amma gül dəstəsini görəndə kövrəlib ağladı. Fuad müəllim belə insan idi. O, yerişi ilə, davranışı ilə adamı vadar edirdi ki, cəhd edəsən onun səviyyəsinə doğru can atasan, o səviyyədə hərəkət edəsən. Doğum gününüz mübarək, Fuad müəllim”.
Əməkdar artist Mehriban Xanlarova mərhum sənətkar haqqında fikirlərini bildirərkən aktyorun səmimiliyini və xanımlara qarşı nəzakətini xüsusilə vurğulayıb:
“Aktyor kimi çox dəyərli, əvəzolunmaz sənətkar idi. İkinci bir Fuad Poladov ola bilməz. Onunla “Nazlı” filmində bərabər çəkilişlərimiz olub. Sənət nöqteyi-nəzərdən əgər sözün var idisə, çəkib qıraqda rahatlıqla söz ala biləcəyin, “nəyi düz etmişəm, nəyi daha yaxşı edə bilərəm?“ deyə məsləhət ala biləcəyin biri idi. Mən özümü çox xoşbəxt sayıram ki, ən azından, “Nazlı” filmində az da olsa, onunla tərəf-müqabili olmuşam”.
Məşhur aktyorRəşad Səfərov isə Fuad Poladovun onun həyatında unudulmaz hisslər yaşadan bir cümləsini xatırlayaraq həmin günə qayıdıb:
“Mən Fuad müəllim haqqında çox şey danışa bilərəm. O elə gözəl insan idi ki, inanmıram ki, onun kimi insan bir də nəinki bu sənətə, bu dünyaya gəlsin. O insanın özəlliyi əsl kişiliyində idi. Böyüklə böyük kimi, kiçiklə kiçik kimi danışardı. Mən Fuad müəllimlə bir dəfə, Rövşən İsaxın quruluş verdiyi “Aktrisa” filmində tərəf-müqabili oldum. O zaman Fuad müəllimi yaxından tanımaq şansı əldə etdim. Bu mənim üçün ən böyük xoşbəxtlikdir. Hər aktyora bu cür insanla, bu cür şəxsiyyətlə çəkilmək nəsib olmur. Bir dəfə, cəmi-cümlətanı bir dəfə tərəf-müqabili olmuşam, bununla da özümü çox xoşbəxt sanıram.
Deyirlər ki, əvəz olunmayacaq insan yoxdur. Ancaq mənim üçün var, o da Fuad Poladov. Əsl şəxsiyyət, əsl sənətkar, əsl insan. Dünyasını dəyişməmişdən bir neçə ay öncə biz küçədə rastlaşdıq, mən qızımla idim. Əyildi, uşağı öpdü, qucaqladı, bağrına basdı. Dedi ki, “qızım, atanla fəxr elə”, bu cümlə mənim üçün hər şey idi, bu cümlə mənim üçün bütün dünya idi. O qədər sevinirdim bu cümləyə, bu insan mənə dəyər verdi. Bəlkə də, milyonlar tapan insan mənim bu cümləyə sevindiyim qədər sevinməzdi. Çünki mən əsl şəxsiyyətdən, əsl sənətkardan bu sözü eşitdim.
Mən tələbə olarkən çox zaman onu metroda görürdüm. Vaqonda həmişə eyni yerdə dayanardı, qapı tərəfdə söykənərdi. Başıaşağı nəsə düşünərdi, öz aləmində, öz dünyasında idi”.
Aktyorun səhnə fəaliyyətindən fotolar:
“Təhminə və Zaur” tamaşasından kadr
“Şah Qacar” tamaşasından kadr
“Ovsunçu” filmindən kadr
“Təhminə və Zaur” tamaşasından kadr
“Hamlet” tamaşasından kadr
Qeyd edək ki, Fuad Poladov 2018-ci ildə ağır xəstəliklə mübarizədən məğlub ayrıldı. O, ağciyər xərçənginə boyun əydi. Bu ölüm sənətkarın canını ağrılardan xilas etsə də, ailəsini, sevənlərini və dostlarını göz yaşlarına boğdu. Xalq artistinin cismi aramızdan ayrılsa da, yadigar qoyduğu rolları, səhnədəki obrazları daim xatırlanacaq. Allah rəhmət eləsin!