Logo
news content
User
Kateqoriyalar

Xəbər

O binalardan bizdə də var. Azərbaycanda yeni tikililər zəlzələyə davamlıdır?

“Yenitikililərdə tikinti qaydaları həddən artıq pozulub”.

Bunu “Yeni tikililərin zəlzələyə davamlılığı nə qədərdir?” sualını cavablandırarkən ekspert Ramil Osmanov deyib.



Qeyd edək ki, Türkiyədə baş verən təbii fəlakət seysmik aktiv zona hesab olunan Azərbaycanda, xüsusilə də paytaxt Bakı şəhərində yeni tikililərin zəlzələyə davamlılıq məsələsini gündəmə gətirib.

Son illərdə paytaxtda inşa olunan çoxmərtəbəli binaların xeyli hissəsinin tikintisi zamanı seysmik normaların nəzərə alınmaması barədə səsləndirilən fikirlər bu məsələni daha da aktuallaşdırıb.

Ekspert tikinti sektorunda texniki normativlərə əməl olunmamasını və bu səbəbdən təbii fəlakət zamanı təhlükənin qaçılmaz olduğunu bildirib:

“Türkiyədəki zəlzələdən sonra bu sahə ilə məşğul olan alim və mütəxəssislərin 1999-cu ildən sonra tikilən binaların seysmoloji davamlılığı və digər problemlərlə bağlı müxtəlif vaxtlarda etdikləri çağırışlar yer alıb. Lakin buna əhəmiyyət verilməməsi faciələrə yol açıb.

Azərbaycanla bağlı da tikinti sektorunda vəziyyət təqribən oxşardır. Azərbaycanda tikintidə keyfiyyətə nəzarət edən qurumlar var. Lakin nəzərə almaq lazımdır ki, köhnətikililərin istismar müddəti çoxdan bitib. Eyni zamanda, bu yaşayış binalarının seysmik davamlılığı da aşağı səviyyədədir. Yeni binalara gəlincə isə, hesab edirəm ki, çoxmərtəbəli binalarda tikinti qaydalarının normativləri pozulur, seysmik normalar nəzərə alınmır. Binalar həddən artıq bir-birinə, eləcə də nəqliyyat və digər infrastruktur obyektlərinə yaxındır. Onu deyə bilərəm ki, Allah bizi qorusun və Azərbaycanda güclü zəlzələlər baş verməsin”.

Ramil Osmanov zəlzələ zamanı dağıntılarla qarşılaşmamaq üçün bu sahəyə nəzarətin gücləndirilməsini vacib sayıb:

“Türkiyədə baş verən zəlzələnin ən ağır tərəfi həm də ondan ibarətdir ki, zəlzələnin rixter şkalası üzlə seysmik balı həddən artıq yüksəkdir. Bu, dünyada az hallarda rast gəlinən bir ölçüdür.

Hər bir zəlzələnin baş verib, bitmə anı var. Bizdə təhlükə balı yüksək olsa da, dağıntılar o qədər çox olmur. Türkiyədə təkanlar ardıcıl və uzunmuddətli olduğundan dağıntıların miqyası da böyük olub. İndiki halda, əsas ümidimiz Allahadır. Amma belə ağır durumlarla qarşılaşmamaq üçün bu sahəyə nəzarət gücləndirilməlidir”. (Yeniçağ)