Logo
news content
User
Kateqoriyalar

Xəbər

Növbədənkənar parlament seçkilərinə verilən qiymətlər...

Mərkəzi Seçki Komissiyası (MSK) sentyabrın 1-də Milli Məclisə keçirilən növbədənkənar seçkilərlə əlaqədar ilkin nəticələrini açıqlayıb.

Açıqlanan ilin nəticəyə görə, deputat mandatının yarıdan çoxunu (68) yenə hakim Yeni Azərbaycan Partiyası (YAP) qazanıb. 13 mandatın isə ümumilikdə 10 partiyaya düşəcəyi gözlənir. Vətəndaş Həmrəyliyi Partiyası üç, Ədalət, Hüquq və Demokratiya Partiyası iki yerlə təmsil ediləcək. Daha səkkiz partiya - Respublikaçı Alternativ Partiyası, Milli İstiqlal Partiyası, Demokratik İslahatlar Partiyası, Ana Vətən Partiyası, Böyük Quruluş Partiyası, Böyük Azərbaycan Partiyası, Milli Cəbhə Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası hərəyə bir deputat mandatına malik olmağa yaxın sayılır.

44 mandatı isə bitərəflər qazana bilər. Hərçənd müxalifət onları hakimiyyətyönlü sayır. Onlar isə belə dəyərləndirməni qəbul etmirlər.

Bu parlament seçkilərinə ölkədə Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) başqa bütün qeydiyyatdan keçmiş partiyalar qatılmışdı. AXCP ölkədə azad və ədalətli seçkilər üçün şərait olmadığını bildirərək onu boykot etmişdi.

Seçki günü pozuntularla bağlı çoxsaylı şikayətlər səsləndi. Bir sıra müşahidəçilər ayrı-ayrı seçki məntəqələrində topa bülletenlərin atıldığını, bir şəxsin bir neçə yerdə səs verdiyini (karusel) iddia etdilər.

MSK sədri Məzahir Pənahov bildirib ki, seçki günü quruma rəsmi heç bir müraciət daxil olmayıb: "Amma MSK-ya nə müraciət daxil olacaqsa, arzu edilən bütün beynəlxalq müşahidəçilərin, media nümayəndələrinin iştirakı ilə araşdıracağıq. Pozuntu kimi təqdim edilən bütün məsələlər çox ətraflı, şəffaf şəkildə araşdırılacaq və müvafiq qərarlar qəbul olunacaq".

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Hikmət Babaoğlu Turana bildirib ki, VII çağırış növbədənkənar parlament seçkiləri milli demokratiyanın yeni bir səhifəsidir: “Çünki ilk dəfədir ki, seçicilərimiz tam seçici hüququndan istifadə edib doğulduqları yerdə - Xankəndidə, Şuşada, Laçında və digər ərazilərdə səs veriblər. Ən böyük demokratiya hadisəsi budur. Çünki hər bir insanın doğulduğu yerdə yaşaması və orada öz siyasi fəaliyyətini həyata keçirməsi mühüm bir hadisədir”.

H.Babaoğlunun fikrincə, Yeni Azərbaycan Partiyasının Milli Məclisdə mütləq əksəriyyət yerlərinin qazanması gözlənilən idi və heç kəsi təəccübləndirmir: “Çünki Yeni Azərbaycan Partiyası həm milli demokratiyanın inkişafı, həm dövlətçiliyimizin möhkəmlənməsi, ərazi bütövlünün bərpası baxımından seçicilərimizin gözləntilərini yerinə gətirən bir partiyadır. Çünki partiyamızın sədri həm də Azərbaycan Prezidentidir. Seçicilərimiz bu fəaliyyətimizi qiymətləndirməyə bacarırlar”.

Seçkilərdə pozuntulara gəldikdə isə, onun sözlərinə görə, istənilən şərti demokratik cəmiyyətdə seçkilərdə qanun pozuntuları da, müxtəlif mövqelər də ola bilir: “Amerika Birləşmiş Ştatlarında, Fransada, Qərbin digər ölkələrində də müəyyən qanun pozuntuları olur. Ona görə də bu, demokratiyanın tərkib hissəsi kimi qəbul edilməlidir. Şübhəsiz ki, Azərbaycan da demokratik, hüquqi dövlət kimi heç bir şeyi idealizə edə bilməz və ideal seçkiləri heç bir demokratik cəmiyyətdə keçirmək mümkün deyil. Amma əsas odur ki, belə bir pozuntular təsbit olunarsa, seçkini keçirən qurum buna necə reaksiyanın göstərməsidir. Azərbaycanda isə bu, çox adekvatdır”. 

Seçkilərdə iştirak edən, amma ilkin nəticələrə görə, bir mandat belə qazana bilməyən müxalif Müsavat Partiyası Məclisinin sədri Arif Hacılı AzadlıqRadiosuna açıqlamasında xatırladır ki, onlardan 34 namizəd irəli sürülüb, yalnız 25 nəfərin namizədliyi qeydə alınıb: "Biz seçki prosesində həm iştirak etdik, həm də onu izlədik. Namizədlərimiz uğurlu seçki kampaniyası apardı, Müsavat Partiyasının platformasını seçicilərə təqdim etdilər. Ancaq bütün seçki prosesi, əvvəlcədən gözləndiyi kimi, hakimiyyətin tam nəzarəti altında keçdi".

A.Hacılı vurğulayır ki, ölkədə demokratik seçki mühiti mövcud deyildi, söz, ifadə, sərbəst toplaşmaq azadlığı təmin olunmamışdı, yüzlərlə siyasi məhbus var: "Eyni zamanda, seçki administrasiyalarının hakimiyyətin tam nəzarəti altında olduğu bir vəziyyətdə keçirilən seçkilərin nəticələrini təxmin etmək mümkün idi. Son illər, əvvəlki illərdən fərqli olaraq, Azərbaycan hakimiyyəti hətta demokratiyanın imitasiyası ilə belə məşğul deyil".

Onun sözlərinə görə, Müsavat Partiyası seçkilərdə iştirak etməklə həm seçicilərə öz fikirlərini çatdıra bildi, həm də seçki zamanı baş verən pozuntuları ortaya qoydu: "Bununla da Azərbaycan cəmiyyətində hakimiyyətə etimadın olmadığı üzə çıxdı. Bütün "karusel" əməliyyatlarına baxmayaraq, seçici fəallığının aşağı olmasını gizlətmək mümkün olmadı. Müşahidəçilərin fikrincə, seçici fəallığı 10 faizdən də az oldu. Bu, bir tərəfdən, seçicilərin onların səsi vasitəsilə hər hansı dəyişikliklərin olacağına ümidlərini itirməsi ilə bağlıdırsa, digər tərəfdən, onların Azərbaycan hakimiyyətinə etimadsızlığının göstəricisidir".

Boykot qərarı verən AXCP-nin sədr müavini Seymur Həzinin fikrincə, Azərbaycanda seçkilər geridə qalmış ölkələrin sistemi ilə həyata keçirilir və saxtakarlıqlarla müşayiət olunur: "Azərbaycandan başqa neçə ölkə tapmaq olar ki, seçkilər bu cür keçirilir? Ona görə də bu prosesə "seçki" adını vermək çox çətindir".

S.Həzinin sözlərinə görə, hətta mübarizənin getdiyi bir-iki dairələrdə belə seçki olmayıb: "Bir hökumət namizədi min səs alıb, amma bir gecə içində nə baş veribsə, səhər-səhər bu səslərin sayı 5 min olub. Belə bir şəraitdə hansısa seçkilərdən danışmaq, məncə, doğru olmazdı".

Amma o qeyd edib ki, vətəndaş cəmiyyəti nümayəndələri olan namizədlərin göstərdiyi təşəbbüs və hökumət namizədlərinə yaratdıqları çətinliklər təqdirolunandır.

Siyasi şərhçi Nəsimi Məmmədli isə AzadlıqRadiosuna bildirib ki, bu seçkilərin nəticəsi səsvermə günündən xeyli öncə məlum idi: "İlkin açıqlamaya görə, 88 nəfər (70.4%) hazırkı MM üzvləri yenidən mandat aldı. 37 nəfər (29.6 faiz) yenidir. 37-nın 7-si daha öncə deputat olub".

Ekspertin hesablamalarına görə, YAP 68 mandat (54.4 faiz) qazanıb: "Bunlardan 50-si öncədən deputat idi. YAP-ın 18 yeni deputatı var. 18-in 6-sı daha öncə də deputat olub. Bitərəflərin 44 (35.2 faiz) mandatı olacaq. Bunlardan 30 nəfər Milli Məclisdə təmsil olunurdu. 14 yeni deputatdır. Parlamentdə 11 partiya təmsil olunacaq".

N.Məmmədlinin sözlərinə görə, seçkilərə start veriləndən qanun pozuntuları aşkar izlənirdi: "Müstəqil və müxalif namizədlərin əksəriyyətinin qeydiyyata alınmasına süni əngəllər yaradılmışdı. Seçki kampaniyası dövründə çoxsaylı pozuntular olmasa da, seçki günü total saxtakarlıq halları var idi".

O hesab edir ki, seçici fəallığı hələ şişirdilib: "Mənim müşahidələrimə görə, 11 faiz seçici iştirakı oldu. Seçicilərin səsverməyə gəlməməsinin səbəbi seçkilərin total saxtalaşdırılmasıdır. Seçicinin kimə necə səs verməsi MSK-nın əlindəki siyahılara bir elə təsir etmir".

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı da hesab edir ki, bu seçkilər nümayişkaranə saxtakarlıq şəraitdə həyata keçirilib: 

O, Turana bildirib ki, istər topa bülletenlərin atılması, istər qrup halında seçicilərin məntəqələrə gətirilməsi, sənədsiz insanlara seçkidə iştirak etməsinə şərait yaradılması və xüsusən əlavə seçici siyahıları var idi ki, orada qeydiyyatda olmayan seçicilərin səs verməsinin təmin edilməsi göstərir ki, əvvəlcədən bu pozuntulara hazırlıqlar görülürdü.

Seçici aktivliyinə gələndə, ekspertin fikrincə, bu göstərici aşağı idi: “Baxmayaraq ki, inzibati resursdan istifadə olunmuşdu, rəsmi rəqəmlərə mən şübhə ilə yanaşıram və ehtimal edirəm ki, maksimum 12-15 faiz seçici iştirakı ola bilər”.