Logo
news content
User
Kateqoriyalar

Xəbər

Neft kəskin bahalaşır: Niyə və nə qədər?

Aprelin 3-də neftin bütün markalarının qiyməti 6 faiz artıb. Bundan əvvəl Rusiyanın da daxil olduğu OPEC+ hasilatı azaltmaq planlarını açıqlayaraq neft bazarlarını təlatümə gətirmişdi.

Lakin Reuters ekspertləri bildirirlər ki, əgər emalçılar nefti daha baha qiymətə almaqdan imtina etsələr, onda neftə tələbat azala bilər.

Aprelin 3-də Brent markasından olan neftin 1 barrelinin qiyməti 5.04 dollar və ya 6.13 faiz qalxaraq 84.93 dollar olub.

Bundan əvvəl neftin qiyməti bir barrel üçün 86.44 dollara martın 7-də qalxmışdı.

ABŞ neftinin bir barelinin qiyməti 4.75 dollar və ya 6.3 faiz artaraq 80.42 dollara çatıb.

OPEC+ qərar qəbul edib


OPEC+ qrupu aprelin 2-də neftin hasilatını günə 1.16 milyon barrel azaldacağını bildirib.

Məlumata görə bu ixtisar bu ilin sonunadək davam edəcək.

Reuters-in məlumatına görə beləliklə OPEC+ qrupunun hasilat ixtisarı ümumilikdə günə 3.66 milyon barrel olacaq.

Bundan əvvəl oktyabrda neftin hasilatı günə 2 milyon barrel ixtisar olunmuşdu.

Ekspertlərin hesablamasına görə bu, qlobal tələbatın 3.7 faizinə bərabərdir.

ABŞ narazıdır


ABŞ prezidenti Co Baydenin administrasiyası bundan əvvəlcədən xəbərdar olduğunu bildirib və narazılığını ifadə edib.

OPEC+ hasilatın ixtisarı barədə qərarı ehtiyatlılıqla izah edib. Təşkilat bildirib ki, qərar zəifləyən iqtisadiyyat və neft anbarlarında artan xammalla bağlıdır.

Ötən ay Brent markasından olan neftin bir barreli 70 dollara bərabər idi və bu, son 15 ayın ən aşağı qiyməti sayılırdı.

Ötən dekabrın ortalarından bəri ABŞ-ın xam neft anbarlarında ardıcıl artım qeydə alınır.

Əslində neft anbarlarındakı neftin həcmi son iki ildə ən yüksək həddinə çatıb.

Qərbin sanksiyaları altında olan Rusiya neftini daşıyan tankerlər müştəri axtarışındadırlar.

Proqnoz qiymətlər artırılıb


Buna baxmayaraq əksər təhlilçilər OPEC+ qrupunun qərarından sonra neftin qiymət proqnozlarını artıraraq bir barrel üçün 100 dollara çatdırıb.

Ekspertlər bildirirlər ki, belə hasilat ixtisarı mərkəzi bankları uçot dərəcəsini kəskin artırmağa məcbur edə və iqtisadiyyatı resessiya həddinə çatdıra bilər.

ABŞ-da sənaye fəallığı mart ayında son üç ilin ən aşağı həddinə enib.

Bu isə öz növbəsində bankları daha yüksək faizlərlə kredit verməyə məcbur edəcək.

City Index analitik mərkəzindən Fəvvad Rəzaqzadə deyib ki, qalxan neft qiymətləri ilə yanaşı bank faizləri də qalxacaq:

"Adamlar maşın sürməyi və ya təyyarə ilə səfərlər etməyi dayandırmayacaqlar. Bu səbəbdən də tələb neft qiymətlərinin artmasından yüngülcə təsirlənəcək”.

Amma başqa ekspertlərin fikrincə əgər emalçılar xərclərin artmasına görə fəaliyyətlərini yavaşıtsalar enerjiyə olan tələbat düşəcək.