
Nə ABŞ-ın, nə Danimarkanın - Qrenlandiyada seçkiləri müstəqillik tərəfdarı partiya qazandı
13 Mart 2025
Martın 11-də Qrenlandiyada parlament seçkiləri keçirilib. Qalib əvvəllər müxalifətdə olan Demokrat Partiyası (Demokraatit) olub. O, seçicilərin, demək olar ki, 30 faiz səsini toplayıb və parlamentdəki 31 yerdən 10-unu tutacaq. İndi o, digər siyasi qüvvələrlə koalisiya qurmalıdır.
"Naleraq" partiyası ikinci olub, hakim koalisiya isə əvvəlki seçkilərlə müqayisədə səslərin, demək olar ki, yarısını itirib.
Həm "demokratlar", həm də "Naleraq" Qrenlandiyanın Danimarkadan ayrılaraq müstəqilliyini elan etməsinin tərəfdarıdır. Bundan əlavə, Demokrat Partiyası yerli biznesin və sosial proqramların dəstəklənməsinin vacibliyini vurğulayır.
"İnsanlar dəyişiklik istəyirlər", - Demokrat Partiyasının lideri Yens Frederik Nilsen bildirib. " Bizə düz sabah müstəqillik lazım deyil, lakin bunun üçün yaxşı təməl yaratmaq istəyirik".
Qrenlandiyada seçkilər ABŞ prezidenti Donald Trampın adanı satınalma və ya başqa yollarla ABŞ ərazisinə birləşdirmək istədiyi barədə bəyanatları fonunda baş tutub. Yanvarın 24-də Trampın Danimarkanın baş naziri Mette Frederiksen ilə telefon danışığı olub, mənbələr söhbəti "sərt" kimi xarakterizə ediblər. Buna cavab olaraq Qrenlandiyanın baş naziri Müte Eqede bildirib ki, Qrenlandiya "satılmır".
Qrenlandiya Danimarkanın tərkibində muxtar ərazidir. Kopenhagen xarici və təhlükəsizlik siyasətini müəyyən edir. Maliyyə məsələləri ada hökumətinin iştirakı ilə həll olunur.
Təxminən 57 min nəfər əhalisi olan ada təbii sərvətlərlə zəngindir. Burada həm də Birləşmiş Ştatlarım böyük hərbi bazası yerləşir. 1951-ci ildə Vaşinqton və Kopenhagen Qrenlandiyanın müdafiəsi ilə bağlı müqavilə imzalayıb. ABŞ müqaviləyə uyğun olaraq adanın müdafiəsini öz üzərinə götürüb.