Logo
news content
User
Kateqoriyalar

Xəbər

Müharibənin gətirdiyi nostalji: Volqoqrad, yoxsa Stalinqrad?

Rusiyanın Volqoqrad şəhərində sovet lideri İosif Stalinin yeni büstü qoyulub. Bu, Prezident Vladimir Putinin fevralın 2-də şəhərə səfərindən öncəyə təsadüf edir. Bu gün 2-ci Dünya müharibəsindəki Stalinqrad döyüşlərində Rusiyanın Almaniya qüvvələri üzərində qələbəsinin 80-ci ildönümüdür.

Büstün açılışı fevralın 1-də sovet komandirləri Georgi Jukov və Aleksandr Vasilevskinin büstləri ilə birlikdə “Stalinqrad döyüşü” muzeyinin həyətində keçirilib.

2 milyonadək itki


Putin fevralın 2-də Volqa çayı sahilindəki Mamayev Kurqanı xatirə kompleksində anım tədbirlərinə qatılacaq.

1943-cü il fevralın 2-də başa çatmış Stalinqrad döyüşlərində 2 milyonadək itki verilib. Tarixçilərin fikrincə, nasist Almaniyası məhz həmin döyüşdən sonra müdafiəyə çəkilməyə məcbur olub.

Rusiyanın cənubunda yerləşən Tsarıtsin şəhərinə 1925-ci ildə Stalinqrad adı verilib. 1961-ci ildə, Stalinin ölümündən səkkiz il sonra isə Volqoqrad adlandırılıb.

Stalin dövründə milyonlarla sovet vətəndaşı öldürülüb, işgəncə görüb, həbsə atılıb, yaxud sürgünə göndərilib. Onun dövründə Ukraynada və digər sovet respublikalarında milyonlarla insan aclıqdan ölüb.

Stalinqrad adı qaytarıla bilərmi


Putin hakimiyyəti dövründə Stalin və Sovet İttifaqı üçün nostalgiya güclənib. Putin Stalinin təkcə 2-ci Dünya müharibəsində almanların hücumunu dəf edən deyil, həm də Sovet İttifaqını güclü dövlətə çevirən lider imicini yaratmağa çalışıb.

Telegram və digər sosial media şəbəkələrində dolaşan şayiələrə görə, Putinin səfəri vaxtı şəhərə yenidən Stalinqrad adı verilə bilər.

Volqoqradın 2-ci Dünya müharibəsi veteranları bu yaxınlarda şəhərin Stalinqrad döyüşünün xatirəsinə adlandırılmasını təklif edib. Vilayət qubernatoru məsələ üzrə ictimai fikri öyrənməkdən ötrü şura yaradıldığını açıqlayıb.

Bu, Volqoqradda Stalinin ikinci büstüdür. 2019-cu ilin dekabrında yerli Kommunist Partiyasının üzvləri Stalinə heykəl qoyublar.