Logo
news content
User
Kateqoriyalar

Xəbər

Müctəba Xamenei atasının dəfnində görünmədi – səhhəti ilə bağlı şübhələr artır

İranın yeni Ali rəhbəri Müctəba Xamenei iyulun 5-də atasının və sələfinin keçirilən dəfn mərasiminə qatılmayıb.

Əli Xamenei Yaxın Şərq müharibəsinin əvvəlində ABŞ və İsrailin birgə zərbələri nəticəsində həlak olub. Bu dəfn mərasimi isə onun ölümündən dörd aydan çox vaxt keçdikdən sonra təşkil edilib.

Mərasimdə cənazə namazına İranın ən nüfuzlu şiə din xadimlərindən biri, Böyük Ayətullah Cəfər Sübhani rəhbərlik edib.

Atasının ölümündən dərhal sonra ölkənin yeni rəhbəri elan edilən və İran mediasında "Ayətullah" kimi təqdim olunan M.Xameneinin mərasimdə görünməməsi diqqət çəkib. Halbuki rəsmi ənənəyə görə, hər bir yeni xələf öz sələfinin cənazə namazına şəxsən rəhbərlik etməlidir. Analitiklər bu dini ritualları həm də yeni liderin legitimliyinin əsas təsdiqi kimi görürlər.

Fevralın 28-də atasının ölümü ilə nəticələnən həmin hava hücumunda M.Xameneinin də ağır yaralandığı bildirilir. O, həmin vaxtdan bəri ictimaiyyət qarşısına çıxmayıb və ötən aylar ərzində onun iştirakı ilə heç bir səs və ya video yazı yayımlanmayıb. Bu sirli sükut onun səhhəti və dövləti idarə etmək qabiliyyəti ilə bağlı ciddi suallar doğurur.

İran hakimiyyətinin bu addımı rəsmən təhlükəsizlik mülahizələri ilə əsaslandıracağı gözlənilir. Amma dəfndə İslam Respublikasının, demək olar ki, bütün rəhbər heyətinin iştirakı göstərir ki, İsrail və ya ABŞ-nin mümkün zərbə təhlükəsinə baxmayaraq, Tehran təhlükəsizlik tədbirlərinə tam əmin olub.

Mərasimə ölkənin üç hakimiyyət qolunun rəhbərləri, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanlığı və qurumun xarici əməliyyatlara baxan "Qüds" qanadının yüksəkrütbəli zabitləri qatılıb.

Donald Tramp iyulun 3-də deyib ki, ABŞ çərçivə sülh sazişinin tətbiqi ilə bağlı İranla dolayı danışıqları bərpa etməzdən öncə dəfn mərasimi üçün Tehrana bir həftə vaxt verib.

Ə.Xameneinin müharibə başlayandan bəri kölgədə qalan digər üç oğlu – Mustafa, Məsud Meysəm isə iyulun 5-də atasının tabutu başında dayanıblar.