Mirzoyanın ABŞ-da görüş zamanı Azərbaycanı nədə ittiham edib?
04 May 2023
"Azərbaycanın Dağlıq Qarabağ xalqına (əhalisinə-red) qarşı hərəkətləri, ən yüksək səviyyədə nifrətin qızışdırılması, açıq şəkildə güc tətbiqi ilə hədələməsi onun bölgədə etnik təmizləməyə məruz qoymaq niyyətindən və real təhlükədən xəbər verir".
Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə, bunu Vaşinqtonda üçtərəfli görüşdə bu ölkənin Xarici İşlər naziri Ararat Mirzoyan bildirib.
Mayın 3-də Vaşinqtonda Ermənistan və Azərbaycan xarici işlər nazirləri ilə ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın üçtərəfli görüşü keçirilib.
"Vurğulanıb ki, qoşunların çıxarılması, Alma-Ata Bəyannaməsi əsasında iki ölkə arasında sərhədlərin delimitasiyası, o cümlədən Dağlıq Qarabağ əhalisinin hüquq və təhlükəsizliyinin beynəlxalq təminatlı dialoq mexanizmi çərçivəsində həlli... regionda uzunmüddətli sabitliyin bərqərar olması üçün şərtdir", –məlumatda bildirilir.
Ermənistan Azərbaycanı onun bəzi ərazilərini işğal etməkdə də günahlandır.
Azərbaycan XİN: "Daxili məsələdir"
Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov, öz növbəsində, Qarabağ məsələsinin ölkəsinin daxili işi olduğunu bəyan edib.
"Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyasının ölkənin daxili məsələsi olduğunu, bu istiqamətdə səylərə Ermənistan tərəfinin müdaxiləsinin qəbuledilməz olduğunu diqqətə çatdırıb", - Azərbaycan XİN bildirir.
Nazirliyin məlumatına görə, o, eyni zamanda, "erməni silahlı qüvvələrin hələ də tam olaraq Azərbaycan ərazisindən çıxarılmamasının ciddi təhdid mənbəyi olduğunu vurğulayıb".
Ermənistanın rəsmi qurumları isə bir qayda olaraq, öz silahlı qüvvələrini Qarabağdan tam çıxarmadıqları haqda deyilənləri qəbul etmirlər. Onlar deyirlər ki, Qarabağın "müdafiə ordusu" onlara aid deyil.