Logo
news content
User
Kateqoriyalar

Xəbər

Milyonlarla ton nefti əlində qalıb - Rusiya bazarda heç nə edə bilmir

Dünya bazarlarında neft-qaz qiymətləri yetərincə yüksəkdir. Amma bundan Rusiya hakimiyyəti lazımi fayda götürmək imkanı əldə etmir. Sanksiyalar Kremlin əl-qolunu bağlayır. Rusiya milyonlarla ton neftini sata bilmir.

Qərb mediası treyderlərə istinadən bəzi məlumatları açıqlayıb. Moskvanın 6.5 milyon ton nefti sata bilmədiyi məlum olub. “Urals”, “Siberian Light”, “Sokol” və “ESPO Blend” markalı məhsullar Rusiya limanlarında müştərilərini gözləyir. Amma tələbat üçün uyğun müraciət yoxdur.

Moskva fərdi razılaşmalara gedəcək. Bunu üçün Asiya bazarına üz tutmaq lazımdır. Çünki Avropada Rusiya neftini daha almaq istəmirlər. İş orasındadır ki, Asiyada da böyük perspektiv yoxdur. Məsələn” Urals”ın rəsmi qiyməti 76 dollardır. Buna baxmayaraq, Kreml Asiya bazarında barel üçün 45-50 dollarlıq təkliflərə də müsbət cavab verməli olacaq. Başqa çarə yoxdur. Əsasən Çin irəli durur. Lakin Asiya dövləti neftini sata bilməyən ölkələrin ağır durumundan istifadə etməyə öyrəşib. Çin Rusiyanın necə əziyyət çəkdiyini anlayır və mümkün qədər aşağı qiymət təklif edir. Məlum məsələdir ki, Moskvanın çıxış yolu qalmayıb.

Rusiya Prezidenti Vladimir Putin inanırdı ki, Qərbi rublla hesablaşmalara məcbur etmək planı effekt verəcək. Belə görünür, nikbinliyə əsas yoxdur. Avropa ölkələri bir-birinin ardınca Rusiya neftindən imtina edir. Fransanın İqtisadiyyat Naziri Bruno Le Mer, ümumiyyətlə, yaxın günlərdə Kremlin məhsullarına embarqo qoyulacağını bildirib.

Qərb Rusiyanın həm döyüş meydanında, həm də iqtisadi müstəvidə çökəcəyinə inanır. Müharibənin gedişatı məlumdur. Moskva istəyinə nail ola bilmir. İqtisadi müstəvidə çöküş bir az zaman aparacaq. İlin sonunda daha aydın mənzərə ortaya çıxacaq. Mütəxəssislər Rusiyanın ağır günlərinin irəlidə olduğunu düşünür. Müharibə hər ay 600 milyard dollardan çox vəsait aparır. Bunu kompensasiya etmək olar. Amma bir şərtlə ki, nefti və qazı münasib qiymətə sata biləsən. Göründüyü kimi, Rusiyanın planı alınmır.