Milyon illlik viruslar xərçənglə mübarizə aparmağa necə kömək edir?
17 Aprel 2023
Francis Crick İnstitutu tərəfindən aparılan bir araşdırmaya əsasən, milyonlarla ildir insan DNT-sində gizlənən qədim virusların qalıqları bədənin xərçənglə mübarizə aparmasına kömək edir.
Alimlərə görə, xərçəng hüceyrələri nəzarətdən çıxdıqda qədim virusların hərəkətsiz qalıqları oyanmağa başlayır.
Bu proses insanın immun sisteminin şişi hədəfə götürməsinə və ona hücum etməsinə kömək edir.
Elmi qrup bu kəşfdən istifadə edərək, xərçəngin müalicəsini sürətləndirmək və ya hətta qarşısını ala biləcək peyvəndlər hazırlamaq istəyir.
Tədqiqatçılar ağciyər xərçənginə tutlmuş xəstələrin sağqalma şansları ilə şişlərin ətrafında qruplaşan B-hüceyrələr adlanan immun sisteminin bir hissəsi arasında əlaqənin olduğunu müəyyən ediblər.
İmmun sisteminin bir hissəsi olan B-hüceyrələr xəstəliyin mənbəyini hədəfləyən böyük sayda anticisimlər istehsal edir.
B hüceyrələri vücudumuzun antikor istehsal edən hissəsidir və Covıd kimi infeksiyalarla mübarizədə rolu ilə daha yaxşı tanınırlar.
Anticisimlər endogen retrovirusların qalıqlarını müəyyən edərək hədəfə alır, Francis Crick İnstitutunun tədqiqat üzrə direktor müavini professor Julian Downward deyib.
Retrovirusların zərif bir hiyləsi var – onlar genetik kodlarının nüsxəsini insanın genetic koduna yeridə bilir.
"İnsan" DNT-si hesab etdiyimizin 8 faizdən çoxu əslində belə bir viruslu mənşəyə malikdir
Bu retroviruslardan bəziləri on milyonlarla il əvvəl genetik kodumuzun ayrılmaz bir hissəsinə çevrilib.
Digər retroviruslar insan DNT-sinə ola bilsin, bir neçə min il əvvəl daxil olub.
Qədim virusların bəzi qalıqlarının genetik kod parçaları o zamandan bəri insan tərəfindən mənimsənilib və insan hüceyrələrində faydalı məqsədlərə xidmət edir, digərləri isə ciddi nəzarət altındadır ki, yayılmasınlar.
Xərçəng hüceyrəsi isə xaotik olaraq nəzarətsiz böyüdükdə, bu qədim viruslara da sərt nəzarət itirilir.
Bu qədim qalıqların genetik fraqmentləri bütöv virusları diriltməyə qadir olmasa da, immun sisteminin virus təhlükəsini aşkar etməsi üçün kifayət qədər virus parçaları yarada bilir.
Biotibbi Tədqiqatlar Mərkəzinin retrovirus immunologiya şöbəsinin müdiri professor George Kassiotisin sözlərinə görə, "immun sistemi bu prosesi şiş hüceyrələrinin infeksiyaya yoluxdu kimi dəyərləndirərək, virusu məhv etməyə çalışır”.
Anticisimlər "yoluxmuş" hüceyrələri öldürən immun sisteminin digər elementlərini aktivləşdirir -immun sistemi virusu dayandırmağa çalışaraq, xərçəng hüceyrələrini məhv edir.
Nature jurnalında dərc olunmuş araşdırma bunun insan orqanizmində təbii olaraq necə baş verdiyini təsvir edir, lakin tədqiqatçılar endogen retrovirusları ovlamağı insan orqanizminə öyrədən peyvəndlər hazırlayaraq bu təsiri artırmaq istəyirlər.
"Bunu edə bilsək, terapevtik peyvəndlərlə yanaşı profilaktik peyvəndlər barədə də düşünmək olar”, Professor Kassiotis deyib.