Logo
news content
User
Kateqoriyalar

Xəbər

Milyarderə tətbiq edilən sanksiyalar Azərbaycandakı biznesinə də təsir göstərib

Mənbə: Azadlıq Radiosu

Azərbaycanəsilli rusiyalı milyarder Fərhad Əhmədovun beynəlxalq sanksiyalara məruz qalması onun Azərbaycandakı obyektlərinə də ciddi təsir göstərib. Göyçayda yerləşən və milyarderin atası Teymur Əhmədovun adını daşıyan "AzNar" QSC-nin idarəçiləri də bunu etiraf edir.

Şirkətdə aparılan səyyar vergi yoxlamasından sonra 500 min manat vergi və maliyyə sanksiyasıyla borc hesablanıb. Bunun 172 mini əsas borc, 328 min manatı da maliyyə sanksiyası olub. Həmin məbləğin bir hissəsi ödənilib, borc 335 min manata endirilincə, vergi orqanı məhkəməyə ərizə verib ki, "AzNar" direktorunun ölkədən çıxışı yasaqlansın. Bakı Kommersiya Məhkəməsi ərizəni təmin edib.

Yoxlamanın əhatə etdiyi dövrdə şirkətin baş direktoru və qanuni təmsilçisi Bəylər Abbasov olub. B.Abbasov "stop" qərarından verdiyi şikayətdə ölkədən çıxış məhdudiyyətinin götürülməsini istəyib. O vurğulayıb ki, "AzNar"ın əsas səhmdarı Fərhad Əhmədovun sanksiyalara məruz qalması onsuz da şirkətdəki durumu ağırlaşdırıb. Durumu düzəltməkdən ötrü yeni yollar axtardıqlarından çıxış yasağı hər şeyi daha da pisləşdirir: "Hazırkı borcun yaranmasının səbəbi Rusiya vətəndaşı olan əsas səhmdar Fərhad Əhmədovun Ukrayna-Rusiya müharibəsi fonunda Avropa İttifaqının sanksiyalarına məruz qalması, bu səbəbdən maliyyə dəstəyinin dayanmasıyla bağlıdır. Bu üzdən, 2024-cü ildə nar məhsulunun qəbulu, istehsalı və satış həcmi əvvəlki illərlə müqayisədə dörd dəfə azalıb. Vergi, əməkhaqqı və kommunal xərclər isə eyni səviyyədə qalıb".

"Ezamiyyətlərə getmək imkanım olmasa, problemlər birə beş artacaq"

Şirkət rəhbəri vurğulayır ki, əvvəllər il ərzində Rusiya və Ukrayna bazarına 3 milyon manatlıq məhsul ixrac olunurdu. Ancaq Ukrayna bazarı tam, Rusiya isə 50 faiz idxalı kəsib, qiymətlərsə məhsulun maya dəyərindən də aşağı düşüb. Bu üzdən, xarici bazarlara - ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, Avstraliya, Kanada, İsrail, Çin kimi ölkələrə ixracı artırmaq istəyirlər. Bundan ötrü həmin ölkələrə gedib danışıqlar aparmaq, müqavilələr bağlamaq lazımdır: "Əgər rəhbər kimi, bu ezamiyyətlərə getmək imkanım olmasa, problemlər birə beş artacaq".

B.Abbasovun nümayəndəsi bildirib ki, yoxlama aktının əhatə etdiyi dövr onun rəhbərliyindən əvvəlki vaxta aid olsa da, o, öhdəlikdən yayınmır, borcunu qəbul edir və hissə-hissə ödəyir: "116 nəfər daimi və mindən çox mövsümi işçinin çalışdığı müəssisənin bağlanması həm iqtisadi, həm də sosial fəsadlara yol aça bilər. Baş direktor məsuliyyətli yanaşma nümayiş etdirir, sosial və iqtisadi nəticələri nəzərə alıb müəssisənin fəaliyyətini dayandırmamaqdan ötrü bütün gücü ilə çalışır. Onun ölkədən çıxışına qadağa qoyulması müəssisənin fəaliyyətinə ciddi zərbə vuracaq, həm vergi ödənişlərinin gecikməsi, həm də xarici bazarların tam itirilməsi ilə nəticələnəcək".

Apellyasiya məhkəməsi noyabrın sonunda "AzNar" baş direktorunun şikayətinə müsbət cavab verərək ölkədən çıxışına qadağa qoyulması barədə qərarı ləğv edib.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Ədliyyə Nazirliyi kimi qurumlarda çalışmış B.Abbasovun ölkədən çıxışına qadağa qoyulandan bir müddət sonra – 2025-ci ilin oktyabrında onun "AzNar"dakı baş direktor vəzifəsi Natiq Hüseynova həvalə edilib.

Təxminən iki ay öncə "AzNar" QSC başqa bir problemlə üzləşmişdi. Göyçay rayon Məhkəməsinin qərarı əsasında icra məmurları zavodu bağlayıb, istehsal avadanlıqlarını möhürləyib, əmlakın da üzərinə həbs qoymuşdu. Nəticədə "AzNar" QSC-yə məxsus zavod nar yığımı vaxtı bir aydan çox işləyə bilməmişdi. Şirkətin şikayəti əsasında bugünlərdə Şəki Apellyasiya Məhkəməsi "AzNar"ın əmlakları üzərindən həbsi götürüb.

Xatırlatma

1955-ci ildə Göyçayda doğulmuş Fərhad Əhmədov 1971-ci ildən Rusiyada yaşayır. İşadamının Azərbaycanda da bir neçə müəssisəsi var. O, 2009-cu ildən Teymur Əhmədov adına "AzNar" QSC-nin səhmdarı və Direktorlar Şurasının rəhbəridir.

Rusiya Ukraynaya savaş açdığından F.Əhmədov ABŞ, Böyük Britaniya və Avropa İttifaqının (Aİ-nin) sanksiyalarına məruz qalıb. Ötən il milyarder Lüksemburqda Aİ Şurasına qarşı məhkəmə iddiasını udub və məhkəmə işadamına qarşı sanksiyaların ləğvinə qərar verib.

Böyük Britaniya 2025-ci ilin aprelində rusiyalı milyarderi sanksiya siyahısından çıxarıb.

"Forbes" jurnalı bu il Əhmədovun sərvətini 1.6 milyard dollar həcmində dəyərləndirib.