
Milan Qış Olimpiya Oyunlarının büdcəsi 1,9 milyard dollara yüksəlib
14 Aprel 2025
2026-cı ildə İtaliyanın Milan şəhərində təşkil olunacaq Qış Olimpiya Oyunlarının büdcəsi 1,9 milyard dollara yüksəlib.
Bu barədə yarışın Təşkilat Komitəsi məlumat yayıb.
Büdcə daha əvvəl açıqlanan rəqəmlə müqayisədə 112 milyon dollar artıb. Ancaq büdcəyə Kortina Dampezzoda bobsley trası (131 milyon dollar) və Milanda yeni hokkey arenası (300 milyon dollar) kimi obyektlərin, həmçinin avtomobil və dəmir yollarının tikintisi üçün vəsait nəzərdə tutulmayıb.
İtaliya hökuməti infrastrukturun yaradılması üçün əlavə 1 milyard dollar ayıracaq.
Qeyd edək ki, 2022-ci ildə baş tutan Pekin Qış Olimpiadasının büdcəsi 4 milyard dollar olub.