Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Meymun çiçəyi” virusu nədir – Yeddi suala cavab

Dünya koronavirus epidemiyasından qurtulmamış, yeni xəstəliklə qarşılaşıb. ABŞ, Kanada, Avstraliyada və Avropa ölkələrində “meymun çiçəyi”nə yoluxma hadisələri araşdırılır.

Artıq bir çox ölkələr bu xəstəliyə qarşı vaksin ehtiyatı hazırlayır. KİV-in “meymun çiçəyi” barəsində həyəcanlı xəbərlər yayması, koronavirus təcrübəsindən dərs alan hökumətlərin isə sürətlə ehtiyat tədbirləri görməsi insanlar arasında təşvişə səbəb olub. 

Bəs bu xəstəlik nə dərəcədə təhlükəlidir? Xəstəlik hansı sürətlə yayıla bilər? Bizi qarşıda gözləyən təhlükə realdırmı?

“Meymun çiçəyi” nə qədər yolxucudur?

“Meymun çiçəyi” infeksiyası təbii çiçək xəstəliyi ilə eyni ailəyə mənsub viruslara aid olsa da, o qədər aqressiv deyil və mütəxəssislər ona yoluxma ehtimalının aşağı olduğunu hesab edirlər.

Bu infeksiyanın mənbəyi əsasən mərkəzi və qərbi Afrika ölkələrinin ucqar hissələrində, tropik rütubətli meşələrinin yaxınlığında yerləşir.

Virusun iki əsas növü var - Qərbi Afrika və Mərkəzi Afrika.

Simptomlar hansılardır?

İlkin simptomlara qızdırma, baş ağrısı, şişkinlik, bel ağrısı, əzələ ağrısı və ümumi halsızlıq daxildir.

Qızdırma keçdikdən sonra səpgilər əmələ gələ bilər. Onlar adətən üzdən başlayır və sonra bədənin digər hissələrinə, daha çox ovuclara və ayaqların altına yayılır.

Kəskin qaşıntıya səbəb olan səpgilər müxtəlif mərhələlərdən keçir və qabıq qoyandan sonra azala bilər. Onlar həmçinin dəridə izlər buraxa bilər.

Adətən 14-21 gün davam edən xəstəlik öz-özünə səngiyir.

Virusa necə yoluxa bilərsiniz?

Meymun çiçəyi virusu ona yoluxan şəxslə yaxın təmasda olanlara ötürülür. Virus bədənə dəri sıyrıqları, tənəffüs yolları, göz, burun və ya ağız vasitəsilə yol tapa bilər.

Virus cinsi yolla yayılan infeksiya kimi təsvir edilməyib, lakin o, cinsi əlaqə zamanı birbaşa təmas vaxtı ötürülə bilər.

O, həmçinin meymun, siçovul və dələ kimi yoluxmuş heyvanlar, yataq dəsti və paltar kimi əşyalar vasitəsilə də yayıla bilər.

Nə qədər təhlükəlidir?

Yoluxanların əksəriyyəti xəstəliyi mülayim formada keçirir, bəzən su çiçəyi xəstəliyinə bənzəyir və bir neçə həftə ərzində öz-özünə yox olur.

“Meymun çiçəyi” bəzən daha kəskin keçə bilər və onun Qərbi Afrikada ölümlərə səbəb olduğu qeyd edilir.

Epidemiyalar nə qədər yayğındır?

Virus ilk dəfə meymunda aşkar edilib və 1970-ci ildən bəri 10 Afrika ölkəsində sporadik epidemiyalar qeydə alınıb.

Afrikadan kənarda xəstəliyin ilk yayılması halı 2003-cü ildə ABŞ-da qeydə alınıb. O vaxt virus xırda məməlilərdən yoluxan çöl itləri ilə yaxın təmas vasitəsilə yayılıb.

Qeydə alınan 81 hadisə nəticəsində ölən olmayıb.

İndiyədək məlum olan ən böyük epidemiya 2017-ci ildə Nigeriyada baş verib. Burada 172 şübhəli hadisə olub. Yoluxanların 75 faizi 21-40 yaş arası kişilər olub.

Müalicəsi nədir?

“Meymun çiçəyi”nin müalicəsi yoxdur, lakin infeksiyanın qarşısının alınması ilə onun yayılmasına nəzarət etmək olar.

Bu infeksiyaya qarşı təbii çiçək peyvəndinin 85 faiz təsirli olduğu təsdiqlənib.

Böyük Britaniya çiçək xəstəliyinə qarşı peyvəndin dozasını alıb, lakin neçə doza vurula biləcəyi bəlli deyil.

İspaniyanın minlərlə vaksin dozası sifariş etməyə hazırlaşdığı bildirilir.

İctimaiyyət narahat olmalıdırmı?

Bu suala Britaniyadakı Nottinqem Universitetinin molekulyar virusologiya professoru cavab verib.

"Meymun çiçəyi”nə yoluxmuş ilk pasiyentin 50-dək təmaslarından yalnız birinin yoluxması infeksiyanın nə qədər zəif yoluxdurucu olduğunu göstərir", - Conatan Ball deyib.

"Ümummilli epidemiyanın astanasında olduğumuzu düşünmək yanlışdır", - professor əlavə edib.

İngiltərənin İctimai Səhiyyə qurumu tövsiyə və nəzarət məqsədi üçün xəstələrlə yaxın təmasda olanlara dair monitorinq aparır.

Mənbə: İngiltərənin İctimai Səhiyyə qurumu və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST).