Messi dünya çempionatlarında üç rekorda imza atıb
04 İyul 2026
Argentina millisinin hücumçusu Lionel Messi futbol üzrə dünya çempionatlarında üç tarixi rekorda imza atıb.
39 yaşlı oyunçu DÇ-2026-nın 1/16 final mərhələsində Kabo-Verde yığmasına qarşı oyunda fərqlənərək mundiallardakı qol sayını 20-yə çatdırıb.
Bununla da o, turnir tarixinin ən məhsuldar futbolçusu kimi öz rekordunu yeniləyib. Siyahıda ikinci pillədə qərarlaşan Fransa millisinin hücumçusu Kilian Mbappenin hesabında isə 18 qol var.
Messi eyni zamanda mundiallar tarixində ardıcıl səkkiz oyunda qol vuran ilk futbolçu olub. Onun məhsuldarlıq seriyası 2022-ci il dünya çempionatının 1/8 final mərhələsindən başlayır. Argentinalı hücumçu bu müddətdə ümumilikdə 12 dəfə rəqib qapılarına yol tapıb.
Təcrübəli futbolçu daha bir tarixi göstəriciyə də imza atıb. O, Kabo-Verde ilə qarşılaşmaya start heyətində çıxmaqla dünya çempionatları tarixində 30 oyun həddini keçən ilk futbolçu olub. Bu göstəricidə ikinci yerdə Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu qərarlaşıb. Onun aktivində 26 mundial oyunu var.
Qeyd edək ki, Lionel Messi 2023-cü ildən ABŞ-nin "İnter Mayami" klubunda çıxış edir. O, daha əvvəl İspaniyanın "Barselona" və Fransanın PSJ klublarının formasını geyinib. Messi Argentina millisinin heyətində 2022-ci ildə dünya çempionu, 2014-cü ildə dünya çempionatının gümüş mükafatçısı, 2008-ci il Olimpiya Oyunlarının qalibi, həmçinin 2021 və 2024-cü illərdə Amerika Kubokunun qalibi olub. O, həmçinin "Qızıl top" mükafatını rekord sayda – səkkiz dəfə qazanıb.
Xatırladaq ki, ABŞ, Kanada və Meksikada təşkil olunan futbol üzrə dünya çempionatı iyulun 19-da başa çatacaq.