Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Mənim ukraynalılardan üzr istəməyə mənəvi haqqım yoxdur”. Ukraynada vuruşmaq istəməyən rusiyalı zabitin hekayəsi


Rusiya ordusunun keçmiş zabiti iddia edir ki, əsir düşmüş ukraynalı hərbçiləri çox sərt üsullarla dindiriblər, onlara atəş açıblar, zorlamayla hədələyiblər.





Konstantin Yefremov bu barədə publik danışmağa razılıq vermiş ən yüksək rütbəli zabitdir. Yefremov BBC-yə müsahibəsində bildirib ki, indi Rusiyada onu satqın və fərari hesab edirlər.





Keçmiş abitin sözlərinə görə, Ukraynanın cənubundakı yaşayış məskənlərindən birində "dindirmələr və işgəncələr bir həftə davam edib. Ya gündüz, ya da gecə, bəzən gündə iki dəfə".





Yefremov dəfələrlə ordudan öz ərizəsiylə ayrılmağa cəhd etsə də, onu əmrlə işdən çıxarıblar. Sonra o, Rusiyadan qaçıb.








Konstantin Ukraynada. Mart 2022








BBC Yefremovun təqdim etdiyi fotoşəkillər və hərbi sənədlər vasitəsilə müharibənin əvvəlində onun həqiqətən də Ukraynanın Zaporojye vilayətində, o cümlədən, Melitopol şəhərində olduğunu dəqiqləşdirə bilib. Keçmiş zabit iddia edir ki, ukraynalı hərbçiləri çox sərt üsullarla dindiriblər, onlara atəş açıblar, zorlamayla hədələyiblər.





Məqalədə işgəncələrin detallı təsviri var.





Kompüterin ekranı “göz vurub” videozəngdən xəbər verir .





Sonra görüntü yaranır. Otaq. Kresloda oturmuş adam. Danışmaq istədiyi şeylər var.





Çeçenistanda yerləşən 42-ci motoatıcı diviziyanın minalardan təmizləmə taqımının komandiri, keçən il Ukraynaya göndərilmiş baş leytenant Konstantin Yefremov orda şahidi olduğu cinayətləri mənə deməyə razılaşıb.





"Təlimlərə baş leytenant rütbəsiylə göndərilmişdim. Hamımız orda sadəcə təlim olacağını düşünürdük. 2022-ci ilin fevral ayının 10-da Krımdakı poliqona gedib çatdım. Heç kim inanmırdı ki, müharibə olacaq. Hamı təlim olacağına inanırdı. Əminəm ki, heç yüksək rütbəli zabitlər də bilmirdilər”.





Müharibənin başlaması




"Cankoydaydık. Krımın şimalında, Ukraynayla sərhəddə yerləşir. Fevralın 24-də səhər tezdən artilleriya silahlarının gurultusu eşidildi. Heç bir şübhə qalmadı: müharibə başlamışdı”.





Konstantin hərbi texnikanın üstünə ağ boyayla “Z” hərfi yazdıqlarını, tanınma nişanı kimi ayaqlarına və qollarına yapışqanlı lent bağladıqlarını xatırlayır. Cəmi bir neçə günə “Z” hərfi Kremlin xüsusi hərbi əməliyyat adlandırdığı prosesin simvoluna çevrilib.





Müharibədə iştirak etmək istəmədiyini Konstantin elə ilk günlərdən anlayıb.





"İstehfa vermək qərarına gəldim. Komandirimə yaxınlaşıb öz mövqeyimi izah etdim. O məni daha yüksək rütbəli komandirin - diviziyanın qərargah rəisinin yanına apardı. Qərargah rəisi məni danladı, satqın, xain, qorxaq dedi. Ayağıma atəş açacağını dedi".





"Dediklərinə axıra qədər qulaq asdım, sonra çevrilib otaqdan çıxdım. Silahımı komandirimə verdim və taksiyə minib getdim. Qərara gəldim ki, ... Qroznıda yerləşən bölməyə gedib ərizə yazıb istefa verim, işdən azad olunmağımla bağlı prosedur başlasın. Amma hələ çox uzaqlaşmamış yoldaşlarım zəng vurub bildirdilər ki, polkovnik bütün şəxsi heyəti sıraya düzüb, hərbi hissəni tərk etdiyimi elan edib, məni fərariliyə görə 7-10 illik türməyə göndərəcəyini, mənim haqqımda polisə məlumat verdiyini deyib.










Konstantin Yefremov BBC-yə hərbi biletini göstərib





Konstantin Yefremov BBC-yə hərbi biletini göstərib




Konstantin hərbi vəkilə zəng edib, o məsləhət görüb ki, geri qayıdıb ərizəni ordakı komandirinə versin.





"İndi başa düşürəm ki, onda hər şeyə tüpürüb getməliydim. Amma elə vəziyyətdəydim ki, qərar qəbul etməyə çətinlik çəkirdim. Vəziyyət anlaşılmaz və qorxuluydu... Düşünürdüm ki, başqalarının gözü qorxutmaq üçün məni ağır cəzalandıra bilərlər".





Konstantin Cankoya qayıdıb və öz istəyilə ordudan istefa verməsi haqda ərizə yazıb. Amma komandirlər ərizəni qəbul etməyiblər.





Keşmiş zabit hələ də müharibəyə qarşıdır. O məni əmin edir ki, Krımın ilhaqında iştirak etməyib, Ukraynanın şərqində döyüşməyib. 2014-cü ildə Rusiya təkcə yerli separatçılara dəstək verməkdə yox, həm də ora öz ordusunu göndərməkdə ittiham olunurdu. Konstantin həmçinin Rusiyanın Suriyadakı hərbi əməliyyatlarında da iştirak etmədiyini deyir.





"Bu müharibədən əvvəl mən üç il Çeçenistanın iki dəfə müharibə görmüş torpaqlarının minalardan təmizlənməsiylə məşğul olmuşam. İşimi sevirdim, faydalı olduğuma inanırdım".





Əmr: “Ukraynaya!”




Konstantin yığma batalyonun atıcı taqımına müvəqqəti olaraq komandir təyin edilib. Fevralın 27-də ona bölməsiylə birlikdə Ukraynaya doğru irəliləmək əmr edilib.





“Maşınlara mindik və kolonla sərhədə doğru irəlilədik, ordan Ukrayna ərazisinə keçib dayanmadan Melitopola doğru hərəkət etdik”.





Bu şəhərə çatandan sonrakı 10 günü onlar Rusiya qoşunlarının ələ keçirdiyi hərbi aerodromda keçiriblər.





"Orda ilk qarətləri gördüm. Əsgərlər və zabitlər hər şeyi daşıyıb aparırdılar. Təyyarələri, yardımçı tikililəri necə ələk-vələk etdiklərini gördüm. Hərbçilərdən biri hardansa bir otbiçən dartıb gətirdi, fəxrlə dedi ki, “Aparacam evə, kazarmanın yanındakı otları biçərik”. Lazımlı-lazımsız hər şeyi - vedrələri, baltaları, velosipedləri daşıyıb öz “Kamaz”larına yığırdılar”.





Konstantin Melitopol aerodromunda çəkdiyi iki fotoşəkli bizə göndərib. Birində nəqliyyat təyyarəsi görünür, digərində yanan bina. Bu və onun göndərdiyi digər fotoşəkillər və sənədlər bizə Konstantinin şəxsiyyətini, rütbəsini və 2022-ci ilin yazında Ukrayna ərazisindəki yerdəyişmələrini yoxlamaq imkan verib. Onlayn xəritələr vasitəsilə Melitopol aerodromundan çəkilmiş fotoşəkillərin həqiqiliyini təsdiqləmək mümkün olub. Yerli sakinlərin BBC-yə dediyinə görə, ikinci şəkildə görünən yer Zaporojye vilayətindəki kəndlərdən biridir. Konstantin də bizə həmin vilayətdə xidmət etdiyini bildirib.





O və tabeliyindəki səkkiz əsgər təxminən ay yarım Zaporojye vilayətində artilleriya bölməsini mühafizə ediblər.





"Bütün bu müddət ərzində küçədə yatdıq. Acından ölürdük; dovşan, qırqovul ovlayırdıq. Suya qənaət edirdik. Çox çətin vəziyyətdəydik. Böyük bir malikanəyə rast gəldiyimiz günü xatırlayıram... Bir nəfər çıxdı, bu evdə yaşadıqlarını, Mozdokun 100-cü briqadasının döyüşçüləri olduqlarını dedi ... Çox varlı bir adamın evi olduğu bəlliydi... Bahalı traktorlar… İçində yapon sazanları üzən göl…”





Dindirmələr




Aprel ayında Konstantinin bölməsinə Zaporojye vilayətinin Bilmak (Kamenka) şəhərində “arxa cəbhə qərargahının” mühafizəsi həvalə edilib. Əsir götürülən ukraynalıları polkovnik rütbəli biri dindirib.





"Bir gün ora üç ukraynalı hərbi əsir gətirildi. Onlardan biri snayper olduğunu etiraf etdi. Bunu eşidəndə polkovnikin gözləri parıldadı. Onu döydü, şalvarını aşağı saldı, soruşdu ki, evlisən? Hərbçi “hə” dedi. Polkovnik dedi, “döşəmə ağacını gətirin, indi biz səndən qız düzəldərik, videonu da arvadına göndərərik”.





Kreml rusiyalıları inandırmaq istəyir ki, Ukraynada faşistlərlə, neonasistlərlə və ultramillətçilərlə mübarizə aparır. Bu hekayə ukraynalıları Rusiya ictimaiyyətinin və hərbçilərinin gözündən salmaq üçündür.





"Bir dəfə polkovnik əsirlərdən birinə dedi ki, öz alayındakı millətçilərin adlarını de. Amma oğlan sualı başa düşmədi, cavab verdi ki, biz Ukrayna Silahlı Qüvvələrinin dəniz piyadalarıyıq. Buna görə polkovnik onu döydü, bir neçə dişini sındırdı”.





“Gözləri bağlı olan əsirlərdən birinin başına silah dayayıb dedi ki, üçə qədər sayıb vuracam. Saydı, sonra da əvvəl bir, sonra o biri qulağının dibindən kənara atəş açdı. Səsdən oğlanın qulaqları tutulmuşdu deyə polkovnikin suallarını eşitmirdi, o isə döyüşçünün cavab verməməsinə hirslənib qışqırmağa başladı. Dedim, yoldaş polkovnik, o sizi eşitmir, cavab verdi ki, yox, aldadır. Bu dindirmələr, işgəncələr bir həftə davam etdi - hər gün, ya da hər gecə. Bəzən bir gündə iki dəfə də gətirirdilər”.”










Konstantin Yefremovun bizimlə paylaşdığı daha bir foto





Konstantin Yefremovun bizimlə paylaşdığı daha bir foto




Konstantinin sözlərinə görə, ukraynalı məhbuslara Bilmakda - şəkildəki binalarda işgəncə veriblər. Yerli sakinlər fotonun həqiqətən də Bilmakda çəkildiyini təsdiqləyiblər





“Əsirləri qarajda saxlayırdılar. Polkovnik onlara normal yemək verməyi qadağan etmişdi, əmr vermişdi ki, ancaq su və çörək verilsin. Uaqlardan xahiş etdim ki, gəlin onlara saman verək, torpağın üstündə yatmasınlar. Heç kim görməsin deyə bunu gecə etdik. Onlara isti çay, siqaret də verməyə çalışırdıq”.





"Bir dəfə polkovnik gülləylə əsirlərdən birinin qolundan və ayağından vurdu, ayağının sümüyü sındı. Mənim əsgərlərim ona kömək edib qaraja apardılar. Polkovnik dəlibaş olduğu üçün ona yox, zabitlərə yaxınlaşdım, dedim, yaralını xəstəxanaya aparmalıyıq, yoxsa səhərə qədər qanaxmadan öləcək. Cavab verdilər ki, ölməz, səhər apararsan".





“Ona Rusiyanın hərbi formasını geyindirib xəstəxanaya apardıq. Dedim ki, ukraynalı əsir olduğunu demə, yoxsa ya həkimlər sənə yardım etmək istəməyəcək, ya da yaralılardan biri elə ordaca səni güllələyəcək. Biz onların qabağını ala bilmərik”.





BMT-nin İnsan Haqları Ofisi Ukraynada hərbi əsirlərlə pis rəftar hallarını sənədləşdirib. BMT nümayəndələri həm ukraynalı, həm də rusiyalı 400-dən çox məhbusdan müsahibə götürüblər.





“Təəssüf ki, biz hər iki tərəfdə hərbi əsirlərə qarşı işgəncə və pis rəftar hallarına rast gəldik” - qurumun Ukraynadakı monitorinq qrupunun rəhbəri Matilda Boqner belə deyir.





BBC Konstantin Yefremovun iddialarının bütün detallarını dəqiqləşdirə bilməyib, amma onun dedikləri ukraynalı məhbuslara zorakılığa dair digər iddialarla üst-üstə düşür.





Rusiya Müdafiə Nazirliyi Konstantin Yefremovun iddialarıyla bağlı BBC-nin sorğusuna cavab verməyib.





Gediş




Bir neçə həftə sonra - yenidən Krımda olanda Konstantin özünün minatəmizləmə taqımına qatılıb.





"Altı nəfər və mən ordudan ayrılmaq qərarına gəldik. Dislokasiya yerimizdən - meşədən çıxıb birbaşa Cankoya getdik. Orda ayrıldıq. Vladiqafqazdakı dostum dalımca gəlib məni apardı”.





“Mayın 27-də Qroznıdakı - Xanqaladakı hərbi hissəmə gəldim və raport yazdım... Məni dilə tutmağa başladılar. Ukraynada bir gün də olmamış zabitlər mənə qorxaq və satqın dedilər. Öz istəyimlə təxris olunmağa imkan vermədilər, “tutduğu vəzifəyə uyğun gəlmədiyi üçün” maddəsiylə çıxardılar”.










Konstantin Yefremovun hərbi formada son fotolarından biri. Çeçenistan, iyun 2022-ci il





Konstantin Yefremovun hərbi formada son fotolarından biri. Çeçenistan, iyun 2022-ci il




“10 illik xidmətdən sonra məni xəyanətdə, fərarilikdə günahlandırdılar - sadəcə insanları öldürmək istəmədiyimə görə. Amma artıq azad bir adam olduğuma sevinirəm; nə kimisə öldürmək lazımdır, nə də özüm həlak olmacam”.










Konstantin Yefremov BBC-yə Rusiya ordusundan qovulmasıyla bağlı rəsmi məktub təqdim edib





Konstantin Yefremov BBC-yə Rusiya ordusundan qovulmasıyla bağlı rəsmi məktub təqdim edib




Onda Konstantin ordudan gedə bilib. Amma bu o demək deyildi ki, artıq onu müharibəyə qaytara bilməzlər.





Prezident Putinin 2022-ci ilin sentyabrında elan etdiyi “qismən səfərbərlik”dən sonra yüz minlərlə Rusiya vətəndaşı orduya çağırılaraq Ukraynayda vuruşmağa göndərilib.





"Başa düşürdüm ki, məni rahat buraxmayacaqlar. Hamını ucdantutma aparırlarsa, artıq orda olmuş zabiti qətiyyən rahat buraxmazlar".





"Hərbi Komissarlığın əməkdaşları gəlib evimin yanında növbə çəkirdilər. Kirayə ev tutub orda gizləndim. “Cadugər ovu” başladığı üçün qonşulardan da gizlənirdim. Onların ərini, oğlunu, qardaşını aparmışdılar və gözlərinin qabağında ora-bura gedən bir gənci görəcəkdilər. Bəzi yerlərdə mənim kimiləri tutdurmaq üçün qonşuların polis çağırmağından xəbərim vardı. Mən küncə sıxışdırılmış it kimi gizlənmək istəmirdim".





Konstantin “Gulagu.net” hüquq-müdafiə qrupuyla əlaqə saxlayıb və onların köməyilə Rusiyanı tərk edib.





Konstantindən Vladimir Putinin Ukraynaya hücum qərarını dəstəkləyən rusiyalılar haqqında nə düşündüyünü soruşdum.





"Mən onların başının içində nələr baş verdiyini bilmirəm. Axmaq yerinə qoyulmalarına necə icazə verə bilirlər axı? Bazara gedəndə ya pulda, ya da çəkidə aldadılacaqlarını bilirlər. Ərlər arvadlarına, arvadlar ərlərinə inanmırlar. 20 ildir onları aldadan adamın sözünə görə öldürməyə və ölməyə hazırdırlar. Mən belə bacarmıram”.





"Əlimdə silahla, çağırılmamış qonaq kimi onların evinə getdiyim üçün bütün Ukrayna xalqından üzr istəyirəm. Allaha şükür edirəm ki, orda heç kimə zərər vurmadım, heç kəsi həyatından məhrum etmədim. Allaha şükür edirəm ki, özümə də ziyan dəymədi. Ukraynalılardan üzr istəməyə mənim heç mənəvi haqqım da yoxdur. Mən heç özüm üçün də üzr istəyə bilmirəm və məni bağışlayacaqlarını da gözləmirəm. Mən heç vaxt belə dəlilikdə iştirak etmək istəməmişəm və bundan sonra da iştirak etməyəcəm".


Steve Rosenberg


BBC